"Fermerlər bazara “vasitəçilər”in köməyi ilə daxil olur” – Bahalaşmanın səbəbi 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin ümumi hesabatında bildirilib. Qurumun məlumatlarına görə, bu sahədəki ümumi göstəricinin 1.902,2 mln. manatı heyvandarlıq, 1.773,6 mln. manatı isə bitkiçilik məhsullarının payına düşür. Bu ilin hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 25,6 faiz artıb.
Maraqlıdır, Dövlət Statistika Komitəsi hər hesabat dövründə kənd təsərrüfatı məhsulları  ilə bazarda bolluğun yarandığını bildirir. Amma ölkədə kənd təsərrüfatı məhsullarının qiyməti ucuzlaşmaq əvəzinə yüksəlir. Görəsən bu tendensiyaya səbəb nədir? Nə üçün ölkədə  kənd təsərrüfatı məhsulları  ucuzlaşmır?
Suallarımızı cavablandıran kənd təsərrüfatı üzə ekspert Qadir Bayramlı “Sherg.az”a bildirib ki, bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətinin artmasının bir neçə səbəbi var:
“Hazırda ölkədə kənd təsərrüfatı məhsullarının qiymətinin əsas səbəblərindən biri fermerlərin bazarlara birbaşa girişinin çətin olmasıdır. Rayonlardan gələn fermerlər bazara “vasitəçilər”in köməyi ilə daxil olur.
Fermerlər həmin vasitəçilərə bazara daxil olmaq müqabilində müəyyən vəsait ödəyir. Sonda da həmin vəsait məhsulun qiymətinə təsir göstərir.
Yəni, bu tendensiyadan vasitəçilər xaricində fermerlər və alıcılar əziyyət çəkir. Eyni zamanda paytaxtdakı bazarlarımızın sayə azdır və yer sayları məhduddur. Ona görə də yeni bazarların yaradılması lazımdır.
Həmçinin həmin bazarların yaxınlığında rayonlardan gələn fermerlər üçün ucuz qiymətə qonaqlama yerləri qurulmalıdır. Bütün bu infrastrukturlar qurulsa, rayondan gələn fermerlərin xərcləri az çıxar və məhsulların qiyməti aşağı olar.
Ikinci bir səbəb kimi onu da göstərmək olar ki, bu il iqlimlə əlaqədər olaraq bəzi məhsul növlərimizə ciddi şəkildə ziyan dəyib. Həmin məhsulların miqdarı az olduğuna görə, qiyməti yüksəlib.
Hazırda ölkədə kənd təsərrüfatı məhsullarının qiymətini yüksəldən faktorlar bunlardan ibarətdir”

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu