Bakıda pomidor yelləri "əsir" - Qəhətə çıxdı

Bahalaşmanın səbəblərini düz-əməlli aydınlaşdıran yoxdur

Hamı pomidorun qiymətindən danışır. Pomidor hazırda ölkənin bir nömrəli problemidir. Bazar-dükandan qayıdan, «belə də iş olar?! Pomidorun kilosu 2 manatdı!» deyib yaxasın dartır. Nə baş verir? Yayın ortasında əhali niyə pomidor-xiyara, meyvə-tərəvəzə həsrət qalıb?  Modern.az-ın araşdırmasına görə, «bazarda 1 kiloqram kartofun qiyməti 90 qəpiklə 1 manat 20 qəpik arası, xiyarın qiyməti 90 qəpiklə 1 manat arası, pomidorun qiyməti 80 qəpiklə 1 manat 50 qəpik arasında dəyişir. Çiyələk, gilas, ərik, şaftalının qiymətindən isə danışmağa dəyməz, qiymətlər əl yandırır...» Gilas 5-6 manat (yeməli olanını deyirik, atılasının qiymətini yox – M.R.), ərik 2.80-dən 3-4 manatadək. Şaftalı 2-3 manat. Sosial şəbəkələrdə də əsas müzakirə və paylaşımlar pomidor-xiyar ətrafındadı: 
Dünya Sakit belə bir paylaşım edib:
«Rayonda pomidorun kilosu 1,2 manata, xiyar 70 qəpiyə, alma, armud, şaftalı 1,5 manata, kartof 60 qəpik, ərik 3 manatadırsa....Bütün ölkə boyu kənd təsərrüfatı məhsulları od tutub yanır. Bəzi meyvələri başa düşdük, bəs kartof-soğan, digər meyvələrə nə olub...Nə qədər ki, kəndlinin bazara yolu bağlı olacaq, məhsul kənddən şəhərə 5 əldən keçib çatacaq, qiymətlər belə baha olacaq. Dövlət məhsulu özü alıb şəhərə çatdırmaqdansa, kəndliyə imkan verməlidir malını özü gətirib satsın».
Rövşən Ağayev statusa belə cavab yazıb:«Türkiyədə, xüsusən İzmirdə bələdiyyələrin təşkil elədiyi satış şəbəkəsinin təcrübəsini öyrənsinlər. Amma onu da öyrənsələr, bizdə bələdiyyə yoxdu».
Qısası, hazırda paytaxtda pomidor yelləri «əsir».  Rəsmi qurumların da bir cavabı var
Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli də Modern.az-a son günlərin bahalaşma tendensiyasından danışıb. N.Nəsirli qeyd edib ki, hazırda  pomidorun qiyməti əsas müzakirə mövzusudur:
“İyul ayını hamı həsrətlə ona görə gözləyir ki, el dilində desək, Xaçmaz, Şəmkir, Sabirabad, Masallı pomidoru çıxsın, qiymətlər ucuzlaşsın, bir tərəfdən evlərə qış tədarükü başlasın, digər tərəfdən insanlar yayın bürküsündə pendir-çörək süfrəsi açıb istinin ləzzətini çıxarsınlar. Lakin iyulun onuncu gününü yaşasaq da hələ açıq sahə pomidoru bazarlara çıxmayıb. Səbəb? Builki təsərrüfat mövsümünü istisna hal kimi qiymətləndirmək olar. Məsələ burasındadır ki, ilkin yazdan başlayaraq, havaların qeyri-sabit keçməsi, temperatur dəyişmələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ciddi risklər ortaya çıxardı. Əlverişsiz havalar ilkin yaz mövsümündə tumlu meyvə ağaclarının potensial məhsuldarlığa çatmasına imkan vermədi, ağaclarda mayalanma prosesi yağışların təsiri ilə başa çatmadığına görə məhsuldarlıq  (gilas, ərik, alça və s.) aşağı düşdü”.
Ekspert deyib ki, iyun-iyul aylarındakı meteoroloji göstəricilərinin təhlili əlverişsiz havalar artıq açıq sahə tərəvəzçiliyinə də mənfi təsir göstərməkdədir:
“İstehsal təqviminə görə, temperaturun yüksəlməsi, şitillərin məhsulvermə dövrünün başa çatması ilə əlaqədar olaraq iyunun ikinci on günlüyündə istixanalar fəaliyyətini dayandırır, iyulun əvvəllərində isə açıq sahədə yetişdirilən tərəvəz məhsulları bazara girərək, istehlak zəncirində fasilənin yaranmasına imkan vermirdi. Bu il zəncirdəki harmonik əlaqə pozuldu, iyunun sonunda istixanalar təsərrüfat mövsümünə qismən yekun vursalar da, açıq sahədə əkilmiş bostanlarda məhsul vaxtında yetişməyib. İstilik bütün bitkilər kimi tərəvəz məhsullarının yetişməsi üçün ən mühüm şərtdir. Artıq iki həftədir ki, məhsulun yetişməsi üçün faydalı istilik əmsalı yaranmadığı üçün kütləvi yetişmə prosesi  gecikir.
Dünən əsas tərəvəzçilik rayonlarında apardığımız müşahidələrə görə, iki həftəyə yaxındır ki, pomidorun yetişməsi üçün tələb olunan müsbət 25-26 dərəcə temperatur yaranmadığı üçün bostanlarda təxminən 15 günlük gecikmə əmələ gəlib. Ötən ilə qədər bostanlarda iyulun 1-dən kütləvi tədarük başlayırdı, dünənki müşahidələrə görə, fermerlər yalnız ala-kal məhsulların yığımına  başlayıb, oda ki, “yavaş-yavaş”. Fermerlər deyirlər ki, tez, orta və gec yetişən sortlar əksələr də, yetişmə prosesində ardıcıllıq itib, tez yetişən sortların yığımı iyulun 10-na qədər başa çatmalı idi, lakin hələ yığımı yenicə başlayb. Məntiqi olaraq istehsalda təbii amillərin təsiri ilə yaranmış bu qısamüddətli fasilə bazarlardakı qiymətlərə öz təsirini göstərib. İqlimdəki qeyri-stabillik düzələrsə, ən uzağı bir həftədən sonra sahələrdə kütləvi yığım başlayacaq. Bununla da bazarlarda qiymət təlatümü xeyli səngiyəcək”.Hər problemə bir cavab tapılmalıdır, tapılır da. Meyvə-tərəvəzin, pomidorun bahalığını gətirib iqlim şəraitinə bağladılar. Sual olunmalıdır ki, bəs Kənd Təsərrüfatı Nazirliyi nə üçündür? Niyə risklər əvvəldən nəzərə alınmır. Belə çıxır ki, yağıntılar çox düşüb, taxıl becərilməsə camaat acından qırılacaq? İqlim şəraitinin qeyri-sabit olduğu artıq illərdir ki, müşahidə edilir. Təbiət bizdən üz döndərib. Onda çalışmaq, zəhmət çəkmək lazım deyil, sahələr əkib-becərilməsin heç. Belə məntiq olar?!İqtisadçı Fuad İbrahimov «Şərq»ə açıqlamasında bazardakı qiymət artımının daha çox antireklamla bağlı olduğunu dedi:
- Bu məsələ ilə bağlı neçə gündür, necə deyərlər, yuxuma haram qatıb  araşdırma aparıram. Elə bir layihə üzərində işləyirəm ki, bazardakı vəziyyət barədə məlumatım var. Bu gün (dünən) səhər tezdən paytaxtdakı Təzə Bazara getmişəm. Təzə Bazar Bakıda ən bahalı bazar olub həmişə. Pomidorun kiloqramı 80-90 qəpik, 1 manat, 1 manat 50 qəpik arası dəyişir. Qiymət dəyişikliyi pomidorun növünə görədir. Mən bu bazarda 2 manata pomidor görmədim. Dünən evə 80 qəpiklik pomidordan alıb aparmışam. Şükür, evdəkilər sağ-salamatdı… Hesab edirəm ki, bahalığın başlıca səbəblərindən biri sabotajdı. Neqativ xəbərlər daha tez yayılır. Hardasa bir market rəhbərinin, bazar sahibinin gözdən uzaq olduğunu bildiyindən hansısa məhsulun qiymətini qaldırması faktları da var.
Bunun qarşısı dövlət nəzarət orqanları tərəfindən alınmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları zəhmət çəkib kabinetlərindən çıxmalı, bazarlara gedib vəziyyətlə yerində tanış olmalı və video-roliklər hazırlayıb sosial şəbəkələrdə yaymalıdırlar. Hazırda informasiyanın cəmiyyətə ötürülməsi üçün istənilən qədər texniki imkanlar var.
Niyə imkan verirlər ki, neqativ xəbərlər sürətlə yayılsın? Bazarların böyüyü var, onlardan soruşsunlar, araşdırsınlar. Məsələn, mən dəfələrlə müşahidə aparmışam ki, sübh tezdən «Meyvəli» satış mərkəzinə müxtəlif bölgələrdən fermerlər tərəfindən məhsul gətirilir. Qiyməti də ucuz olur. İaşə obyektləri, satış mərkəzlərinin rəhbərləri ucuz qiymətə məhsulu alır, obyektində fərqli qiymətə satışa çıxarır.
Bizim camaatda bir az tənbəllik də var. Az qalırlar, desinlər ki, bazar evimizə gəlsin. Durub bir az yol qət edib bazara getməyə ərinirlər. ABŞ-da insanlar bazarlıq üçün 20-30 kilometr məsafə qət edir. Hazırda Bakının Şərifzadə küçəsində hər cür meyvə-tərəvəz uyğun qiymətlərə satışdadır. Ordan keçmişəm və görürəm, iri, sulu şaftalılar uyğun qiymətə satılır. Başqa meyvə-tərəvəz də nə qədər istəsən var.
Amma adamlar ərindiyindən bazarlığa çıxmır. Binalarının altındakı marketə düşüb bazarlıq etmək istəyirlər, orda da, əlbəttə, qiymətlər bahadır.
Ən ucuz bazarlardan biri əhalinin «8-ci kilometr» adı ilə tanıdığı bazardı. Yəni cüzdanımızın istehlak səbətimizə uyğun olmasını istəyiriksə, özümüzə bir az əziyyət verməliyik.  

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu