ABŞ-İran gərginliyi Azərbaycanı narahat etməlidirmi və niyə ? – AKTUAL ŞƏRH 

“ABŞ-İran münasibətləri Azərbaycanı bir neçə baxımdan narahat edir”.

Bunu “Sherg.az”a açıqlamasında politoloq Sədrəddin Soltan deyib

Analitik bildirib ki, İranda 30 milyondan çox Azərbaycan türkü var. Onun fikrincə, İrana qarşı istənilən halda təzyiqlər, hətta savaşın baş verməsi 30 milyon Azərbaycan türkünün həyatına da mənfi təsir göstərəcək: 

“Azərbaycan dünyadakı bütün azərbaycanlıların dövləti olaraq güneydəki soydaşlarımızın gələcək həyatından rahatsız olmaya bilməz. Vətəndaş olaraq Azərbaycan türklərinin İranda çoxlu sayda qohumları var. Onların öz qohumlarını itirməsindən, güzəranlarının aşağı düşməsindən və ümumən ictimai baxımdan narahatlıq var. 

Qonşu dövlət ərazisində müharibənin getməsi nəticəsində iqtisadi-sosial vəziyyətin ağırlaşması dolayı yolla Azərbaycan iqtisadiyyatına, sosial həyatımıza mənfi təir göstərə bilər. O baxımdan cənub qonşumuzda hansısa müharibənin olması Azərbaycanı çox ciddi şəkildə narahat edər”. 

Siyasi şərhçinin sözlərinə görə, hər halda İrandan Azərbaycana qaçqınların gəlmə ehtimalı az deyil

“Düzdür, İraq-İran müharibəsində və sonrakı hadisələr zamanı İran vətəndaşları Azərbaycana, yaxud keçmiş sovetlər ölkələrinə pənah aparmadı, amma 1979-cu il inqilabından sonra göründü ki, keçmiş SSRİ ərazisinə İrandan qaçqınlar gəldi.

Bu baxımdan kütləvi olmasa belə İrandan Azərbaycana qaçqınların gəlməsi ehtimalı var. İran Azərbaycan vətəndaşları üçün ən yaxın və ən optimal bazardır. Azərbaycan vətəndaşları bu bazarı itirə bilərlər.

Üstəlik, Azərbaycan və İran arasında bir sıra sahələrdə iqtisadi əlaqələr var. Ehtimal olunan savaş Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərə bilər. Bölgədə bütövlükdə vəziyyətin qarışması Azərbaycanın milli, dövlət təhlükəsizliyinə təsir göstərə bilər”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu