“Uşaq pulunun verilməsi ciddi sosial tədbir olar” – Gözləntilər doğrulacaqmı ? 

Ölkəmizdə uşaq pulunun verilməsi yenidən gündəmə gəlib. Bu barədə millət vəkili Fazil Mustafa olduqca obyektiv və ədalətli mövqe sərgiləyib. 
Deputatın sözlərinə görə, Belarus Azərbaycandan borc alır, amma orada doğulan hər uşağa 1000 dollar vəsait verilir:

“Ölkəmizdə doğuş pulunun verilməsi, sanki, uşaq dünyaya gələnə qədərdir. Hamiləliyə kimi anaya heç bir maddi dəstək göstərilmir. Körpə böyüyəndən sonra isə sanki heç dövlətin uşağı deyil. Uşaq yalnız doğulmaqdan ibarət deyil. Onun böyüməsi də var. Dövlət bunu nəzərə almalıdır. 

Belarusda 3 yaşına qədər hər uşağın valideyninə ayda 200 dollar vəsait verilir.  Həmçinin digər ölkələrdə də uşaq pulu var. Azərbaycanda uşaq pulunun bərpa edilməsi üçün mütləq yollar tapılmalıdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirdi ki, ölkəmizdə uşaq pulu ilə bağlı məsələyə baxışın dəyişməsi və kriteriyaların müəyyən olunmasında müəyyən fayda var:

“Təbii ki, aztəminatlı ailələrə uşaqpulunun verilməsi kifayət qədər ciddi və sosial tədbir olar. Məbləğin verilməsi uşaqların həyat şəraitinin yaxşılaşdırılması, onların daha keyfiyyətli yemək, tibbi xidmət və təhsil alması üçün maddi yardımdır. 

Amma öncə bu məbləğin kimlərə verilməsinə dair meyarların müəyyən olunması lazımdır. Çünki uşaq pulu ümumi olaraq hamıya tətbiq olunacaqsa, bu məbləğ olaraq aşağı və az effektli olacaq. 

Prioritet olaraq aztəminatlı ailələrin uşaq pulu alması və ən azından bir uşağın yaşaması üçün minimum rəqəmin olacağı mümkündür. Aztəminatlı ailələri irəli çəkərək onlara uşaq pulu verilməsi daha önəmlidir. 

Bu məbləğ imkanlı və imkansız ailələrə tətbiq olunacaqsa, bu zaman hər uşağa verilən məbləğin miqdarı da xeyli aşağı düşəcək. Beləliklə aztəminatlı ailələrə böyük bir dəstəyin verilməsindən söhbət gedə bilməz”

İqtisadçı qeyd edib ki, uşaqlara verilən məbləğin yüksək olmasını təmin etmək üçün uşaq pulunu hər kəsə yox, yalnız ehtiyacı olanlara tətbiq etmək lazımdır:

“Fikrimcə, bu ehtiyacları müəyyən etmək üçün kifayət qədər ədalətli göstəricilər müəyyən edib, işi sistemli şəkildə aparmaq mümkündür. Vəsaitlər dövlət büdcəsi üçün o qədər də yüklü məbləğ olmayacaq.

Azərbaycanda aztəminatlı ailələrin dolanmasında, onların ən azından minimum ehtiyaclarını təmin etmək üçün uşaq pulunun böyük əhəmiyyəti olacaq.

Bu isə vətəndaşlar tərəfindən dövlətin sosialyönümlü sahədə atdığı ən uğurlu addımlardan biri kimi qiymətləndiriləcək”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu