Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı... - Foto 


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, dramuturq, tarixçi-alim Yunus Oğuzun yeni qələmə aldığı “Səfəvi Şeyxi” adlı tarixi romanının təqdimatı keçirilib.
Məlumat üçün bildirək ki, “Səfəvi Şeyxi” kitabı müəllifin sayca 9-cu tarixi romanıdır. Kitaba ön sözü filologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov yazıb. Əsərdə sünnü təriqətindən şiə təriqətinə keçən Şeyx Cüneyddən bəhs olunur və Şeyx Səfidən başlayaraq Şeyx Cüneydə qədər bütün şeyxlərdən söhbət açılır. 

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktoru, akademik İsa Həbibbəyli açaraq Yunus Oğuzun çağdaş Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. 
Onun son illərdə çap olunan tarixi romanlarının ədəbi ictimaiyətdə doğurduğu əks-səda haqqında fikirlərini bölüşüb. Yeni çap olunan “Səfəvi Şeyxi” tarixi romanının da ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacağına ümid etdiyini bildirib: “Biz adətən Ədəbiyyat İnstitutunda elmi əsərlərin təqdimatını keçiririk. Bədii əsərlər daha çox AYB-nin “Natavan” klubunda təqdim olunur. Yunusun Oğuzun istisnalığı ondadır ki, o, tarixi roman yazır. Tarixi roman elmlə bədii yaradıcılığın ortasındadır. Burada elmin də payın var, bədiiliyində. Ona görə də biz Yunus Oğuzla bağlı bu ənənəni davam etdiririk. Artıq müəllifin 3-cü əsərini Ədəbiyyat İnstitutunda müzakirəyə çıxarırıq. Onun tarixi romanlarında Azərbaycanın dövlətçilik tarixi, milli təfəkkür, azərbaycançılıq ideyaları ön planda dayanır”.

Daha sonra çıxış üçün söz AMEA-nın müxbir üzvü Tehran Əlişanoğluna verilib. Alim “Yunus Oğuzun romançılığı: tarixdən belletristikaya” mövzusunda məruzə ilə çıxış edib
“Yunus Oğuzun bir müəllif kimi bizim Ədəbiyyat İnstitutunda yeri, hörməti başqadır. 2 il öncə “Atabəy Eldəniz” romanının təqdimatı zamanı akademik İsa Həbibbəyli məxsusi xatırlatdı ki, burada əsasən elmi kitablar müzakirə olunur. Sadəcə Yunus Oğuz istisnadır. Keçən il burada yenidən Y.Oğuzun “Ovçu” əsəri müzakirə edildi. Müəllif Avropa standartları ilə ildə bir roman yazır. Nəzərə alaq ki, müəllif əsasən tarixi mövzulara üstünlük verir. Yeni tarix bugün tarixşünasların, ədəbiyyat tarixçilərinin, tarixi romançıların müştərək meydanıdır. Müəllifin əvvəlki romanlarında tarixi xronologiya daha çox idi və bəzən oxucunu yorurdu. Amma “Səfəvi Şeyxi” romanın Yunus Oğuz oxucunu tarixlə yükləmək istəmir. Çevik qələmi daha çox müasir təfsirə diqqət yetirir. Yunus Oğuzun romanlarını tarix haqqında hekayələr kimi də dəyərləndirmək olar”. 
Akademik, millət vəkili Nizami Cəfərov vurğulayıb ki, Yunus Oğuzun romanı nə qədər tarixi məzmuna malik olsa da, unutmaq lazım deyil ki, o, bədii əsərdir
“Tamamilə mümkündür ki, yazıçı təxəyyülü hardasa tarixşünaslıqla müəyyən “polemika” aparır. Lakin bizə elə gəlir ki, Səfəvilər hakimiyyətinin təşəkkülü tarixinin ümumi mənzərəsini doğru-düzgün dərk etmək baxımından elə bir mübahisə doğurmur. Roman Şeyx Cüneydin Ərdəbil yaxınlığında - Qarasu çayının sahilində müridlərdən təşkil etdiyi ordunun düşərgəsində əmisi Şeyx Cəfərlə mükaliməsilə başlayır. Ümumiyyətlə, Yunus Oğuzun əvvəlki tarixi romanlarına xas olan mühüm bir üslubi cəhət özünü “Səfəvi şeyxi”ndə də göstərir. Yazıçı, demək olar ki, bütün təhkiyə boyu məkan və zaman hüdudlarını gözləməklə hər bir detal və ya təfərrüat barədə bilavasitə sənədlilik təsəvvürü yaratmağa çalışır. Bu, bir tərəfdən janrın təbiətindən, digər tərəfdən isə, heç şübhəsiz, yazıçının ideya-estetik məramından irəli gəlir. Ən əsası da odur ki, haqqında söhbət gedən hüdudlanmalar hər hansı şəkildə fraqmentallıq əmələ gətirib “Səfəvi şeyx”inin bədii strukturunun bütövlüyünü zədələmir. Əksinə, onu roman təhkiyəsi üçün həmişə təhlükə təşkil edən yoruculuqdan xilas etmiş olur. Romanı “Səfəvi şeyxləri” də adlandırmaq olardı, ancaq müəlliflə - Yunus Oğuzla razılaşmaq üçün hər cür əsas var ki, “Səfəvi şeyxi” özünü daha çox doğruldur. Çünki Azərbaycan xalqının siyasi birliyi uğrunda Səfəvi Ocağının apardığı çoxillik mübarizənin mistik varisliyi bu adda kifayət qədər mükəmməl ifadə olunur”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Akademiyada Yunus Oğuzun artıq üçüncü romanının müzakirə olunmasına diqqəti yönəldib:
“Romanda bədii məziyyətlərin və elmi tərəfin paralel aparılması çox müsbət haldır. Ümumiyyətlə, son vaxtlar Azərbaycan cəmiyyətində sözə, kitaba münasibət dəyişməkdədir. Çoxsaylı kitablar işıq üzü görür. Əvvəllər kitabların nüsxəsi yüzlərlə idisə, hazırda minlərlə tirajla çap olunur. Yunus Oğuz yazıçı olmaqla yanaşı, həm də bizim həmkarımızdır. Artıq öz sözünü demiş jurnalistdir. 1990-cı illərdər bu yana bir çox mətbu orqanlara rəhbərlik edib. Hazırda isə “Olaylar” İnformasiya Agentliyinin baş redaktorudur. Yunus Oğuz  həm də alimdir. Türk dünyası ilə bağlı onlarla kitabın müəllifidir. Onun romanları bizim gənc nəsl üçün çox əhəmiyyətlidir”. 
 Millət vəkili Elman Nəsirov da bildirib ki, Yunus Oğuz Azərbaycan tarixinin öyrənilməsi işində çox vacib və səmərəli bir yol seçib
“Akademik dildə yazılan tarixi əsərlər çox oxunmur, çünki yorucu olur. Tarixi faktlar insanları bezdidir, usandırır. Amma Y.Oğuz öz əsərlərində çox axıcı dildən istifadə edir. Onun tarixi romanları sadə və anlaşılan tərzdə qələmə alınıb”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu