“Moskvanın məqsədi Gürcüstanı gəlirlərdən məhrum etməkdir” - ŞƏRH


“Aksiyaların planlaşdırılması xalqlar arasında problemin olduğunu göstərir. Amma məsələ ondadır ki, belə aksiyalar heç bir problemi ortadan qaldırmır”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. 
Ekspert bildirib ki, Rusiya rəhbərliyinin verdiyi qərarın arxasında konkret inzibati rerurslar dayanır: 


“Əlbəttə, rus turistlər istədikləri zaman Gürcüstana gələ bilərlər. Ancaq bu dəfə onlar başqa marşrutlardan istifadə etmək məcburiyyətində qalacaqlar. Məsələn, Rusiya vətəndaşları Türkiyə və Azərbaycan vasitəsi ilə asanlıqla Gürcüstana keçə bilərlər. Gürcü hökuməti rus turistlərlə bağlı hansısa şərt qoymayıb. Məlumdur ki, Türkiyəyə kifayət qədər rus turist gedir. Trabzona və Samsuna gedən turistlər asanlıqla Gürcüstana keçə və orada da dincələ bilərlər. Yəni, tur operatorları Rusiyaya yeni marşrutlar təklif edə bilər ki, bununla da turistlər iki ölkəyə səfər şansı qazanarlar”. 
Siyasi şərhçinin sözlərinə görə, bu məsələdə marketinq iqtisadiyyatı da böyük rol oynayır: “Şübhə etmirəm ki, bir çox turist şirkətləri Rusiya ilə Gürcüstan arasında yaranmış gərginlikdən yararlanmağa çalışacaqlar. Lakin reallıq odur ki, turist axını azalacaq. Çünki hansısa ölkəyə birbaşa gedişlə, bir neçə ölkənin ərazisindən keçərək getmək arasında fərq var. Əksər turist adətən ənənəvi marşrturlara daha çox üstünlük verir”. Analitik məsələnin siyasi tərəfinə də münasibət bildirib: “Moskvanın əsas məqsədi Gürcüstanı gəlirlərdən məhrum etməkdir. Tədricən Gürcüstanda istirahət edənləri Krıma və Soçiyə, Rusiyanın Qara dəniz kurortlarına yönəltməyə çalışacaqlar. Artıq ölkə vətəndaşlarına güzəştli qiymətlərlə turlar təklif olunur. Rusiya sanksiyalarla üzləşdiyinə görə maddi vəziyyəti yaxşı deyil. Ona görə də valyutanı ölkə daxilində saxlamağa cəhd göstərir”. 
Qeyd edək ki, sabah Gürcüstanda yaşayan ruslar və bu ölkədə səfərdə olan Rusiya vətəndaşları Tbilisidə aksiya keçirəcəklər. Aksiya barədə təşkilatçılar məlumat yayıblar. Gürcüstan parlamentinin binası qarşısında keçiriləcək aksiyada “Mən Qavrilov deyiləm!”, “Rusiyalılar vahid Gürcüstan naminə” şüarları səsləndiriləcək. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu