Gürcüstanın “Rustavi 2” telekanalının baş direktoru işdən azad edildi


Gürcüstanın müxalif “Rustavi 2” telekanalının baş direktoru Nika Qvaramia vəzifəsindən azad edilib.
APA -nın yerli bürosunun xəbərinə görə, teleşirkətin sahibi olan biznesmen Kibar Xalvaşi baş direktor vəzifəsinə vəkili Paata Salianı təyin edib.
Qeyd edək ki, K. Xalvaşi bu gün Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyestr Xidmətinə “Rustavi 2” televiziya kanalının sahibi kimi qeydiyyata alınması ilə bağlı müraciət edib. Bununla bağlı sənədi biznesmenin vəkili P. Salia qeydiyyatdan keçirib. Daha sonra K. Xalvaşi və teleşirkətin səhmlərinin 40 faizinə sahib Panorama LTD-nin rəhbəri arasında imzalanan sənədə əsasən şirkətin səhmlərinin 100 faizi K.Xalvaşiyə qaytarılıb.
Müvafiq qərar Avropa İnsan Hüquqları Məhkəməsinin bu gün “Rustavi 2” telekanalının şikayətini təmin etməməsindən sonra həyata keçirilib.
Qeyd edək ki, bu yaxınlarda “Rustavi 2” telekanalının aparıcısı Girogi Qabunia aparıcısı olduğu verilişdə Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib.
Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia yayımının dayandırıldığını bəyan edib. Daha sonra telekanal yayımını bərpa edib.
Aparıcı Giorgi Qabunianın 2 ay müddətinə kanalın efirindən uzaqlaşdırılmasına qərar verilib. Bundan başqa, aparıcının telekanalın efirində yayımlanan istənilən proqramda iştirakı da qadağan edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu