Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda niyə maraqlıdır ? - AKTUAL



"Avropa Parlamentinə seçkilər keçirildi. Bu seçkilərdən sonra Avropa İttifaqı strukturlarına yeni şəxslər rəhbər seçildilər. Bu rəhbərlərin seçilməsi üçün Avropa İttifaqına daxil olan dövlətlərin hamısının konsensusu lazımdır. Belə bir konsensus əldə olundu. Buna baxmayaraq, Avropa İttifaqına hələlik rəhbərlik edən şəxslər fəaliyyətlərinə davam edirlər. Məsələn, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk əvvəlcə Ukraynaya, oradan isə Azərbaycana səfər etdi. Polşalı siyasətçi olan Tusk Ukraynana dəstək verir və Rusiyanın siyasətini sərt tənqid edir.  Rusiya prezidenti Vladimir Putin son müsahibəsində dedi ki, “liberal dəyərlər artıq işləmir”. Buna münasibət bildirən Donald Tusk Avropanın liberal dəyərlərdən imtina etməyəcini bildirdi. Yəni Tusk Putinə demək istədi ki, Rusiya prezidentinin liberal dəyərlər barədə fikirləri yanlışdır".
Bu barədə "Sherg.az"a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, D.Tusk iyulun 9-da Azərbaycana gələrək Prezident İlham Əliyevlə görüşdü. Bu görüşdə bir neçə amil diqqəti çəkdi:
"Birincisi, Azərbaycanın iştirakçısı olduğu enerji layihələri və qazın Avropaya çatdırılması ətrafında fikir mübadiləsi aparıldı. Tusk bu əməkdaşlığı yüksək qiymətləndirdi və İlham Əliyevin bu istiqamətdəki səylərini dəstəklədiklərini dedi.
İkincisi, Azərbaycan prezidenti diqqəti Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan torpaqlarının işğal altında qalmasına yönəltdi. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də göstərir.
Üçüncüsü, Azərbaycanla Avropa İttifaqı arasında strateji əməkdaşlıq sazişinin imzalanması vacibliyi vurğulandı. Danışıqlar hələ davam edir. Sənədin böyük hissəsi artır hazırdır.
Dördüncüsü, Donald Tusk İlham Əliyevlə görüşdə qanunu aliliyinə, insan haqları və digər azadlıqlara diqqəti çəkdi. Yəni Tusk demək istədi ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq enerji və təhlükəsizlik mövzuları ilə yanaşı demokratiya məsələrini də əsas tutacaq. Təsadüfi deyil ki, Donald Tusk Prezident İlham Əliyevlə yanaşı Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb, fikir mübadiləsi aparıb.
Beləliklə, bu Donald Tuskun Avropa İttifaqı Şurasının Prezidenti qismində Azərbaycana son səfəri idi. Bundan sonra rəsmi Bakı Avropa İttifaqının yeni rəhbərləri ilə işləyəcək. Azərbaycan gələn ildən başlayaraq Avropaya qaz nəql edəcək. Digər tərəfdən Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqına üzv ölkələrdir. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin qısa müddətdə imzalanması vacibdir. Bu saziş birinci növbədə Azərbaycana lazımdır ki, Avropa İttifaqı ilə münasibətlərin dəqiq çizgiləri müəyyənləşsin".

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu