NATO addım-addım yaxınlaşır


Əgər Dağlıq Qarabağ münaqişəsi çözülməsə, Azərbaycanın da seçim haqqı istisna deyil
KTMT-nin sədri vəzifələrini icra edən Valeri Semerikov bildirib ki, NATO-nun Şərqi Avropada, Rusiya və Belarus yaxınlığında hərbi əməliyyatların sayını artırması qurumu ciddi narahat edir. Onun sözlərinə görə, Gürcüstan ərazisində baş verənlər, o cümlədən Qarabağ münaqişəsinin nizamlanmaması Qafqaz istiqamətində gərginliyi artırır. Semerikov vurğulayıb ki, bu ilin mayında Bişkekdə təşkilata üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası zamanı mövcud təhdid və çağırışların neytrallaşdırılması istiqamətində qərarlar qəbul olunub. Məlum olduğu kimi, KTMT rəhbərliyi bir neçə dəfə NATO-nun Şərqə doğru irəliləməsini region üçün ciddi təhdid saydıqlarını dilə gətirib. Amma Semerikov xüsusi olaraq vurğulayır ki, hərbi alyansın Şərqə və Qafqaza doğru irəliləməsi Gürcüstanda baş verənlər və Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ilə bağlıdır. Belə çıxır ki, regiondakı problemlər çözülərsə, Rusiya da NATO təhlükəsindən müəyyən mənada xilas olmuş olacaq.  
Müvəqqəti sədrin açıqlamalarını “Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev düşünür ki, Semerikovun narahatlığının əsasları var:


“İstənilən ölkənin Şimali Atlantika müqaviləsinin 10-cu bəndinə əsasən öz təhlükəsizliyini təmin etmək məqsədilə NATO-ya üzv olmaq hüququ var. Bu təşkilata üzv olmaq istəyən dövlətlər müəyyən edilmiş hərbi və siyasi öhdəlikləri yerinə yetirdikdən sonra quruma qəbul olunurlar. Proseslər göstərir ki, bu il üçün NATO-ya üzv olmağa hazır olan 4 dövlət var. Bunlar Makedoniya, Bosniya-Hersoqovina, Ukrayna və Gürcüstandır. NATO mövcud olduğu zamandan bu günə qədər əsasən 7 etaplı genişlənmə həyata keçirib. Burada əsas məqsəd İkinci Dünya müharibəsi zamanı sovetlər tərəfindən işğal edilmiş Şərqi Avropa ölkələrinin Birliyə daxil olması idisə, növbəti genişlənmədə keçmiş sovet respublikaları diqqət mərkəzindədir”.
Siyasi şərhçinin sözlərinə görə, Moldova, Ukrayna və Gürcüstan NATO-ya daxil olmağa iddialıdır və bu istiqamətdə davamlı işlər görürlər:
“Proseslərin sürətlənməsi üçün əsas faktor təbii ki, bu ölkələrin ərazi bütövlüyünə Rusiya tərəfindən edilən müdaxilədir. Rusiyanın bu genişlənmədən ciddi narahatlıq keçirməsi təbii haldır. Keçmiş sovet respublikalarının Moskvanın təsir dairəsindən qopmaq niyyətləri də başadüşüləndir. Məsələ ondadır ki, Kreml nəzarət etdiyi əraziləri daha da genişləndirmək siyasətini davam etdirir. Rusiyadakı indiki hakimiyyət öz planlarından əl çəkməyəcək. NATO-da öz növbəsində addım-addım genişlənməni davam etdirəcək. Əgər Dağlıq Qarabağ münaqişəsi çözülməsə, Azərbaycanın da seçim haqqı istisna deyil. Hazırda Azərbaycan Şərq Tərəfdaşlığı Təşkilatında öz fəaliyyətini davam etdirir və Avropa ailəsinin tam hüquqlu üzvü olmaq niyyətini də gizlətmir”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu