Rusiya-Gürcüstan və İran-ABŞ gərginliyinin Azərbaycana təsirləri...- AKTUAL

Bölgədə gərgin vəziyyət hökm sürür. Rusiya-Gürcüstan və İran-ABŞ münasibətləri gərginləşir. Rusiya Gürcüstana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Halbuki, Rusiya prezident Vladimir Putin gürcü xalqına qarşı sanksiya tətbiq etmək istəmədiyini bildirib. Buna baxmayaraq, Kremldə narahatdırlar ki, Gürcüstanda anti-Rusiya əhval-ruhiyyəsi güclənir. Kreml sanksiya vasitəsilə Gürcüstan hakimiyyətinə və cəmiyyətinə anlatmaq istəyir ki, Gürcüstanın maliyyə itkisi böyük olacaq. Həqiqətən Rusiya Gürcüstana qarşı sanskiyaları tətbiq etməyə başlayarsa Gürcüstanın maliyyə itkiləri yüz milyonlarla dollar olacaq. Bu kiçik Gürcüstan üçün böyük rəqəm sayıla bilər. Təsadüfi deyil ki, Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya hakimiyyətinə müraciət edərək, sərt addımlar atmamağa çağırış edib. Azərbaycanın adıçəkilən ölkələrlə münasibətləri normaldır və hər biri ilə əməkdaşlıq edir. Ona görə də Azərbaycan tərəfdaş ölkələr arasında gərginliyin əleyhinədir. 

Bəs bölgədəki gərginliyin Azərbaycana təsirləri nə ola bilər
Regionla bağlı narahatlığı “Sherg.az”a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Azərbaycan həm Rusiya, həm də Gürcüstanla iqtisadi və ticarət əlaqələrinə malikdir: 
“Azərbaycan bu gərginlikdə tərəf tutmur. Tam əksinə, Azərbaycan hər iki ölkə ilə iqtisadi əlaqələri genişləndirməyə çalışır. Buna baxmayaraq, Moskva Gürcüstanla yanaşı Azərbaycanın kənd təsərrüfatı məhsullarının da Rusiyaya ixracına əngəllər yaratmağa başlayıb. Bu, Azərbaycanın aqrar məhsullarının ixracına qadağa qoyulması ilə bağlı ilk fakt deyil. Rusiya bəzi hallarda bu amildən siyasi təzyiq vasitəsi kimi istifadə edir”. Ekspertin fikrincə, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşdirilməsi Ermənistana da problemlər yarada bilər“Rusiyanın Gürcüstana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistan iqtisadiyyatına mənfi təsir edəcək. Ermənistan Rusiya ilə Gürcüstan üzərindən ticarət əməkdaşlığını saxlayır. Moskva-Tbilisi münasibətlərinin gərginləşməsi Ermənistanın tranzit imkanlarına zərbə vurur”. 
Analitik əlavə edib ki, İranla ABŞ arasında artan gərginlik də həm Azərbaycanda, həm də Ermənistanda diqqətlə izlənilir“Vaşinqton Tehranla əməkdaşlıq edən ölkələri hədəf alır. Ermənistan isə İranla iqtisadi əməkdaşlığa önəm verir. Bu yaxınlarda erməni hökumətindən bir heyət məhz əməkdaşlığı inkişaf etdirmək üçün Tehrana getmişdi. İranın iqtisadi baxımdan zəifləməsi Ermənistan bazarı üçün də problemlər yaradacaq. Azərbaycanın da İranla ortaq layihələri var. Rəsmi Bakı İran iqtisadiyyatının zəifləməsini istəmir.
Ancaq əgər sanksiyalar İran iqtisadiyyatını zəiflədərsə, Azərbaycan iqtisadiyyatı zərərlərdən özünü qorumağa çalışacaq. Türkiyə də eyni vəziyyətdədir. Əlbəttə Türkiyənin ABŞ-la münasibətlərini isti adlandırmaq olmaz. Ankara Vaşinqtonun istəyi ilə İranla münasibətləri zəiflətməyəcək. Əksinə, Türkiyə İran neftini daha ucuz qiymətə almağa çalışacaq”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu