Məktəbli forması bahalaşır ? – RƏSMİ

Yayın ortası olsa da, valideynlər indidən məktəb bazarlığının dərdini çəkir.
Pomidordakı qiymət sıçrayışı valideynləri qorxudub. Pomidor 2 manatadırsa, məktəbli forması neçəyə olacaq? Qiymətlərdə dəyişiklik olacaqmı? “Şərq”in sualını cavablandıran Bakı Tikiş Evi satış şöbəsinin müdiri Etibar Əzimov məktəbli formasının qiymətinin dəyişmədiyini bildirdi: 

- 2017-ci ildən vahid məktəbli formasının qiyməti necə təyin edilibsə, bu gün də həmin qiymətdir. I – VI siniflər üçün 40 manat, VII – XI siniflər üçün 46 manat. E.Əzimov qeyd etdi ki, BTE-nin paytaxtda 8 satış nöqtəsi fəaliyyət göstərir.

İldə 20 minə yaxın məktəbli forması tikilir. Hansı ölçülərə tələbat yaranırsa, biçmə sexinə sifariş edirik, tikirlər. Yəni, məktəbli formasının çatışmaması söhbəti ola bilməz. 
E.Əzimov saxta məktəbli formaları ilə mübarizə aparmağın çətin olduğunu dedi: - “Kitayski” formalar gətirirlər, “BTE” adı ilə satırlar. O formalar “podval”larda sexlərdə tikilir. Hamısı da “poddelka”dı. 
E.Əzimov orta təhsil müəssisələrinin vahid məktəbli formasına keçidi ilə bağlı Təhsil Nazirliyinin konkret əmri olmadığını da vurğuladı: -  Məsələn, litseylər, gimnaziyalar fərqli formalar müəyyənləşdirir. Bəzi məktəblər var ki, öz şagirdlərinə fərqli, digər məktəblərdən seçilən forma təyin edirlər. Dövlət məktəblərində müəyyənləşmiş vahid məktəbli formasıdır. Amma bu hələ paytaxt məktəblərini əhatə edir. Bölgələr bura aid deyil. 
   

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu