Türkiyəli qonaqlar “Şərq”i ziyarət etdilər – Muzeylə tanışlıq + FOTOLAR

“Şərq” qəzetinin nəzdində yaradılmış Mətbuat Muzeyinin budəfəki qonaqları Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) sədri Mehmet Nuri Barmaqsız, Yunis İmrə İnstitutunun Bakı filialının direktoru, dosent-doktor Cihan Özdemir və Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza olub.
Mətbuat Muzeyi ilə ilk dəfə tanış olan dəyərli qonaqları redaksiyada məmnunluqla qarşılayan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı öncə Muzeyin ərsəyə gəlməsi haqda ətraflı məlumat verib. Baş redaktor bildirib ki, Muzeydə Azərbaycan mətbuatının bütün mərhələlərini əks etdirən dəyərli eksponatlar, nadir mətbuat nümunələri toplanıb. Daha sonra qonaqları otaq-otaq gəzdirən A.Aşırlı eksponatlar barədə geniş bilgilər verib. Baş redaktor vurğulayıb ki, hər sahədə olduğu kimi jurnalistikada da tarix yaradan insanlar var və onları yaşatmaq, gördükləri işləri təbliğ etmək lazımdır. 

Muzeyin ayrı-ayrı bölmələri ilə yaxından tanış olan qonaqlar öz təəssüratlarını bölüşüblər. İLESAM sədri Mehmet Nuri Barmaqsız Muzeyi gəzdikdən sonra xeyli informasiya topladığını deyib: “Tarix yaşayan bir orqanizmdir. Ancaq onu yaşatmaq üçün sonradan gələn insanlar öz tarixlərinə sahib çıxmalıdır. Siz də tarixə sahib çıxanlardansız. Əgər o bu işləri görməsəydi, burada nə mətbuatı, nə Cümhuriyyəti, nə də Nuru Paşanın fəaliyyətini əks etdirən hansısa materiallar olacaqdı. İki il öncə Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi otağı ziyarət etmişdim. O zaman orada gördüklərimlə burada aldığım bilgiləri birləşdirdiyim zaman çox şey itirdiyimizi etiraf etmək məcburiyyətində qalıram. Kaş 70 illik fasilə olmazdı və Cümhuriyyət davam edəydi..”.
Barmaqsız vurğulayıb ki, dövlət və xalq üçün çalışan, xidmət göstərən insanların hamısını cəmiyyətə tanıtdırmaq, sevdirmək lazımdır: “Gördüyünüz işləri çox yüksək qiymətləndirirəm. Siz çox zəngin insansınız. Bunu bəyan edərkən maddi zənginliyi nəzərdə tutmuram. Sizin mənəviyyatınız zəngindir və buna görə də heç bir mənfəət güdmədən tarixinizə sahib çıxırsınız. Lakin təkcə tarixə sahib çıxmaqla qalmırsınız və onu muzey halında gələcək nəsillərə çatdırırsınız. Bu, çox dəyərli işdir”. 
Yunis İmrə İnstitutunun Bakı filialının direktoru, dosent-doktor Cihan Özdemir isə bildirib ki, bütün muzeylər sadəcə bir nəfərin təşəbbüsü hesabına ərsəyə gəlib. Onun sözlərinə görə, istənilən muzeyin arxa fonunda isimsiz bir qəhrəman var:
“Ancaq reallıq odur ki, muzeylərin yaşaması üçün dövlətin dəstəyi zəruridir. Çünki muzeylərin təsis edilməsi, eksponatların toplanması çox məsrəf tələb edən məsələdir. Mətbuat Muzeyində biz Akif bəyin fədakarlığının şahidi olduq. O, eksponatların hamısını tək-tək İstanbulun müxtəlif yerlərindən öz maddi hesabına toplayıb və ölkəsinə gətirərək Muzey yaradıb. Tarixin tozlu səhifələrində itib-batmaqda olan nadir sənədləri, fotoları və mətbuat nümunələrini meydana çıxarmaq, onlar üzərində araşdırma aparmaq çox böyük xidmətdir. Mən bu işin arxasındakı əməyi, idealizmi və həvəsi yüksək dəyərləndirirəm”. 
Özdemir bəyan edib ki, o, Azərbaycan ədəbiyyatına hələ 18-19 yaşlı gənc olduğu zamanlarda, universitet illərində böyük maraq göstərib: “Magistr təhsili üzrə müdafiəmi Hüseyn Cavidin yaradıcılığı üzərindən etmişəm, onu araşdırmışam. O zaman tarixi mənbələrdə sadəcə adını eşitdiyim bir çox qəzetlərin burada əslini gördüm.
Həm gəncliyimə, həm də tarixi qəzetlərin çap edildiyi dönəmə doğru nostaljik bir səyahət etdim. Çox duyğulandım. Mən Cavidin həyatını tədqiq edərkən onun şeirlərinin “Açıq söz” və digər qəzetlərdə nəşr olunduğunu, dramlarının öncə mətbuat səhifələrində çap edildiyini eşitmişdim.
Eşitdiklərimi indi burada gözlərimlə gördüm. Bilirsiz, muzeylər xobbi olsun deyə yaradılmır.
Muzeylər mədəni səviyyəni müəyyən edir. Gənc nəslin muzeylərə cəlb edilməsi birbaşa cəmiyyətin mədəniyyətlə əlaqəsindən asılıdır. Bir məqamı da qeyd edim ki, tarixi şəxsiyyətlərlə bağlı muzeylər Azərbaycanda Türkiyədən daha çoxdur.
Bakının mərkəzi küçələrini gəzərkən önəmli şəxslərin evlərinin muzey halına salındığının, prospektlərə onların adlarının verildiyinin şahidi oldum. Bu, məni çox məmnun etdi və Azərbaycanlı qardaşlarımızın məsələyə həssas yanaşmasından qürur duydum. Əminəm ki, sizin də fəaliyyətiniz mütləq şəkildə öz bəhrəsini verəcək”.
AYB-nin Mətbuat Xidmətinin katibi Xəyal Rza da muzeylə bağlı fikirlərini paylaşarkən ayrı-ayrı otaqlarda fərqli tarixi dövrləri yaşadığını söylədi: “1875-ci ildə, o çətin dövrdə “Əkinçi” qəzetini yaradan Həsən bəy Zərdabi ilə indiki Mətbuat Muzeyini yaradanlar arasında elə də böyük fərq yoxdur.
Çünki belə məqamda muzey yaratmaq XIX əsrin sonlarında mətbu orqan təsis etmək qədər zəhmətli və çətin işdir. Bəlkə də Akif müəllim, muzey yaratmaq fikrini kiminləsə paylaşanda ona ciddi yanaşmayıblar.
Amma o, bu çətin işin öhdəsindən çox mükəmməl bir şəkildə gəlib. Burada çox böyük zəhmət var. Nadir eksponatları bir-bir toplamaq, onları qruplaşdırmaq olduqca önəmli işdir. Bütün eksponatlarla bağlı qonaqlara yorulmadan məlumatların verilməsi çox təqdirəlayiqdir.
Əminəm ki, gördüyünüz bu işin miqyası xeyriyyəçi insanların hesabına daha da genişlənəcək”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu