“Ermənilərin beynəlxalq qurumlarda sıxışdırılması mühüm avantajdır” 


“Lüksemburqda qəbul edilmiş qətnamə Azərbaycanın beynəlxalq miqyasda qazandığı daha bir uğurdur”

Bunu “Sherg.az”a açıqlamasında politoloq Zeynal Əmralıyev deyib. 

Ekspert bildirib ki, beynəlxalq qurumlar Ermənistan əleyhinə zaman-zaman bu cür qətnamələr qəbul edirlər: 

“Bu cür hallar danışıqlar zamanı diplomatik üstünlüyümüzü artırır. Məsələn, ATƏT PA-nın üzvlərindən kimsə Qarabağla bağlı Azərbaycan əleyhinə təbliğat apardıqda hüquqi sənəd kimi bunu göstərə bilərik. ATƏT Qarabağ məsələsində adi təşkilat deyil və birbaşa münaqişənin həlli ilə məşğul olur. 

Qurumun məsələ ilə bağlı Azərbaycanı müdafiə etməsi rəsmi Bakı üçün ciddi üstünlük deməkdir. Ümumiyyətlə, beynəlxalq təşkilatlarda mövqelərimizi gücləndirmək olduqca vacibdir. 



Çünki düşmən tərəfi hər zaman belə qurumlarda diplomatik hücuma keçir və burada öz lehinə qərarın çıxarılmasına çalışır. Lakin Azərbaycanın artan fəallığı bunun qarşısını alır”. 

Analitikin sözlərinə görə, ermənilərin beynəlxalq qurumlarda sıxışdırılması mühüm avantajdır: 

“Qəbul edilmiş sənəddə göstərilir ki, danışıqların formatı dəyişdirilə bilməz. Bu məqam ölkəmizin əsas tələbidir. 

Beləliklə, İrəvanın qondarma qurumu danışıqlar masasına otuzdurmaq siyasəti bu qətnamə ilə növbəti dəfə iflasa uğradı. ATƏT qətnamənin qəbulu ilə məsələnin həlli yolunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacağını göstərdi. 

Qətnamə Qarabağdakı qondarma rejimlə Paşinyan hökuməti arasında onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirəcək. 

“Qarabağ klanı “Nikol Paşinyanı diplomatik uğursuzluqda ittiham edəcək

Bildiyiniz kimi bir müddət əvvəl Robert Koçaryan Paşinyanı “Qarabağı Azərbaycana qaytarmaqda” ittiham etmişdi. Bu qətnamənin qəbulu həm də Paşinyanı çətin vəziyyətdə qoyacaq”.

Qeyd edək ki, Lüksemburqda ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında Azərbaycan üçün olduqca əhəmiyyətli məqamların əks olunduğu Qətnamə qəbul olunub. Qətnamənin önəmi ondadır ki, orada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yol verilməz olduğu vurğulanıb. Həmçinin, bəyan edilib ki, heç bir şərt irəli sürmədən münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunması vacibdir. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu