“Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanı müstəqilliyə hazırlayırdı” - Deputat


“Müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevdir”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Musa Quliyev deyib. 

Deputat bildirib ki, sovet hökumətinin son illəri, xüsusən Brejnevin hakimiyyət dövrünü SSRİ-nin durğunluq dövrü adlandırırdılar. Təkcə Azərbaycanda hərtərəfli inkişaf olduğunu etiraf edirdilər: 

“Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər intibah dövrü adlanırdı. Həqiqətən də, qısa müddət ərzində ümummilli lider Heydər Əliyev Azərbaycanı SSRİ-nin ən geridə qalmış respublikasından ən qabaqcıl ölkəyə çevirdi. 1969-cu ilə qədər Azərbaycan özünün sosial-iqtisadi göstəricilərinə görə, İttifaqın 15 respublikası arasında 13-cü yerdə idi. Ancaq imperiya dağılana yaxın Azərbaycan iqtisadi göstəricilərinə görə, Rusiyadan sonra 2-ci yerdə qərarlaşdı. Azərbaycan Ulu Öndərə qədər yalnız meyvə-tərəvəz və kənd təsərrüfatı xammalı bazası rolunu oynayırdı. Heydər Əliyev Azərbaycanı inkişaf etmiş bir sənaye respublikasına çevirdi. Bakı, Sumqayıt, Gəncə şəhərlərində əhalinin mənzil problemi sürətlə həll olundu. Kəndlərdə evlər tikilməyə başlandı, həmin dövrə qədər kəndlərdə demək olar ki, ikimərtəbəli evlər yox idi, daş evlər az idi. Kənd yerində ümumiyyətlə asfalt yol anlayışı yox idi. Heydər Əliyevin xidməti sayəsində kəndlər zənginləşdi, bölgələr inkişaf etdi. Pambıq və üzümçülüklə bağlı ümummilli liderin təşəbbüsü ilə SSRİ Nazirlər Soveti qərarlar qəbul etdi. Bu sahələr ölkəmizdə qısa zaman ərzində inkişaf etdirildi. Milyonlarla manat vəsait SSRİ büdcəsindən Azərbaycan büdcəsinə, konkret olaraq zəhmətkeşlərimizə, kəndlilərə yönləndirildi. Nəticədə insanlarımız zənginləşməyə başladı. Heydər Əliyev iqtisadi uğurları çox böyük məharətlə sosial sahənin inkişafına, vətəndaşların rifah halının inkişafına, eyni zamanda mədəniyyətin, idmanın və digər sahələrin inkişafına yönəltdi”. 

Parlament üzvünün sözlərinə görə, Heydər Əliyev Azərbaycançılıq ideyasının bünövrəsini qoydu

“Ulu öndər hakimiyyətə gələnə qədər Bakıda və digər iri şəhərlərdə demək olar ki, Azərbaycan dili sıxışdırılmışdı. Nəinki dövlət müəssisələrində, hətta məişət səviyyəsində belə Azərbaycan dili ikinci plana keçmişdi. Ancaq qısa müddət ərzində Heydər Əliyev Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsi üçün cəsarətli addımlar atdı. 1977-ci ildə Azərbaycan Respublikasının konstitusiyası işlənilən zaman Ulu Öndərin böyük cəsarəti sayəsində Azərbaycan dili rus dili ilə yanaşı dövlət dili statusunu qazandı. Daha sonra universitetlərin, peşə məktəblərinin sayı artdı. Heydər Əliyevin Naxçıvanski adına Hərbi Məktəbi açması çox böyük iş idi. Hətta ümummilli liderin heç bir xidməti olmasaydı belə sadəcə, bu məktəbin açılması Heydər Əliyevin adının qızıl hərflərlə Azərbaycan tarixinə yazılmasına kifayət edərdi. Çünki, hərbi məktəbin açılması ilə Azərbaycanda zabit kadrlarının yetişməsinin əsası qoyuldu. Ona qədər azərbaycanlıları orduya qəbul etmirdilər, etsələr belə ikinci-üçüncü dərəcəli işlərə, tikinti sahəsinə yönləndirirdilər. Bu məktəbin müdavimi olan zabitlər Qarabağ müharibəsində və daha sonra Azərbaycanın şərəfini qürurla qoruya bilirlər”. 

M.Quliyev vurğulayıb ki, Heydər Əliyev minlərlə abituriyenti SSRİ-nin qabaqcıl ali təhsil ocaqlarına göndərdi

“Həmin şəxslər indiki Azərbaycanın elitasını təşkil edirlər. O zaman təkcə ziyalıların içərisindən 11 nəfər imperiyanın ən yüksək təltifi olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Ulu Öndər Azərbaycan ziyalısını SSRİ məkanında tanıdırdı. Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanı müstəqilliyə hazırlayırdı. Yəni, sənaye komleksi yaratdı, hərbi məktəbi təsis etdi, ziyalı potensialı formalaşdırdı, milli ideologiya ayaq üstə idi və s. Bunların hamısı müstəqillik üçün çox vacib şərtlər idi. SSRİ Dövlət Plan Komitəsinin rəhbəri Nikolay Baybakov əslən bakılı idi. O, Heydər Əliyev haqqında iki gözəl fikir söyləmişdi. Birincisi, deyirdi ki, “Mən Azərbaycanı Heydər Əliyev qədər sevən ikinci şəxs tanımıram”. İkinci fikri isə o idi ki, “Heydər Əliyev üzümçülük və şərabçılığı olduqca sürətlə inkişaf etdirdi. Azərbaycan iqtisadiyyatını təmin etməklə yanaşı, həm də mərkəzi hökumətin başını üzüm və pambıqla qataraq Azərbaycanın ən dəyərli sərvəti olan nefti və qazı xalqın müstəqilliyi üçün qoruyub saxladı. Bu, çox böyük qiymətdir və Heydər Əliyevin nə qədər uzaqgörən dövlət xadimi olduğunun bir nümunəsidir”. 

Milli Məclisin üzvü bəyan edib ki, Ulu öndər 1982-87-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Bürönün üzvü vəzifəsində olarkən həmişə xalqını düşünüb, onları müdafiə edib

“Onun zamanında Mərkəzi Komitənin qəbul etdiyi iki vacib qərarı xatırlatmaq istəyirəm. Bunlardan biri Xəzər dənizinin bütün sahilləri boyu kurort zonalarının yaradılması idi. Biz turizm sahələrinin inkişafından danışırıq. Amma Heydər Əliyev bunu hələ 1980-ci illərdə görürdü və büdcədən vəsait alaraq bu işi həyata keçirməyə çalışırdı. İkinci böyük layihə isə Bakıdan Qubadlı-Zəngilan rayonlarından keçmək şərti ilə Naxçıvana beynəlxalq səviyyəli avtomobil yolunun çəkilməsini və daha sonra bu yolun Türkiyəyə birləşdirilməsini nəzərdə tuturdu. Bu, türk dünyasını birləşdirəcək bir layihə idi. Təəssüflər olsun ki, Heydər Əliyevin Mixail Qorboçov tərəfindən vəzifədən uzaqlaşdırılması bu planların reallaşmasına imkan vermədi”. 

Deputat əlavə edib ki, bugün Heydər Əliyev ideyalarının təntənəsi ilə Azərbaycan daha böyük beynəlxalq miqyasda nüfuz əldə edib

“Hazırda Azərbaycan dünyanın 11 kosmos dövlətindən biridir. Ölkəmizin iştirakı olmadan bölgədə heç bir layihələr reallaşa bilməz. Ordumuzun dünyanın ən nüfuzlu orduları sırasındadır. Heydər Əliyevin siyasi xətti bugün də davam edir, sabah da davam edəcək və uzun illər Azərbaycan xalqına xoşbəxtliklər gətirəcək”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu