“O vaxt bizim Yazıçılar İttifaqı əleyhimə çıxdı, amma Heydər Əliyev mənə dayaq durdu” - MÜSAHİBƏ

Müsahibimiz xalq şairi Nəriman Həsənzadədir. Onunla Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana ilk dəfə rəhbər seçilməsi, ümumilli liderin Azərbaycanın yaradıcı ziyalılarına göstərdiyi diqqət,  onun yazıçılarımızı növbəti repressiya dalğasından necə xilas etməsi, Azərbaycan dilinin qorunması və başqa məsələlərlə bağlı gördüyü mühüm işlər ətrafında maraqlı söhbət apardıq.
“Sherg.az” söhbəti təqdim edir.  
-Heydər Əliyev 1969-cu ilin 14 iyulunda Respublika Mərkəzi Komitəsinin birinci katibi seçildi. Bundan sonra ölkəmizdə nə kimi dəyişikliklər baş verdi ?  
- Ulu öndər Heydər Əliyev Azərbaycanda mühiti dəyişdi. Mən bu prosesin şahidi olmuşam. Bütün yaradıcı ziyalıların həyatı tamamən dəyişdi. “Nəriman” əsərini yazanda Heydər Əliyev mənim arxivdə işləməyimə icazə verdi. Heydər Əliyev yazıçını yazıçıdan şairi də şairdən qoruyurdu. Faktlar deyərəm. 
- Deyilənə görə, Ulu Öndər yeni yazılan bütün sanballı əsərləri oxuyurmuş...  
 - O yazıçılara o qədər bağlı idi ki... Əlbəttə, yeni yazılan əsərləri oxuyurdu. Ona kimin yaxşı, kimin orta və ya zəif olduğunu deməyə ehtiyac yox idi. Özü hər şeyi bilirdi və qiymətləndirirdi. Hamını da çox sevirdi. Heydər Əliyev olmasa idi, Azərbaycanda repressiya olacaqdı. 
- Bəs, bu amansız dalğanın qarşısını necə alıb ?
- Ona demişdilər ki, dissident varmı, o da “yox” cavabı vermişdi. Ulu Öndər olmasa idi, çox adam bada gedəcəkdi. Heydər Əliyev çox böyük işlər gördü, bu prosesin qarşısını aldı. KQB xofunu ürəyimizdən götürdü. Biz də bu ölkənin, torpağın balalarıyıq.  Öz ölkəmizdə yad kimi qalmışdıq. Moskva paytaxt olandan sonra nətər olmalı idi ? 
- Şair və yazıçılarla tez-tez səfərlərə çıxırdı, onlarla görüşürdü. Bu, yaradıcı ziyalılara necə təsir bağışlayırdı ? 
- Bizi yanına salıb, görüşlərə, tədbirlərə aparırdı. Biz də daha da ürəklənirdik.  Bu kişi bizi o qədər üstün tuturdu ki... Bəzən kimlərsə belə deyir: “Heydər Əliyevlə görüşlərim”. Gərək onu bu cür ifadə etsinlər: “Heydər Əliyevin görüşləri” İndi bir nazirlə görüşmək istəsək, qəbuluna düşə bilərikmi ? Xeyr ! Amma Heydər Əliyevin özü yaradıcı ziyalılar və gənclərlə görüşmək istəyirdi. Mənim Nəriman haqqında poemamı yazmağım üçün köməklik etdi.
Məsələn...
-Arxivdə işləməyimə icazə verdi. Sonra həmin əsərin əsasında pyes yazdım. Heydər Əliyev Mərkəzi Komitənin işçiləri ilə birgə gəlib o pyesin tamaşasında iştirak etdi. Çox yüksək qiymət verdi, şəkillər çəkdirdik. Bu pyesim Moskvada da səhnələşdirildi. Sonra “Atabəylər”pyesimi yazdım. O pyes Akademik teatrda bir neçə il oynanıldı. Ulu Öndərin özü göstəriş verdi ki, bu əsər hər gün oynanılmalıdır. Mənim yaşımda olan və ya  mənim dövrümdə yaşamış hansısa yazıçını dindirsən hamısı Heydər Əliyevə minnətdarlıq ifadə edəcək. O təkcə Azərbaycana və azərbaycanlılara deyil, bütün türk xalqlarına, eləcə də digər xalqlara qayğı göstərirdi. Bu dahi insanın niyyəti yaxşılıq etmək idi.
-Konkret olaraq sizə nə kimi yaxşılıqlar edib və onları sadalaya bilərsinizmi ? 
- Mənim “Kimin sualı var ?”poemamı müzakirə edib əleyhimə işlər görmüşdülər. Onda Heydər Əliyev mənə arxa durdu. Ona görə deyirəm, Heydər Əliyev yazıçını yazıçıdan, şairi də şairdən qoruyurdu. Məni onlardan qorudur. 
Bundan başqa mən “Ədəbiyyat” qəzetinin redaktoru olanda Mərkəzi Komitədə büro bunu müzakirəyə qoydu. Hamı əleyhimə çıxdı. Bizim Yazıçılar İttifaqından da hamı əleyhimə oldu. Bildirdilər ki, qəzet zəif çıxır. 6 ay idi işləyirdim. Amma onlar 3 illiyi müzakirə edirdilər. Heydər Əliyev mənə dayaq durdu. Ayağa qalxıb ərz etdi ki, bu qəzet yaxşı çıxır, bu qəzeti mən özüm oxuyuram. Biz o qəzeti bərabər buraxırdıq. 
O vaxt yazdığım şeirlərimdən birində deyirdim:Nəriman dedikcə Nərimanlaşıram Özümdə dəyişdim bu neçə ildə...
Mərkəzi Komitənin rəhbərlərindən biri mənə söylədi ki, Nərminalaşmaq yox, elmləşmək lazımdır. Və sən “Ədəbiyyat” qəzetinin baş redaktoru ola bilməzsən. Amm Heydər Əliyev bunu eşitmişdi və məni büroda müdafiə etdi.
-Xarakter baxımından necə şəxsiyyət idi ?
-Heydər Əliyev özünü sındıran adam deyildi. Ömrünün sonuna kimi də belə qaldı. Prinsiplərinə heç zaman xəyanət etmədi. Böyük şəxsiyyət idi. Özününkünü qətiyyən ayağa vermirdi. Doğması kimi baxırdı. Onu həyatım boyu unuda bilmərəm. Mənə əməkdar incəsənət xadimi fəxri adını verdi. Allah rəhmət eləsin. Onun dövrü  ədəbiyyat, mədəniyyət və incəsənətimizin intibah dövrü idi. Heydər Əliyev deyirdi: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam !” O bunu sizə, mənə demirdi, bunu daha uzaqlara eşitdirirdi. Bax, bu mənada Heydər Əliyev böyük şəxsiyyət idi.- Bilirik ki, həmin dönəmdə Azərbaycan dilinin unutdurulması, sıradan çıxarılması prosesi gedirdi. Amma Heydər Əliyev buna imkan verməyib... - O, Azərbaycan dili ilə bağlı da ciddi addımlar atdı. Azərbaycan dilinin qrammatikasını yazanlara dövlət mükafatı verdi. 1978-ci ildə Sovet dövrünün ən qızğın çağı idi. H.Əliyev bu dövrdə Azərbaycan dilini dövlət dili kimi konstitutsiyaya salınmasına müyəssər oldu. O dövrdə dil məsələlərinə də nəzarət var idi. Buna rəğmən Heydər Əliyev Azərbaycan dilinin qorunması ilə bağlı istəyinə nail ola bildi. Baxın, Nəriman Nərimanovun heykəli qoyuldu. Mənim yadımdadır heykəltaraş Cəlal Qaryağdı deyirdi: “Nəriman Nərimanovun heykəlini 10 il idi ki, hazırlamışdım, emalatxanada qalmışdı. Heydər Əliyev gəlib onun heykəlini qoydu”. Bu heykəlin ucaldılmasını istəməylər “yuxarı”ya məktub yazmışdı ki, Nəriman Nərimanovun heykəli Kirovul heykəlindən üstündür. Belə məsələlər var idi. Məhz bu müqəddəs xidmətlərinə görə, Heydər Əliyev hamımızın qəlbində daim yaşayacaq. Bundan başqa Heydər Əliyev öz qadınına heykəl qoyan 3 böyük türk hökmdarından biridir. XII əsrdə Atabəy Şəmsəddin Eldəniz  öz qadınına Möminə Xatun abidəsi ucaldıb. Cahanşah Hindistanda Tac Mahalda öz sevdiyinin xatirəsinə abidə qoydu. Heydər Əliyev də öz qadınına heykəl ucaltdırdı. İndi kim Heydər Əliyevi ziyarət edir, onun yoldaşına da baş çəkir.
- Həm də  çox nəhəng siyasətçi olub, bunu dünyanın tanınmış siyasətçiləri və liderləri də etiraf ediblər... 
- Tam doğrudur. Mən bu faktı qəzetdə oxumuşam. ABŞ-ın sabiq prezidenti Klinton demişdi: “Heydər Əliyev, siz təkcə Azərbaycanı yox, Amerikanı da idarə  etməyə layiq şəxsiyyətsiniz”.  Onun şəxsiyyətinə heyran qalırdılar. O Azərbaycan və dünya tarixinə çöx böyük bir şəxsiyyət və düha kimi düşdü. 
- Heydər Əliyevin müəyyən etdiyi sosial- iqtisadi, siyasi və mədəni kurs hazırda Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir...
-Nə yaxşı ki, İlham Əliyev onun yanında yetişib böyüyüb. Allah onun da canını sağ eləsin ! Nə yaxşı ki, onun yerinə İlham Əliyev gəldi. Heydər Əliyev bizi rayonlara və ya xarici ölkələrə səfərlərə aparanda İlham Əliyev də həmişə yanımızda olurdu. Tədbirlərə bir ailə kimi  gedib, gəlirdik. Yənə deyirəm ki, nə yaxşı ki, onun yerinə İlham Əliyev gəldi.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu