"Jurnalisti də ana doğub axı..." - Ceyhun Əliyev 


"Bir anlıq fikirləşin ki, 300 manat maaş alan idman müxbiri 15-20 min alan idmançıdan müsahibə götürür"

"Güclü idman mediasının olmasını istəyiriksə, bir sıra tələblərə riayət olunmalıdır. Mütləq qaydada attestasiya keçirilməlidir"
"Çox istəyərdim ki, həmin Milli Məclisdə deputatlar sırasında bir idman jurnalisti də olsun"


İdman jurnalistikası rəsmi mövcudluğunu Paris Yay Olimpiya Oyunlarına borcludur. Məhz bu Oyunlar zamanı 1924-cü il iyulun 2-də Beynəlxalq İdman Mətbuatı Assosiasiyası təsis olunub. 29 milli assosiasiyanın iştirakı ilə qurumun ilk konqresi keçirilib. Ona görə də hər il iyulun 2-si dünyada İdman Jurnalistikası Günü kimi qeyd olunur.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası qurumun fəal üzvlərindəndir. 2 iyul təkcə Azərbaycan yox, bütün dünya idman jurnalistləri üçün rəmzi bir gündür. Ancaq bizdə idman jurnalistlərinin bu əlamətdar günü onların peşə bayramı şəklində qeyd edilmir. Azərbaycanın idman mediasında jurnalistikamızın digər sahələrində olduğu kimi problemlər olsa da, ümumən bu sahədə vəziyyətin qənaətbəxş olduğu söylənilir. İdman jurnalistikasında kifayət qədər peşəkarların çalışdığı da vurğulanır. Müəyyən mənada idman jurnalistikasının cəlbediciliyi də var. Ən azından beynəlxalq idman jurnalistləri günündə ölkəmizdə idman yazarlarının yada salınması müsbət haldır. Azərbaycanda idman jurnalistikasının durumunu dəyərləndirən ekspertlərin fikrincə, bu sahənin inkişafı ölkədə müxtəlif idman sahələrinin populyarlıq qazanması ilə bağlıdır. Yəni idmanın tərəqqisi paralel olaraq idman jurnalistikasının da dirçəlməsinə gətirib çıxarır. Əgər Azərbaycan idmanı inkişaf etməzsə, idman mediası da genişlənə bilməz. İndiyə qədər ölkəmizdə keçirilən beynəlxalq idman turnirlərinin, o cümlədən Avropa və İslam Oyunlarının operativ şəkildə tamaşaçıların və oxucuların nəzərinə çatdırılmasında idman jurnalistlərinin böyük əməyi olub. Bir məqamı da xatırladaq ki, internet saytları meydana çıxana qədər Azərbaycanda 11 idman qəzeti fəaliyyət göstərib. Həmin mətbu orqanlarda Azərbaycan və rus dillərində yazan bir neçə peşəkar idman jurnalistləri çalışıb. Vaxtı ilə çox populyar olan nəşrlərin bir çoxu maddi çatışmazlıq üzündən öz çapını dayandırmaq məcburiyyətində qalıb. Mətbuatın önəmli qollarından sayılan idman jurnalistikası ayrı-ayrı ölkələrdə xüsusi sahə kimi inkişaf yolunu tutub. Azərbaycanda hələlik bununla bağlı müəyyən problemlər qalmaqdadır. Lakin müəyyən çatışmazlıqlara rəğmən son dövrlər Azərbaycan idman mətbuatında tərəqqi hiss olunmaqdadır. İdmanla bağlı xüsusi qəzetlər, jurnallar, portallar və TV-lər fəaliyyət göstərir. İdman jurnalistikası da ayrıca ixtisas kimi tədris olunur. Yəni əhalinin sayına və idmanın səviyyəsinə görə kifayət qədər idman mətbuatı nəşr olunur. Hətta bəzi ekspertlərin fikrincə, digər jurnalistika sahələri ilə müqayisədə idman jurnalistikası xeyli öndədir. 

Sanki ögey övladıq…
Bizi ən son idman yeniliklərindən xəbərdar edən «Sport24 az» saytının baş redaktoru Ceyhun Əliyev hesab edir ki, idman jurnalistikası spesifik sahədir: - 8-9 yaşından oğlanların əksəriyyəti futbola baxmağa başlayır artıq. Bu səbəbdən idman jurnalistikasında çalışanlar arasında nadir hallarda zərif cinsin nümayəndələrinə rast gəlmək olar. Məsələnin digər tərəfi isə bununla bağlıdır ki, bu sahəyə diqqət istənilən səviyyədə deyil. Hərçənd idman jurnalistikasında çalışanlar arasında rahatlıqla siyasət, mədəniyyət, sosial, iqtisadiyyat mövzularında yazılar dərc etmək iqtidarında olan insanlar var. Ancaq sadaladığım sahələrin jurnalistləri idman barədə yalnız səthi yaza bilərlər. Buna baxmayaraq, ölkədə idman mediasına münasibət heç də digər sahələrdə çalışan həmkarlarımıza olduğu kimi deyil. Sanki “ögey övlad”ıq.Günümüzdə reklam bazarına baş vurmaq olduqca müşkül məsələdi. Bu üzdən də ümid qalır Premyer Liqada üst sıralarda qərarlaşan 2-3 kluba. Bu klublardan da ayrılan vəsait yalnız minimal tələblərə cavab verməyə kifayətdir. Bu yaxınlarda “Qarabağ”ın sabiq müdafiəçisi Yakub Jezniçak polşalı həmkarlarımıza verdiyi müsahibədə Azərbaycanda idman jurnalistikasının Vətənindəkindən 15 il geridə qaldığını demişdi. Nə qədər acı olsa da, o, haqlıdır. Söhbət azərbaycanlı jurnalistlərin, redaktorların İQ səviyyəsi, yazı qabiliyyətinin avropalılardan aşağı olmasından getmir, biz maddi-texniki bazada uduzuruq. Məsələn, Qəbələyə səfər edirik. Ancaq elə bir imkanımız yoxdu ki, ezamiyyətə göndərdiyimiz insanın yanına bir fotoqraf da qoşaq. Səfərə çıxan jurnalistin tribunadan telefon vasitəsi ilə çəkdiyi 3-5 şəkil olur bizim fotoreportaj. Mayda ölkə Kubokunun final matçı keçirilirdi. Oyun Naxçıvana salınmışdı. İdman mediasının 90-95 faizi həmin oyuna gedə bilmədi. Kimisə qınamaq da olmur. Çünki əlavə dotasiya mənbəyi yoxdu. 

Nazirlik jurnalistin səfər xərcini qarşılaya bilmirsə…

C.Əliyev “İdman mediası” deyərkən müəyyən yanlışlığa yol verdiyini bildirdi:



- Çünki ölkəmizdə fəaliyyət göstərən jurnalistlərin böyük əksəriyyəti futbol üzrə ixtisaslaşıb. Başqa sözlə, həqiqi adı “futbol jurnalistikası”dı. Digər tərəfdən də futboldan başqa idman növlərini işıqlandırmaq altruizmdən başqa bir şey deyil. Götürək elə “Sport24”-ü. Özüm 4 idman növü üzrə SSRİ-nin idman ustalığına namizəd olmuşam. Ancaq digər idman növlərini işıqlandırmağa geniş vaxtım yoxdu. Çünki əməkdaşlıq etdiyimiz klublara yetərincə vaxt ayırmalıyam. Əlbəttə, əlavə bir işçi götürüb futbola yönəltmək olar. Ancaq bunun da maddi qarşılanması lazımdı. Kim qarşılayacaq? Sual ritorikdi, çünki saytın buna imkanı çatmır, federasiyalar isə PR-ın marağında deyillər.Bir neçə gün öncə Minskdə II Avropa Oyunları başa çatdı. Gənclər və İdman Nazirliyi səfərin yalnız yol xərcini qarşılayacağını bildirdi. İndi təsəvvür edin, 15 gün ərzində Belarus paytaxtında yaşamaq, qida tələbatını ödəmək üçün nə qədər vəsait tələb olunurdu. Təbii ki, donoru olmayan mətbu orqanları bu səfərə nəinki  yollanmadı, heç getmək barədə düşünmədilər də. Əgər nazirlik jurnalistin səfər xərcini qarşılaya bilmirsə, donorsuz media orqanı bunu necə həll edə bilər?Daha bir məqama toxunmağa zərurət var. İdman mediasında çalışanların böyük əksəriyyətinin jurnalist diplomu yoxdu. Ancaq yuxarıda qeyd etdiyim kimi, bu, spesifik sahədi. Təbii ki, belədə, diplom arxa plana keçir. Ancaq Facebook-da iki status yazıb, 5-10 bəyənmə yığan da sayt açır və deyir redaktoram. Dediyim odur ki, məsələnin hər iki tərəfi araşdırılmalıdır.

Mütləq attestasiya keçirilməlildir

C.Əliyev hesab edir ki, güclü idman mediasının olmasını istəyiriksə, bir sıra tələblərə riayət olunmalıdır. Onun fikrincə, mütləq qaydada attestasiya keçirilməlidir. Minimal şərt olaraq saytların başında dayanan insanlar üçün:
- Mən sayt açılması üçün belə bir qanunun qüvvəyə minməsinin tərəfdarıyam ki, attestasiyadan keçərək sertifikat almayan insanlara sayt yaratmağa icazə verilməsin. Bu, sərt mexanizmdir, ancaq sahənin güclənməsinə nəzərəçarpacaq dərəcədə təkan verəcək. Çünki belədə, kəmiyyət keyfiyyətə qurban veriləcək və bundan hamı qazanacaq. Oxucuya bayağı materiallar təqdim edilməyəcək, maarifləndirmə peşəkar səviyyədə olacaq, rəqabət güclənəcək. Mövzuya uyğun bir paralel aparım. Futbol üzrə Azərbaycan çempionatında vaxtilə 26 komanda iştirak edib. İndi bu say 8-ə enib. Həmin illərdə ən böyük bayram bir mərhələni adlamaq olurdu. İndi isə qrup mərhələsinin daimi iştirakçısıyıq. İdman mediasında da sayı keyfiyyətə qurban vermək lazımdı.Maddi-texniki bazanın gücləndirilməsi yönündə attestasiyadan keçmiş yazılı media orqanlarına dotasiya ayrılmalıdır və onlar da bu vəsaitin necə xərclənməsinə dair rüblük hesabat təqdim etməlidirlər. Məsələ əlbəttə ki, Milli Məclisdə qaldırılmalıdır. Ən azından müzakirəyə çıxarılmalıdır ki, deputatlar bir anlıq sıravi idman jurnalistinin aldığı məvacibi eşitsinlər. Məhz maddiyatın pis olması səbəbindən neçə-neçə istedadlı idman yazarları sevimli peşələrindən ayrılmalı olublar. Bu da həvəskarlara meydan açıb.Bəlkə də indiki məqamda pafoslu səslənə bilər. Ancaq çox istəyərdim ki, həmin Milli Məclisdə deputatlar sırasında bir idman jurnalisti də olsun. İdman Nazirliyində hansısa postun idman jurnalistinə həvalə edilməsini istəyərdim. Əlbəttə ki, mətbuat katibi vəzifəsini nəzərdə tutmuram. 

İdman mediasına dotasiya ayrılmalıdır  

C.Əliyev qeyd etdi ki, istənilən sahə paralel inkişaf etməlidir. Kiminsə pulunu saymaq fikrindən uzaq olduğunu deyən həmkarımız «ancaq bir anlıq fikirləşin ki, 300 manat maaş alan idman müxbiri 15-20 min alan idmançıdan müsahibə götürür. Söhbət aylıq məvacibdən gedir» deyib əlavə etdi:- Bəli, idmançı ömrü qısadır. Ancaq tərəzinin gözünə fikir verin: 10 ilə 2 milyon qazanan idmançı və 40 ilə 145 min qazanan jurnalist. Heç kəs demir ki, idmançı niyə bu qədər pul qazanır, ancaq jurnalisti də ana doğub axı. Bax, bu balans ciddi şəkildə pozulub. Çünki jurnalist ailəsinə şor-əppək yemək üçün pul apara bilmirsə, ondan keyfiyyətli məhsul tələb etmək olmaz. 



Paylaş
Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu