«Müfəssəl plan» nə deməkdir?



Nəqliyyat eksperti yeni planı aydınlaşdıra bilmir

"Yeni yolların çəkilməsi üçün bir də görürsən, şəhərin infrastrukturu tamamilə dəyişdirilir. Ona görə də şəhərsalmada gələcək perspektivlər mütləq nəzərə alınmalıdır"


Nazirlər Kabineti "Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"nda dəyişiklik edib. 
Dəyişikliyə əsasən, bundan sonra müfəssəl planlar həm də Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmalıdır.

Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) ərazilərinin və ya onların ərazi hissələrinin, o cümlədən yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən ərazilərinin (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan) müfəssəl planlarının hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını müəyyən edir. Müfəssəl plan yaşayış məntəqəsinin qüvvədə olan Baş planı əsasında hazırlanır. Baş plan olmadığı halda və ya Baş planın hesabat müddəti bitdikdə, kəndlərin, qəsəbələrin və perspektivdə hesabi əhalisi 50 minədək olan şəhərlərin bütün ərazisi üçün müfəssəl planın hazırlanmasına yol verilir. Müfəssəl plan planlaşdırılan struktur elementlərinin yerləşdirilməsini, onların inkişaf parametrlərini müəyyən edən ərazi planlaşdırılması sənədidir.

Müfəssəl plan yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin sifarişi ilə hazırlanır. Ərazi üçün yalnız bir müfəssəl plan olmalıdır. Müfəssəl plan torpaq sahələrinin məqsədli istifadəsi, həmçinin torpaq servitutlarının tətbiq edilməsi barədə qərarların qəbul edilməsi üçün əsasdır. İndiyə qədər müfəssəl planlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və layihə tapşırığında qeyd olunan orqan və qurumlarla razılaşdırılmalı idi. Dəyişikliyə əsasən, bundan sonra müfəssəl planlar həm də Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılacaq. 

Yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov «Şərq»ə açıqlamasında dəyişikliyin şərhinin çox çətin olduğunu dedi:

- «Müfəssəl plan» nə deməkdir? Mən hələ də bunu aydınlaşdıra bilməmişəm. O qədər qəliz məsələdir ki, analiz olunmalı, tam, dəqiq araşdırma aparılmalı və müfəssəl plan deyiləndə nəyin nəzərdə tutulduğu müəyyənləşməlidir. Bir onu deyə bilərəm ki, dünya təcrübəsində şəhərlərin nəqliyyat planlaşdırılması adlanan qayda var. Şəhərsalmada nəqliyyat planlaşdırılması əvvəlcədən nəzərə alınmalıdır. Harda prospekt salınacaq, harada metropoliten stansiyaları olacaq, parklanma yerləri, dayanacaqlar, yollar və sairə. Məsələn, hamımız bilirik ki,  paytaxtımızda sıxlıqdır. Sıxlıq olan ərazilərdə parklanma yerlərinin yaradılması sıxlığı azaltmır, daha da artırır. Yaxud, yeni yolların çəkilməsi üçün bir də görürsən, şəhərin infrastrukturu tamamilə dəyişdirilir. Ona görə də şəhərsalmada gələcək perspektivlər mütləq nəzərə alınmalıdır. 

F.Eyyubov Bakı Nəqliyyat Agentliyinin onsuz da gərgin işlədiyini xatırlatdı:

- BNA-nın işi həddindən artıq ağırdı. İşləri çoxdu. Bir tərəfdən də bu vəzifə onlara tapşırılır. İlk növbədə bu məsələ aydınlaşmalıdır ki, BNA-nın bu vəzifəni icra etmək üçün kadr potensialı yetərlidirmi?

P.S. BNA-nı siyahıya daxil etməkdənsə, yaxşı olardı ki, 96 saylı marşrutun niyə yarım saatdan bir işlədiyini və Bakıətrafı kənd və qəsəbələrə, xüsusilə Fatmayı və Goradilə sərnişin daşıyan avtobusların (108«a») - avtobus, yoxsa araba olduğunu aydınlaşdırmağı tapşırsınlar.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu