Kılıçdaroğlu: “AB-nin sanksiyalarını rədd edirik”

Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Avropa Birliyinin Aralıq dənizində qaz yataqları axtaran Türkiyəyə qarşı sanksiya tətbiq etməsini sərt tənqid edib.

Kılıçdaroğlu AB-nin Türkiyəyə qarşı bu cür mövqe sərgiləməsinə qarşı olduqlarını söyləyib: “Aralıq dənizindəki haqqlarımızı sonuna qədər müdafiə edəcəyik. Bizə tətbiq etdikləri sanksiyaları şiddətlə rədd edirik. İstədiklərini etsinlər, ölkəmizə qarşı sərgilədikləri ikili standartları ortadan qaldırmadıqları müddətcə AB-nin bizim torpaqlarımızda heç bir dəyəri yoxdur”. 

“Haradadır Avropa Birliyi?”

Kılıçdaroğlunun sözlərinə görə, Avropa Birliyi hər vaxt Türkiyəyə ikili yanaşb, səmimi olmayıb: “Əvvəlcə dedilər ki, Kiprdə sülhü təmin edəcəyik, Annan planını tətbiq edəcəyik və problem birdəfəlik çözüləcək. Yunan tərəfi narazı olsa belə Şimali Kipr tərəfi ilə ticarət əlaqəsi quracağıq. Bəs nə oldu? Niyə etmədilər? Hardadır Avropa Birliyi? Lazım olanda ortada olmurlar, indi bizə sanksiya tətbiq edirlər. Mən etirazımı sadəcə Türkiyədə bildirmirəm, AB-nin rəsmiləri ilə görüşdə də açıq şəkildə bəyan edirəm”. 

“Demokratik Konstitusiyaya ehtiyacımız var” 

CHP rəhbəri hansı qüvvənin həyata keçirməsindən asılı olmayaraq bütün növ çevrilişlərə qarşı çıxacaqlarını deyib: “Türkiyədə oturuşmuş bir Konstitusuyanın qüvvəyə minməməsinin əsas səbəbi hərbi çevrilişlərdir. Bütün kəsimlərin qatılacağı demokratik bir qanunnamənin hazırlanmasına ciddi ehtiyac var. Yalnız o halda toplumda heç bir dini kəsim, heç bir etnik qrup “biz qanunlardan kənarda qaldıq” deməyəcək”. 

“Macəra tipli xarici siyasətin fəsadları ağır olar”

Partiya başqanı AKP hökumətinə xarici siyasət məsələsində də bir sıra tövsiyyələr verib: “Xarici siyasətdə iqtidar və müxalifət yoxdur, bu məsələdə hamı milli olmalıdır.

Əgər Türkiyənin qazanmasını istəyiriksə, hamımız ortaq məxrəcə gəlməliyik. Amma bunun üçün ilk növbədə Ərdoğan “müsəlman qardaşları” israrından vaz keçməlidir, Misir hökuməti ilə əlaqələri düzəltməlidir.

Digər tərəfdən isə Suriya ilə rəsmi müstəvidə görüşlər keçirilməlidir. Liviyaya silah yardımından imtina edilməlidir. Türkiyə, İran, İraq və Suriya hökumətləri müstəqil iradələri ilə bir Masaya əyləşib regionun problemlərini həll etməlidirlər.

Hazırda Aralıq dənizində tək qalmışıq. Macəra tipli xarici siyasətin fəsadları ağır olar”

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu