“Bibiheybət məscidi illər sonra məhz Ulu Öndərin sayəsində yenidən həyat qazandı" - Fidan Yusifova 


“Ulu öndər Heydər Əliyev islamiyyətlə bağlı olan dini-mərasim və adətlərin daim layiqincə keçirilməsinə böyük əhəmiyyət verib”
Bunu “Sherg.az”a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova deyib. 
Şöbə müdiri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, dağıdılmış məscidlər yenidən bərpa edilməyə başlandı: 


““Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” – deyən Ulu Öndər xalqımızın əsrlərdən bəri formalaşan əxlaq, mədəniyyət, mənəviyyat kimi yüksək dəyərlərini daim uca tuturdu. 1994-cü ildə ümummilli lider Heydər Əliyev Sovet imperiyası dövründə dağıdılmış Bibiheybət məscidinin yerində yenisinin inşa olunması barədə Sərəncam imzaladı. Məscidin bərpasında  keçən əsrdə çəkilmiş şəkillərin, 1920-ci illərin ortalarında məscidin vəziyyətini təsvir edən Q.Sadiqinin 1925-ci ildə yazılmış kiçik məqaləsi, məşhur səyyahların qeydləri önəmli rol oynadı. Bərpa zamanı qorunub saxlanmış köhnə eskizlər, Şəkidəki Şəki Xan Sarayı və Gəncədəki Şah Abbas məscidində də istifadə edilmiş Azərbaycan texnologiyası - şəbəkə ustalıqla istifadə edildi. Bütün bunlar gözoxşayan əsrarəngiz bir görüntünün yaranmasına səbəb oldu”. 
F.Yusifovanın sözlərinə görə, ümummilli liderin Bibiheybət məscidinin yenidən qurulmasına vəsait ayırması və bununla bağlı işləri şəxsi nəzarətində saxlaması da dediklərimizə  sübutdur: 
“Bibiheybət məscidi illər sonra məhz Ulu Öndərin sayəsində yenidən həyat qazandı. Bütün bunlar Heydər Əliyevin timsalında ölkənin dinə, islamiyyətə olan dərin inam və hörmətinin göstəricisi idi. Bu gün təsadüfi deyil ki, Azərbaycanda bütün dinlərin nümayəndələri - müsəlman, xristian, yəhudilər əsrlərdir, sülh və qardaşlıq şəraitində birgə yaşayır. Dini dözümlülük başqaları üçün hüquqi norma, bizim üçün həyat tərzidir. Tolerantlıq xalqımıza görə mədəniyyət və mənəviyyat məsələsidir. Düz 10 il sonra, 12 iyul 2008-ci ildə  Bibiheybət ziyarətgah kompleksinin yenidən istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev qeyd edirdi: “Biz çox şadıq ki, Azərbaycanda bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, öz doğma Vətəninin inkişafına töhfələrini verirlər. Bu bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir. Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir. Bizim təcrübəmiz, mən bunu tam qətiyyətlə deyirəm, bizim təcrübəmiz, artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə, əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dünya işlərində, dünyada gedən proseslərdə artacaqdır. Biz öz milli köklərimizə, dini köklərimizə qayıtmışıq. Azərbaycan xalqını, azərbaycanlıları bütün dövrlərdə, müstəqil olmadığımız dövrlərdə bir millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olubdur, milli-mənəvi dəyərlərimiz olubdur, Ana dilimiz olubdur, bizim dinimiz olubdur. Biz bütün başqa dinlərə hörmətlə yanaşırıq və hesab edirik ki, dünyada bütün dinlərə hörmətlə yanaşılmalıdır”.
Aİİ-nin əməkdaşı vurğulayıb ki, Ümummilli Lider Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı: 
“Prezident cənab İlham Əliyevin çıxışı bir daha sübüt edir ki, hazırda ölkədə Heydər Əliyevin dövlətçilik ideyaları, siyasi irsi layiqlə davam etdirilir. Hazırda Bibiheybət məscidinin iki minarəsindən biri H.Əliyevin adını daşıyır. Bu, xalqın Ulu Öndərə olan sevgisinin, mənəvi  borcunun təcəssümüdür”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu