"İdman jurnalistikasında problemlər var”



Problemlər olsa da medianın bu qolunda tərəqqinin olduğu  danılmazdır
Aydın Bağırov: "Azərbaycandakı idman jurnalistikasını nəhəng Rusiya mediası ilə müqayisə etmək doğru olmaz. Amma region ölkələrindən, xüsusən Gürcüstan və Ermənistandan xeyli öndəyik"

1924-cü il iyulun 2-də Paris Yay Olimpiya Oyunları zamanı Beynəlxalq İdman Mətbuatı Assosiasiyası təsis olunub. 29 milli assosiasiyanın iştirakı ilə qurumun ilk konqresi keçirilib. Ona görə də hər il iyulun 2-si dünyada İdman Jurnalistikası Günü kimi qeyd olunur. Hazırda Assosiasiyanın 4 kontinental qurumunda 130-dan çox dövlətin milli idman mediası birləşib. 2 iyul günü idman jurnalistlərinin milli assosiasiyaları təntənəli yığıncaqlar keçirirlər. Eyni zamanda idman sahəsində kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinə mükafatlar təqdim edilir. Məlumat üçün bildirək ki, 2014-cü il aprelin 27-dən mayın 1-dək Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi keçirilib. Bakı konqresi təşkilatın 90 illik yubileyi ilə eyni vaxta təsadüf edib. Yəni beynəlxalq təşkilatın yubiley mərasimi konqres çərçivəsində paytaxtımızda təşkil olunub. Ümumiyyətlə, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası qurumun fəal üzvlərindəndir. 2 iyul təkcə Azərbaycan yox, bütün dünya idman jurnalistləri üçün rəmzi bir gündür. Ancaq bizdə idman jurnalistlərinin bu əlamətdar günü onların peşə bayramı şəklində qeyd edilmir. 
Azərbaycanın idman mediasında jurnalistikamızın digər sahələrində olduğu kimi problemlər olsa da, ümumən bu sahədə vəziyyətin qənaətbəxş olduğu söylənilir. İdman jurnalistikasında kifayət qədər peşəkarların çalışdığı da vurğulanır. Müəyyən mənada idman jurnalistikasının cəlbediciliyi də var. Ən azından beynəlxalq idman jurnalistləri günündə ölkəmizdə idman yazarlarının yada salınması müsbət haldır. Azərbaycanda idman jurnalistikasının durumunu dəyərləndirən ekspertlərin fikrincə, bu sahənin inkişafı ölkədə müxtəlif idman sahələrinin populyarlıq qazanması ilə bağlıdır. Yəni idmanın tərəqqisi paralel olaraq idman jurnalistikasının da dirçəlməsinə gətirib çıxarır. Əgər Azərbaycan idmanı inkişaf etməzsə, idman mediası da genişlənə bilməz. İndiyə qədər ölkəmizdə keçirilən beynəlxalq idman turnirlərinin, o cümlədən Avropa və İslam Oyunlarının operativ şəkildə tamaşaçıların və oxucuların nəzərinə çatdırılmasında idman jurnalistlərinin böyük əməyi olub. Bir məqamı da xatırladaq ki, internet saytları meydana çıxana qədər Azərbaycanda 11 idman qəzeti fəaliyyət göstərib. Həmin mətbu orqanlarda Azərbaycan və rus dillərində yazan bir neçə peşəkar idman jurnalistləri çalışıb. Vaxtı ilə çox populyar olan nəşrlərin bir çoxu maddi çatışmazlıq üzündən öz çapını dayandırmaq məcburiyyətində qalıb. Mətbuatın önəmli qollarından sayılan idman jurnalistikası ayrı-ayrı ölkələrdə xüsusi sahə kimi inkişaf yolunu tutub. Azərbaycanda hələlik bununla bağlı müəyyən problemlər qalmaqdadır. Lakin müəyyən çatışmazlıqlara rəğmən son dövrlər Azərbaycan idman mətbuatında tərəqqi hiss olunmaqdadır. İdmanla bağlı xüsusi qəzetlər, jurnallar, portallar və TV-lər fəaliyyət göstərir. İdman jurnalistikası da ayrıca ixtisas kimi tədris olunur. Yəni əhalinin sayına və idmanın səviyyəsinə görə kifayət qədər idman mətbuatı nəşr olunur. Hətta bəzi ekspertlərin fikrincə, digər jurnalistika sahələri ilə müqayisədə idman jurnalistikası xeyli öndədir. 
Azərbaycanda idman jurnalistikasının fəaliyyəti və mövcud durumu ilə bağlı “Şərq”ə danışan “Qol.az” saytının baş redaktoru, tanınmış idman jurnalisti Aydın Bağırov bu sahənin müəyyən qədər inkişaf etdiyini söyləsə də, problemlərin hələ də qalmaqda olduğunu deyib
İdman mediası ilə ictimai-siyasi jurnalistikanın vəziyyətini müqayisə edən baş redaktor ortada ciddi fərq olmadığını bildirib: “Hər iki sahədə işlədiyim üçün ümumi durumdan xəbərdaram və müqayisə aparmaq imkanlarım çoxdur. Demək olar ki, fərqlənmir. Əksinə, bu sahədə qeyri-peşəkarlar çoxdur. Ümumiyyətlə, idman mediasının iqtisadi durumu başqa sahələrlə müqayisədə zəifdir. Bəzi idman qəzetlərinin və saytlarının konkret sponsor gəlirləri ya tamamilə yoxdur, ya da çox aşağıdır. Sadəcə bir-iki böyük saytın müəyyən qədər kommersiya reklamları var və onlar da məhz reklamların hesabına ayaqda dura bilirlər. Ümumən, idman jurnalistikasında problemlər var”.
A.Bağırovun sözlərinə görə, hazırda Azərbaycanda idman mediasından çox sırf futbol jurnalistikası daha geniş yayılıb: “Futbol jurnalistikasının vəziyyətini indiki durum üçün normal hesab etmək olar. Hər halda yaxşı məktəb keçmiş təcrübəli jurnalistlərimiz kifayət qədərdir. Bu sahəyə yeni gələn gənclərdə də müəyyən işartılar, müsbət meyillər görünür. Əlbəttə, Azərbaycandakı idman və ya futbol jurnalistikasını nəhəng Rusiya mediası ilə müqayisə etmək doğru olmaz. Həm peşəkarlıq, həm də iqtisadi baxımdan şimal qonşumuz bizdən qabaqdadır. Amma region ölkələrindən, xüsusən Gürcüstan və Ermənistandan xeyli öndəyik. Medianın iqtisadi durumu, həm də saytların texniki baxımdan region dövlətləri bizdən çox geridədir”.  
Baş redaktor xüsusi idman saytlarının yaradılmasına bu cür münasibət bildirib: 
“10 il əvvəl Azərbaycan futbolunun maliyyəsi yaxşı idi. Bir çox idman saytları həmin klubların reklamları hesabına fəaliyyət göstərirdi. Klubların aylıq reklamları saytların maliyyələşməsinə kifayət edirdi. Vaxtı ilə bu formada 30-40 sayt fəaliyyət göstərirdi. Lakin bu gün həmin saytların sayı 3 və ya 4-ə düşüb. Səbəbi odur ki, reklamlar kəsilib. Nisbətən böyük, məsələn, “Qol.az” tipli saytlar kommersiya reklamlarının hesabına çətinliklə də olsa ayaqda qala biliblər. Yəni, məsələ idman saytının yaradılması deyil, onun saxlanılması, maliyyəsinin kəsilməməsidir. Bizdə idman və ya futbol təmayüllü xeyli saytlar yaranıb ki, qısa müddət sonra onlardan əsər-əlamət qalmayıb. Bir çox hallarda idman saytları mövcud maliyyə hesabına, bir-iki nəfər tərəfindən işlədilir, pul qurtaran kimi sayt da bağlanır, adı unudulur. Məsələn, bizim saytın 4-5 nəfər əməkdaşı var. Azərbaycan reallığında bu heyət kifayət qədər böyük hesab edilir. Ancaq dünya reallığı ilə müqayisə etsək, çox gülməli vəziyyət ortaya çıxar. Çünki 4 nəfər bir sayt üçün ciddi heyət sayıla bilməz. Ona görə də idman saytı yaratmaq istəyənlər mütləq mənada saytın gələcəyini fikirləşməlidir. Kim istəsə kor-koranə özünə sayt açır və elə zənn edir ki, gəliri yaxşı olacaq. Əlbəttə, belə saytların aktivliyi olmur və qısa zaman sonra sıradan çıxır”. 

Sayt rəhbəri Azərbaycanda idman sahəsində peşəkarlaşmış saytların çox az olduğunu deyib:
“Bir-iki sayt ola, ya olmaz. Şəxsən bildiyimə görə, konkret idmanla məşğul olan iki sayt var. Bilirsiz, bir ölkədə idman jurnalistikasının vəziyyəti həmin ölkədə idman sahələrinin ümumi inkişafı ilə bağlıdır. Götürək, qonşu Rusiyanı, yaxud qardaş Türkiyəni. Bu ölkələrdə idman jurnalistlərinə maraq çox böyükdür. Türkiyədə idman yazarları brend hesab olunur. Ona görə ki, Türkiyədə idman, xüsusən futbol çox inkişaf edib. Əhalinin futbola marağı yüksəkdir. Amma Azərbaycanda fubola kütləvi maraq yoxdur. Sadəcə, Avropa Oyunları və hansısa idman turnirləri zamanı bir az canlanma müşahidə olunur. Lakin bu da mövsümi xarakter daşıyır və daimi olmur. Biganəliyin başlıca səbəbi ölkədə futbolun zəif inkişaf etməsi ilə bağlıdır. Azərbaycanda futbol zəif olduğuna görə, idman jurnalistikası da kütləvi olaraq cəmiyyətin diqqətindən kənarda qalır. Amma dünya və Avropa çempionatları zamanı vəziyyət bir qədər dəyişir. O zaman ölkədə fəaliyyət göstərən televiziyalar, digər mətbu orqanlar bizə zəng edərək fikirlərimizi öyrənirlər. Həmin ərəfələrdə peşəkar idman mediasının nümayəndələrinin, ekspertlərinin rəyi ictimai-siyasi media üçün maraq doğurur. Başqa vaxtlarda isə yerli futbol əksəriyyət üçün maraq kəsb etmir. Nəticədə idman jurnalistikasına da diqqət azalır”. 
A.Bağırov bəyan edib ki, hazırda reytinqinə görə Azərbaycanda ən yüksək auditoriyası olan idman saytı “Qol.az”dır:
“Saytımızın orta hesabla gündəlik 20 min İP-si var. Lakin hesab edirəm ki, bu göstərici azdır. Maraqlı detalı sizinlə paylaşım. Bunu bir çox futbol ekspertlərinə demişəm və onların təəccübünə səbəb olub. 2013-2014-cü illərdə “Qarabağ” futbol komandası Avropa Liqasının üçüncü mərhələsində oynayırdı. Oyun zamanı “Qol.az” saytı üçün reytinq bir göstərici qeydə alınmışdı, bir gündə 64 min İP olmuşdu. Bu, Azərbaycanın idman mediası üçün rekord hədd idi. O zaman demişdim ki, əgər Avropa Liqasının təsnifat mərhələsinin oyunu ilə bu qədər adam maraqlanıb sayta girirsə, görün “Qarabağ” klubu Çempionlar Liqasında oynasa, nə qədər İP olar? Çox güman ki, gündəlik oxucu reytinqimiz 100 mini keçər. Yəni mən belə düşünürdüm. Nəhayət, o gün gəlib çatdı və “Qarabağ” komandası Çempionlar Liqasının qrupuna çıxdı. Gözlədim ki, artıq gündəlik oxunma sayı 100 mini keçəcək. Ancaq nəticə bizi çox təəccübləndirdi. Belə ki, saytımızın gündəlik İP-si heç əvvəlki 64 mini keçmədi. Düşünürdük ki, görəsən niyə belə bir nəticə qarşımıza çıxdı? Məntiqlə proqnozlarımız özünü doğrultmalı idi. Xeyli təhlil apardıqdan, bu barədə həmkarlarımla fikir mübadiləsi apardıqdan sonra yekunda belə bir nəticəyə gəldim. Paytaxt Bakıdan fərqli olaraq Azərbaycan regionlarında futbola maraq çox azdır. Məsələn, “Xəzər-Lənkəran” klubuna görə cənub rayonlarında yüz minlərlə insan futbolla maraqlanmağa başlamış, sayta girişi artırmışdılar. İndi vəziyyət dəyişib, ölkənin qərb rayonlarında demək olar ki, futbol yox səviyyəsindədir. Bölgələrdə futbola ümumi maraq azaldığına görə, saytlara giriş də xeyli dərəcədə azalmağa başlayıb. Yəni regionlarımızda futbola olan biganəlik ilk növbədə bizim oxucu auditoriyasına ciddi zərbə vurub”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu