Rusiya gürcüləri bağışlamayacaq


Putinə söyüş ünvanlanması gürcü tərəfinin barışmaz yola qədəm qoyduğunu göstərir


“Gürcüstanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır. Rusiya əleyhinə proseslər daha da qızışdırıcı mərhələyə keçir”. Bunu “Şərq”ə açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Qonşu ölkədəki gərgin vəziyyəti dəyərləndirən politoloq hesab edir ki, orada üçüncü qüvvələr hakimiyyətlə Rusiya arasındakı bağları tamamilə qoparmağa çalışır: “Bidzina İvanaşvilinin nəzarətində olan hökumət Rusiya ilə müəyyən əlaqələri bərpa edib və bu istiqamətdə daha da irəliyə addımlar atır. Proses həm daxildə, həm də xaricdə Qərbyönümlü dairələri narahat edir. Onlar çalışırlar ki, hazırkı hakimiyyəti devirib, anti-Rusiya siyasətini yenidən bərpa etsinlər”. 
Ekspertin sözlərinə görə, Rusiya Gürcüstanın 20 faiz ərazilərinə nəzarət edir və bununla kifayətlənməyərək əlavə güzəştlər qoparmağa çalışır:
“Güzəştlərin içərisində Abxaziyadan keçməklə Ermənistana gedən dəmir yolunun açılışı da var. Bu, bütövlükdə Qərbin də maraqlarına zidd addımdır. Çünki Rusiyanın Ermənistanla quru yolunun bərpası Qərbin regionda enerji və təhlükəsizlik maraqlarını risk altına alacaq. Ona görə də İvanaşvilinin Moskva yönlü siyasətinə qarşı formalaşmış daxili etirazlar gürcü xalqının milli təhlükəsizliyinə və regionun stabilliyinə xidmət edir. Etirazlar genişlənərsə, hakimiyyət dəyişə və Vahid Milli Hərəkat Partiyası hakimiyyəti götürə bilər”. 
Analitikin fikrincə, davam edən gərginlik fonunda Rusiya proseslərə seyrçi qalmayacaq:
“Ölkəyə sanksiyalar tətbiq edəcək və Cənubi Osetiya istiqamətində sərhədləri Gürcüstanın içərilərinə kimi çəkəcək. Bu da Azərbaycanın neft boru kəmərinə təhlükə vəd edir. İvanaşvilinin “Gürcü Arzusu” partiyası artıq daxili legitimliyinə zərbə vurdu və seçkilər keçirilərsə, xalqın səsini qazanmayacaq. Hazırda İvanaşvili konfedensial olaraq Rusiya ilə diplomatik danışıqlar aparır. Xalq bunu bilir. “Rustavi-2” televiziyasında Rusiya Prezidenti Vladimir Putinə söyüş ünvanlanması gürcü tərəfinin barışmaz yola qədəm qoyduğunu göstərir”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu