Üçüncü tərəf və güc mərkəzi aranı qarışdırır

Təmkinli mövqe problemi aradan qaldıracaq

Azərbaycan və Gürcüstan qonşu və strateji müttəfiq dövlətlərdir və belə də qalacaq

Məlum olduğu kimi, ötən gün Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Keşikçi Dağ” Məbəd-Kompleksində bir qrup gürcü ilə azərbaycanlı sərhədçilər arasında insident baş verib. Gürcüstan vətəndaşının keçirdiyi aksiya əsnasında gürcülər Azərbaycan sərhədçilərinə hücum çəkərək, onların silah və güllə daraqlarını əllərindən alıblar. İnsidentin gürcü tərəfdən çəkilmiş videosu sosial şəbəkələrdə də yayılıb. Xəbərdə iddia olunub ki, guya, Azərbaycan sərhədçilərinin məbəddən ikonaları götürmələri yerli sakinlərin qəzəbinə səbəb olub.

Halbuki videodan görünür ki, Azərbaycan sərhədçiləri narazılıq edən aqressiv şəxslərə, hətta təxribat niyyətində olanlara qarşı olduqca səbrli davranır, onların təhrikinə reaksiya vermirlər. Bundan başqa videodan aydın olur ki, etirazçılar arasında silahlı gürcü sərhədçilər də gəzişir və olaya müdaxilə etmirlər. Bəziləri əsassız yerə vayşüvən salırlar ki, guya, sərhədçilərimiz istənilən halda onlara təzyiq göstərən və təhqir edən sərhəd pozucularını silahla zərərsizləşdirməli idilər. Lakin əksəriyyət hesab edir ki, əsgərlərimiz təmkinli davranmaqla, üç-beş təxribatçının oyununa gəlməməklə çox düzgün addım atıblar.

Çünki heç şübhəsiz, bu hadisədə Gürcüstan və Azərbaycan münasibətlərinə xələl yetirmək istəyən, xalqlararası qarşıdurma formalaşdırmağa cəhd edən müəyyən qüvvələr var. Əsgərimizin bir anlıq səbrsiz hərəkət edərək etirazçılara atəş açması təxribatçıların çirkin planlarını reallaşdırmağa imkan yaradardı. Ötən gün məsələyə münasibət bildirən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da vurğulayıb ki, baş verən hadisələrdə böyük güclərin geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri özünü aydın büruzə verir.

Ə.Həsənov bəyan edib ki, istər Gürcüstanda, istərsə də Azərbaycanda əsasən xarici təsir altında olan bəzi maraqlı siyasi qruplar baş vermiş insidentdən yararlanmağa və hakimiyyət uğrunda mübarizədə belə həssas məqamlardan istifadə etməyə çalışırlar: “Görünən odur ki, bəhs olunan qruplar mövcud vəziyyətdən bəhrələnmək istəyən üçüncü tərəfin tarixi-dini stereotiplərlə manipulyasiyası üçün açıqdırlar və bəzən də bilərəkdən xarici təsir üçün könüllü alət rolunu oynayırlar.

Biz əvvəllər də ölkəmizin strateji maraqlarına qarşı “beşinci kolon”un imkanlarından istifadə cəhdlərini ifşa etmişik və buna yol verməmək zərurəti haqqında danışanda məhz belə halları nəzərdə tuturuq.

Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyənlərin diplomatik münasibətləri pozmaq, silaha sarılmaq kimi təxribatçı bəyanatları artıq xeyli vaxtdır ki, eşidilməkdədir. Məqsəd, əlbəttə ki, Cənubi Qafqazda yeni münaqişə ocağı alovlandırmaq yolu ilə öz ambisiyalarını Azərbaycana və Gürcüstana qəbul etdirməkdən ibarətdir. Bunun üçün onlar bir tərəfdən Gürcüstanda daxili siyasi çəkişmələri qızışdırmağa, o biri tərəfdən Azərbaycanda daxili radikal qrupların bu ölkədəki proseslərlə bağlı təxribatçı çağırışlarını təşkil etməklə iki dost ölkə arasında mili-vətəndaş ehtiraslarını qızışdırmaq və bu fonda qarşıdurma yaratmağa can atırlar”.

Gürcüstanın baş naziri Mamuka Baxtadze də sərhəddəki insidentlə bağlı danışarkən baş verən hadisənin təəssüf doğurduğunu söyləyib. Ölkə vətəndaşlarını komissiyanın və aidiyyəti qurumların sakit şəraitdə işləməsinə imkan verməyə dəvət edən baş nazir müvafiq qurumların gündəlik olaraq Azərbaycan rəsmiləri ilə əlaqə saxladıqlarını deyib: “Bu, hər birimiz üçün çox həssas məsələdir və mən hamıdan komissiyanın və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə imkan verməyi xahiş edirəm”. 

Məsələni “Şərq”ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib ki, Azərbaycan və Gürcüstan qonşu və strateji müttəfiq dövlətlərdir. Deputatın sözlərinə görə, əslində iki ölkə arasında heç bir problem yoxdur

“Sadəcə sərhədlərin delimitasiya prosesində ortaya çıxan bəzi məsələləri gürcü və Azərbaycan cəmiyyətinə problem kimi təqdim etməyə çalışan və bundan öz mənafeləri üçün istifadə etmək istəyən üçüncü tərəf və güc mərkəzi var. Çünki iki Cənubi Qafqaz ölkəsi müstəqil siyasət həyata keçirir. Bu dövlətlərin müstəqil olması, öz resurslarından milli maraqları üçün istifadə etməsi bəzi dairələrin xoşuna gəlmir.

Ona görə də “ictimai fəal” adı altında bir qrup təxribatçı qüvvələr ya bilərəkdən, ya da bilməyərəkdən Azərbaycan-Gürcüstan sərhəddində müəyyən insidentlər yaratmağa çalışırlar. Ancaq Gürcüstan və Azərbaycan hökumətinin təmkinli mövqeyi və görülən ağıllı tədbirlər bunun qarşısını alır. Unutmaq olmaz ki, hər iki ölkənin gələcəyi və inkişafı bir-biri ilə səmimi dost və müttəfiq olmaqdan keçir. Biz müttəfiq olmağa məhkumuq”. 

Parlament üzvünün sözlərinə görə, Gürcüstanda strateji düşünməyi bacaran insanlar bunu görür və yüksək qiymətləndirirlər:

“Düşünürəm ki, delimitasiya başa çatana qədər müxtəlif cəhdlər yenə ola bilər. Amma hər iki ölkənin dövlət və hökumət rəsmiləri buna qarşı müvafiq tədbirləri vaxtında alırlar. Heç bir qüvvə Gürcüstan-Azərbaycan münasibətlərini korlaya bilməz. Əfsuslar olsun ki, bu hadisədən “ictimai qəhrəmana” çevrilmək istəyən ayrı-ayrı sosial şəbəkə istifadəçiləri var. Onlar bir qədər populizmdən uzaq olsalar və məsələnin mahiyyətinə diqqət yetirsələr, daha yaxşı olar. O zaman görəcəklər ki, bu cür hadisələr nə Gürcüstanın, nə də Azərbaycanın milli maraqlarının lehinədir”. 



Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu