“Qarpızı kəsib soyuducuya qoyurlar ki, soyusun” – OLMAZ ! 


“Qarpız bir neçə saat soyuducuda qalır, belə vəziyyətdə tərkibində dəyişiklik baş verə bilər. Bu da zəhərlənməyə, mədə-bağırsaq pozuntusuna gətirib çıxarır”


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən 1003 nömrəli “Çağrı Mərkəzi”nə vətəndaşlar tərəfindən istehlakçı hüquqlarının pozulması və ümumilikdə 17 241 digər xarakterli müraciət daxil olub.
Məlumata görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunan tədbirdə deyib.
Agentlik sədrinin sözlərinə görə, müraciətlərdən 359-u qida zəhərlənmələri ilə bağlı şikayətlər olub. Agentliyin əməkdaşları tərəfindən operativ qaydada aparılan araşdırmalar nəticəsində 167 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 403 nəfərin qida zəhərlənməsinə məruz qaldığı müəyyən edilib. Zərərçəkənlərdən 2-si vəfat edib.

Aparılmış yoxlamalar nəticəsində Agentlik tərəfindən istehlak üçün yararsız 127 821 kq qida məhsulu və 3620 litr spirtsiz içki məhv edilib, 96 177 kq məhsul zərərsizləşdirilib və 1500 ton taxılın geri qaytarılması haqqında qərar qəbul edilib.

Q.Təhməzli əlavə edib ki, baytarlıq nəzarəti tədbirləri nəticəsində, baytarlıq müfəttişləri tərəfindən müvafiq nöqsanların aradan qaldırılması ilə bağlı ölkə üzrə ümumilikdə, 46 187.5 kq ət və ət məhsulları məhv edilib, idxal edilmiş 58 200 kq məhsul isə ixracatçı ölkəyə geriyə qaytarılıb.

Agentlik tərəfindən Daxili İşlər Nazirliyi əməkdaşlarının köməyilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində mikrobioloji və orqanoleptik cəhətdən qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verməyən 5947 kq ət aşkar olunub.

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyası və regional sınaq laboratoriyalarında patoloji material nümunələrinin ekspertizası həyata keçirilib və aparılmış təhlillər nəticəsində 4218 (4%) halda infeksion və invazion xəstəliklər aşkar edilib. Laboratoriya müayinələrinin nəticələrinə görə 1958 halda invazion xəstəliklər, 1562 halda brusellyoz, 225 halda xlamidioz, 287 halda pasterellyoz və 67 halda quduzluq xəstəlikləri aşkarlanıb.

Əslində, QTA-nın məlumatı yay aylarında qidalanmaya diqqətlı yanaşmalı olduğumuzu göstərir. 
Tibb mütəxəssisləri də yay aylarında düzgün qidalanmanın sağlamlığın əsas şərti olduğunu deyir. 

Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov «Sherg.az»a açıqlamasında isti havalarda düzgün qidalanmaya diqqət edilməsini vacib olduğunu bir daha vurğuladı:

- Yay aylarında ən çox çağırışlar günvurmanın təsiri ilə yaranan halsızlıq, ürək-damar sistemi xəstəlikləri, qan dövranı və xroniki xəstəliklərlə bağlı olur. Məlumdur ki, havaların isti keçməsi sağlamlığında problemlər olan insanlar üçün ikiqat təhlükəlidir. Ona görə də belə insanlar isti havalarda səhhətlərinə xüsusilə fikir verməlidir və müalicə həkimindən məsləhət almalıdırlar. Sağlamlığa diqqətlə yanaşmaq eyni zamanda, hansısa aşkar xəstəliyi olmayanlara da aiddir. Hamı isti havalarda, günün qızmar saatlarında qaydalara əməl etməli, günəş şüaları ilə birbaşa təmasdan çəkinməli, kölgəlikdə, sərin yerlərdə dayanmağa üstünlük verməlidirlər. Başlıca şərtlərdən biri gün ərzində lazımi miqdarda saf su qəbul etməkdir. İsti havalarda orqanizmin suya tələbatı artır. Qida da əsas faktorlardan biridir. Biz həmişə məsləhət görürük ki, isti havalarda ağır, yağlı qidalardan uzaq olmaq lazımdır. Qədərindən artıq qidalanma mədəyə ağırlıq gətirir, nəticədə insan halsızlaşır, özünü yorğun hiss edir. Mövsümi giləmeyvələrin qəbuluna da diqqət etmək lazımdır. Xüsusilə də bostan məhsulları, qarpız və yemişi kəsdikdə qısa müddət ərzində tükətmək lazımdır.

Bəzən əhali qarpızı alır, kəsir soyuducuya qoyur ki, soyusun. Qarpız bir neçə saat soyuducuda qalır, belə vəziyyətdə tərkibində dəyişiklik baş verə bilər. Bu da zəhərlənməyə, mədə-bağırsaq pozuntusuna gətirib çıxarır. Uşaqların qidalanmasına da xüsusi önəm verilməlidir. Meyvə-tərəvəz, giləmeyvələr mütləq yaxşıca yuyulmalıdır. Geni dəyişdirilmiş, kimyəvi maddələrin köməyi ilə becərilən məhsullardan uzaq olmaq lazımdır. 



Paylaş
Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu