Sıxışdırma siyasəti davam edəcək

Ancaq yaxın vaxtlarda ABŞ-İran müharibəsi gözlənilmir

İyulun 14-də İran Prezidenti Həsən Ruhani Amerika ilə danışıqlara hazır olduqlarını bildirib. Lakin bunun başlanması üçün ilkin olaraq İrana qarşı sanksiyaların ləğv edilməsinin lazım olduğunu söyləyib. ABŞ-ın Dövlət Departamentinin rəhbəri Mayk Pompeo isə bəyan edib ki, Tramp administrasiyası İranla yenidən müzakirələrin başladılması barədə yaxınlarda yekun qərar qəbul edəcək. Pompeo Ruhaninin təklifinin Kerri və Obamaya etdikləri təklifdən fərqlənmədiyini deyib. Vurğulanır ki, Ruhani bundan öncə də oxşar fikirlər səsləndirsə də, ölkənin siyasi piramidasının başında dayanan ali dini rəhbər Əli Xamneyi Tramp administrasiyasıyla müzakirələri rədd edir. Pompeo Ruhaninin təklifinin Tramp tərəfindən müsbət qarşılanacağına ümid etmədiyini bildirib. 
Tərəflərin gərginliyini “Şərq”ə təhlil edən politoloq Həsrət Rüstəmov hesab edir ki, ilk baxışdan son bəyanatlar münasibətlərin gərginləşdiyini deyil, yumşalmağa doğru getdiyini deməyə əsas verir. Lakin İran ilkin şərt kimi neft ixracına qoyulan qadağaların götürülməsini irəli sürdüyünə görə, əslində ABŞ-ı çətin vəziyyətdə qoyur:
“Əgər Amerika bu şərti qəbul edərsə, bu o demək olacaq ki, ölkə İranla bağlı siyasətinin iflasa uğradığını etiraf edir. Bunu isə Vaşinqtondan gözləmək qeyri-mümkündür. Ümumiyyətlə, hesab edirəm ki, Fars körfəzində baş verən son insidentlər zamanı tərəflərin təmkinli davranması və bir sıra digər səbəblər yaxınlarda ABŞ-İran müharibəsinin olmayacağından xəbər verir”. 
Siyasi şərhçinin fikrincə, qlobal güc olan Amerika regional nüfuz dairəsini genişləndirməyə cəhd edən İranı sıxışdırmağa, sərhədləri daxilində məhdud bir hala salmağa çalışır:
“Tək ABŞ yox, İranın nüvə razılaşmasında qalmasını istəyən İngiltərə, Almaniya və Fransa da regionda müharibənin olmasında maraqlı deyil. Onların əsas məqsədi İranın nüvə əldə etməməsi, böyük regional gücə çevrilməməsidir. Yəni real müharibə gözlənilmir və çox uzaq olmayan zamanda ABŞ-la İran dil tapacaq. Region üçün gərginləşən münasibətlərin fəsadına gəlincə, əlbəttə ki, təhlükəsizlik və iqtisadi dirçəliş baxımından bölgədəki gərginlik bizə yaxşı heç nə vəd etmir. Ona görə də arzulamalıyıq və mümkün qədər çalışmalıyıq ki, regionda sülhün əleyhinə olan platformalarda iştirak etməyək”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu