Azərbaycanın dünyada enerji nüfuzu artır



TANAP və TAP boru kəməri Avropanın Cənub-Şərqini enerji ilə təchiz edəcək
“Azərbaycan TANAP vasitəsi ilə Avropaya qaz ixracına başlayıb”.
Bunu “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, TAP boru kəməri bir ildən sonra tam gücü ilə işləyəcək: “Rusiyanın Cənub-Şərqi Avropaya qaz ixrac imkanları sıfıra endirilir. Avropanın şimal hissəsi Rusiyanın əsas təsirindən xilas edilsə, Avropa Rusiyanın qarşısında daha da güclü mövqeyə sahib çıxacaq. Cənubi Qafqazda əsas geosiyasi iştirakını genişləndirəcək. Azərbaycanın bu geosiyasi və geoiqtisadi sferada yeri olduqca xüsusi əhəmiyyət kəsb edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi çəkiyə sahib olacaq. O zaman Avropa İttifaqı Azərbaycanı öz tərkibində görmək istəyəcək. Mərkəzi Asiya da bu layihədə yer ala biləcək”. Analitikə görə, ölkəmiz Avropa İttifaqı ilə çərçivə sazişini tez zamanda bağlamalı və ABŞ və Avropanın tam dəstəyinə arxalanmalıdır: “Qarabağda hərbi əməliyyatlara başlasaq, boru kəmərlərinin təhlükəsizliyinin təminində ABŞ və Qərbin sanksiyalarından qorunacağıq. Avropada və regionda gedən geosiyasi prosesi Amerika aparır və yaxın perspektivdə buna nail olacaq. Rəsmi Bakı davam edən proseslərdə manipulyativ siyasətdən çəkinməlidir”. 


Siyasi şərhçinin fikrincə, Almaniya və Fransa Rusiya ilə iqtisadi və enerji əməkdaşlığında maraqlıdır: “Baxmayaraq ki, Kremlin əsas strategiyası Avropanın nizami quruluşunu dağıtmaq və özündən asılı salmaqdır. Məhz Rusiyanın "Şimal-2" qaz kəmərinin əsas təyinatı Avropanı enerji aslılığına gətirməkdir. Amerikanın hədələyici sanksiyalarına rəğmən Almaniya bu layihədə daha çox fəallıq göstərir. Rusiya “Şimal-2” axını qaz kəmərini işə saldıqdan, iki ildən sonra Avropanın enerji sisteminin 40 faizinə nəzarət edəcək. Bu, o deməkdir ki, İttifaqın 40 faizin idarə olunması Putinin sərəncamında olacaq. ABŞ çevik şəkildə bu layihənin qarşısnı almasa, Moskva Ukraynadan keçən qaz kəmərindən tadarükü dayandıracaq və daha da aqressiv siyasət sərgiləyəcək”.M.Əsədullazadə vurğulayıb ki, Avropanın enerji diversifikasiyasının bir hissəsi olan “Cənubi Qaz Dəhlizi” və onun əsas seqmentləri olan TANAP və TAP boru kəməri Avropanın Cənub-Şərqini enerji ilə təchiz edəcək: “Bu gün Azərbaycanın qitənin enerji siyasətində mühüm rol alması təbii ki, Moskvada narahatlıqla qarşılanır. Məhz Amerika bu layihəyə üstünlük verməklə, "TransXəzər" boru kəmərinin də çəkilməsində maraqlıdır. Bu da Mərkəzi Asiyanın mavi yanacağının Avropanın enerji təminatında mühüm amil olması deməkdir. Rusiyanın Avropanın enerji bazarında rolu minimuma enəcək. Əgər Avropa Rusiyanın mavi yanacağına üstünlük verib, digər alternativlərə tam dəstək verməsə, daim Rusiyanın siyasi və iqtisadi şantajı ilə üzləşəcək.
Amma Azərbaycanın da yer aldığı TANAP-ın genişlənməsinə və "TransXəzər" boru kəmərinə dəstək verəcəksə, Avropanın həm siyasi, həm də iqtisadi arealı genişlənəcək”.


Paylaş
Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu