"Bununla təhsildə "qara bazar" bağlandı"


"Bölgələrdə təhsil alan tələbələrin Bakıya köçürülməsinə məhdudiyyət var ki, bu doğru yanaşma deyil"

Tələbə köçürülmələri üzrə elektron sənəd qəbulu başlayıb. Bura tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi daxildir. Təhsil Nazirliyindən verilən məlumata görə, "transfer.edu.az" portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu iyulun 20-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Təhsil eksperti Kamran Əsədov «Şərq»ə açıqlamasında bildirdi ki, təhsilalanların köçürülməsi elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir
- Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. 2016-cı ildən etibarən Azərbaycanda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Bu qayda eləcə də orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanlara da aiddir. Bu o deməkdir ki, oxuduğu ixtisasdan razı qalmayan tələbə getmək istədiyi universitetin rektorunu, prorektorunu, dekanını "görmədən" bu istəyini həyata keçirə bilər. Amma indiyə qədər bu problemi həll etmək üçün 99 faiz qeyd olunan instansiyaları "görməli" idin.
Təəssüf ki, bir neçə il əvvəl elə biabırçı tələbə köçürülmələri edilirdi ki, adam özü utanırdı. Məsələn, Solo oxumaq, Xalq çalğı alətləri ixtisasından birbaşa Universitetin Tarix, Hüquq fakültəsinə köçürülmə mümkün idi. Əlbəttə ki, bu ancaq kimlərisə yaxından və "dərindən görmək"lə olurdu. Amma indi isə bu proses qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunan eyni ixtisas qrupu daxilində olmalıdır. Yəni siz qəbul olduğunuz ildə yaxşı bal toplamısız, amma doğru ixtisas seçimi etməmisiniz, ya da oxuduğunuz ixtisas ürəyinizcə deyilsə, Təhsil Nazirliyi imkan verir ki, balınız uyğun gəlirsə, rahatlıqla, heç kimi görmədən, xərcə düşmədən köçürülmənizi edin. Qeyd edim ki, 2018-ci ilin qış tətili dövründə bakalavriatura üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna, yay tətili dövründə bakalavriatura üzrə 914, magistratura üzrə 6, orta-ixtisas təhsili üzrə 101 nəfərin sorğusuna müsbət cavab verilib. Bu o deməkdir ki, Təhsil Nazirliyi hər il "qara bazarda" olan milyonlarla manat pulu yox edib. Çünki bu köçürülmələr əvvəllər heç də ucuz qiymətə edilmirdi. Təsəvvür edin ki, təkcə bakalavr pilləsi üzrə 1500-dən çox təmənnasız, tələbənin heç bir məmuru görmədən köçürülməsi edilib.
Əvvəl isə bu 1500 nəfər azı 10-20 min manat kimlərisə "görməli" idi. Görün, hansı məbləğdə vəsait qazanılırdı. Hələ xarici ölkələrdə təhsil alan tələbələrin köçürülməsini demirəm. Onlar Dərbənd, Dağıstan, Ukrayna, Gürcüstan və digər ölkələrin universitetlərinə gedirdilər. Bir il sonra isə kimlərisə "görüb" ölkəyə gəlirdilər. İndi bunun da qarşısı alınıb. Amma pisi bilirsiz nədir? 2016-cı ildən bəri keçirilən tələbə köçürülməsindən istifadə edən 5 minə yaxın insan bu şəffaf qaydalardan istifadə edib, amma bu barədə fikirlərini demirlər. Təsəvvür edin ki, Təhsil Nazirliyinin bu şəffaf işi nə qədər rektorun, prorektorun və universitetlərin digər əməkdaşlarının "bazarını bağlayıb". Ona görə də onlar Təhsil Nazirliyini bəyənmir, qəbul etmir, bu qaydaların ləğvini istəyirlər. Ona görə də şəffaf şəkildə yeni qaydalardan istifadə edənlər bu kimi məsələləri dilə gətirib təşəkkür etməlidir. Xatırladım ki, indiyədək Azərbaycanda, həmçinin magistratura pilləsində tələbələrin köçürülməsi mümkün deyildi. Artıq biz Boloniya sisteminə keçmişik və burada semestrin müddəti deyil, kreditlərin sayı önəmlidir. İndiyədək kredit sistemi tam şəkildə tətbiq olunmadığı üçün magistratura pilləsində köçürmələrə imkan verilmirdi. Amma indi kredit sistemidir. Həmin kredit sistemini istənilən universitetdə tamamlamaq mümkündür. İlk dəfə olaraq magistratura pilləsində tələbələrin köçürülməsinə icazə verilməsi mühüm addımdır. Digər bir məsələ isə bölgələrdə təhsil alan tələbələrin Bakı şəhərinə köçürülməsinə məhdudiyyətlərin tətbiq olunacağıdır. Yalnız region daxilində köçürmə ola bilər. Məsələn, Bakı yalnız Bakı daxilində köçürmə prosesində iştirak edə bilər. Hesab edirəm ki, bu məhdudiyyət düzgün deyil.
Tələbələrin hüquqlarının müəyyən qədər sıxışdırılmasıdır. Ümumilikdə, tələbələrin köçürülməsi ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması mühüm addım olar.


Paylaş
Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu