“Şəkinin dünya irsi siyahısında yer alması Azərbaycana əlavə dividentlər qazandıracaq”


“Beləliklə, özünün tarixi mərkəzi və Xan Sarayı ilə Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Şəki də dünya irs siyahısında yerini almış olur”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. 
Ekspert bildirib ki, tarixi mirasa layiqincə sahiblənməyimiz Azərbaycan dövlətinin, xalqının, onun rəhbərlərinin bizim, işğalçı ermənilərin dünyaya təbliğ etdiyi kimi barbar deyil, əksinə, çağdaş ideallara sadiq olduğumuzu göstərmək baxımından çox önəmlidir: 


“Tarixi mərkəzilə birlikdə Şəki Xan Sarayının YUNESKO-nun dünya irsi siyahısında yer alması bizə nə verəcək? Bu sual da, məncə, hər kəs üçün maraqlı ola bilər. Hər şeydən öncə bu aktın özü Azərbaycanın tarixi mirasa necə qayğıyla yanaşdığını bir daha dünya miqyasında göstərmiş olur. Ortada bir tarixi miras var və Azərbaycan dövləti nəinki onu qoruyub saxlayır, eyni zamanda qayğısına qalır, uzunömürlülüyünü təmin edir. Bu isə Azərbaycan xalqının mədəni səviyyəsinin əyani göstəricilərindən biridir. İkinci məqamsa ondan ibarətdir ki, YUNESKO siyahısında yer almaqla Şəkinin tarixi mərkəzi və Xan Sarayı yalnız Azərbaycanın deyil, bütün dünyanın müdafiəsi altında olur. Yəni bu məkan artıq bütün dünyanın qorumalı olduğu məkanların siyahısındadır və ona qarşı düşmən işğalı, kobud münasibət və laqeydlik olacağı təqdirdə bütün dünya məsələyə münasibət bildirməli olacaq. Ən azından YUNESKO-nun uyğun konvensiyasını imzalamış dövlətlər bu məsələdə biganə qala bilməyəcəklər. Həmin dövlətlər sırasında isə ABŞ, Rusiya, Böyük Britaniya kimi dünya nəhəngləri də var. Bu səviyyədə tanınma və qəbul edilmə Şəkiyə və ümumilikdə Azərbaycana turist axınını gücləndirəcək. Heç şübhə etmirik ki, artıq dünyanın hər tərəfində Şəki və onun tarixi mərkəzi ilə bağlı geniş araşdırmalar başlayıb və özəlliklə də tarixi məkanlara turist səfərləri edənlər indidən biletlərini sifariş edirlər. Bu baxımdan Şəkinin tanıdılması üçün xarici dillərdə onlayn kontentin zənginləşdirilməsi vacibdir”.
Analitikin sözlərinə görə, ölkəmizdə dünya irsi siyahısında yer alan məkanların sayı nə qədər çoxalarsa, Azərbaycanın önəmi də bir o qədər artar: 
“Bu baxımdan Şəkinin həmin siyahıda yer alması həqiqətən də böyük hadisədir. Bəs necə oldu ki, Azərbaycan Şəkini o siyahıya əlavə etməklə bu qədər böyük uğuru qazana bildi? Bu sualın cavabı da uzaqda deyil. Hələ 1-ci vitse-prezident olmazdan öncə Azərbaycanın 1-ci Xanımı və Heydər Əliyev Fondunun prezidenti qismində Mehriban Əliyeva YUNESKO ilə çox sıx əlaqələr qurmuş, yaxın işbirliyinə başlamışdı. Bu münasibətlər Mehriban Əliyevanın YUNESKO-da ən önəmli şəxslərdən birinə çevrilməsinə, söz sahibi olmasına gətirib çıxarıb. Hətta o, YUNESKO-nun xoşməramlı səfirləri sırasında da yer alıb. Təbii ki, bu tanınma və qəbuledilmə onun həm də gərək olduğunda Azərbaycanın faydası üçün sözünü keçirə bilməsinə də şərait yaradır. Eyni zamanda xanım Mehriban Əliyeva bəşəri dəyərlərin müdafiəçisi kimi də qəbul edilir və bu status onun Azərbaycan üçün olduqca böyük işlər görməsinə imkan tanıyır. Belə bir durumda Şəkinin dünya irsi siyahısında yer alması təəccüblü deyil, əksinə, gözləniləndir”.
A.Həsrət xatıladıb ki, Şəkinin adı keçən siyahıya əlavə edilməsi həm də YUNESKO-nun Dünya İrsi Fondundan hər il 4 milyon dollaradək maliyyə əldə edə bilməsi deməkdir: 
“Bu maliyyə dünya irsi siyahısındakı məkanların qorunması və gərək olduğunda bərpası üçün xərclənəcək. Əlbəttə, Azərbaycan o maliyyəni özü də təmin edə bilər. Lakin bunun qlobal səviyyədə təmin edilməsi də işin faydasınadır. Sonda bir daha qeyd etmək istərdik ki, Şəkinin dünya irsi siyahısında yer alması doğrudan da böyük tarixi hadisədir və Azərbaycana bütün anlamlarda əlavə dividentlər qazandıracaq.
Paylaş
Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu