Bu il qrip xəstələrinin sayı azalıb


Həkim-terapevt də kəskin respirator xəstəliklərdə səngimə olduğunu təsdiqlədi

Ötən illə müqayisədə bu il ölkəmizdə qripə yoluxma hallarının sayı azalıb.
Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib. Onun dediyinə görə, ötən il qripə yoluxma halları daha çox müşahidə olunurdusa, bu ilin beş ayı ərzində cəmi 113 nəfərdə qrip virusu qeydə alınıb: ”Keçən ilin qış aylarında mövsümlə əlaqədar kəskin respirator virus infeksiyalarının artımı müşahidə olunurdu. Hətta bu ilin beş ayının göstəricilərini keçən ilin müvafiq dövrü ilə müqayisə edəndə 3,4 faiz azalma olduğu məlum olur. Apreldən başlayaraq isə ölkəmizdə qripə yoluxma halları qeydə alınmayıb”.

Həkim-terapevt Şahvələd Məmmədov «Şərq»ə açıqlamasında bu ilin mart ayından etibarən qrip virusunun - kəskin respirator xəstəliklərdə səngimə olduğunu təsdiqlədi:

- Biz özümüz də çağırışların mahiyyətindən artıq görürdük ki, qripə yoluxma halları azalmaq üzrədir. Yaz aylarında kəskin virus infeksiyaları azalır. Bu ilin yaz aylarında ən çox rast gəlinən səpkili infeksiyalar oldu. Su çiçəyi və qızılca kimi. 20-40 yaş arası böyüklərdə və uşaqlarda bu infeksiyalar çox müşahidə edildi. 

Kəskin respirator xəstəliklərin niyə məhz payız-qış aylarında artmasına gəlincə, Ş.Məmmədov bunun iqlim anomaliyalarının doğurduğu  immun zəifliyi ilə əlaqəli olduğunu dedi:

- Bizim əhalidə belə bir deyim var ki, qar yağsaydı, xəstəliklər azalardı, mikroblar ölərdi və sairə. Amma bu el deyimi 21-ci əsrdə artıq məna yükünü itirməkdədi. Çünki dünyada qlobal iqlim dəyişiklikləri baş verir və Azərbaycan da dünyanın bir parçası kimi bunu iqlim şərtlərində hiss edir. Son illər mövsümlərdəki iqlim dəyişikliyinə  baxın, aprelin sonlarına kimi isti geyimləri əynimizdən çıxarmadıq. İyun ayında anomal istilər oldu. Şaxta qış fəsillərində olmadı, payızda, yazda oldu. Bu cür anomal iqlim dəyişiklikləri immunitet zəifliyinə səbəb olur və nəticədə virus infeksiyaları şiddətlənir. Kəskin respirator xəstəliklərin əsas səbəbi iqlim dəyişikliyi və immunitet çatışmazlığıdır.



Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu