Ərbil hücumu başlanğıcdır

Ankaraya qarşı çox ciddi şəkildə siyasi sui-qəsdlər hazırlanır

Məlum olduğu kimi ötən gün İraqın kürdlər yaşayan Ərbil şəhərində türk diplomatlara silahlı hücum edilib. Restoranların birində gerçəkləşən sui-qəsd nəticəsində konsulluq nümayəndəsi Osman Kösə öldürülüb. Digər 2 diplomat isə yaralanıb. Aparılan araşdırmalardan sonra Türkiyə diplomatlarına hücum edən şəxslərdən birinin kimliyi bəlli olub. Ərbil Polis İdarəsinin məlumatına görə, hücum edənlərdən biri 27 yaşlı Mazlum Dağdır və o, Türkiyənin Diyarbəkir şəhərində anadan olub.

Maraqlı məqamlardan biri də odur ki, Mazlum Dağ Türkiyənin müxalif Xalqların Demokratik Partiyasının (HDP) deputatı Dersim Dağın böyük qardaşıdır. Hücuma münasibət bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçulara misli ilə cavab veriləcəyini bəyan edib: “Konsulluq əməkdaşlarımıza qarşı təşkil edilmiş mənfur hücumu qınayıram. Hücumda şəhid olan əməkdaşımıza Allahdan rəhmət diləyirəm. Hücumu təşkil edənlərin qısa müddətdə tapılması üçün İraq hökuməti və yerli rəsmilərlə təmaslarımız davam edir. Heç kim cəzasız qalmayacaq”. 

Olayla bağlı “Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İraqın Ərbil şəhərində türk diplomatlarına qarşı silahlı hücum son günlər Ankaranın apardığı siyasətə qarşı bir addımdır. Ekspertin sözlərinə görə, Ankaranın Moskvadan “S-400 ZRK” idxal etməsi, Şərqi Aralıq dənizi şelfində neft-qaz axtarışına çıxması, PKK-ya qarşı uğurlu hərbi əməliyyatlar müəyyən dövlətləri narahat edir: “Ərbildə diplomatların öldürülməsini PKK terror təşkilatı icra etsə də, terrorçuları təlimatlandıran müəyyən qüvvələr var. Terror təşkilatının diplomatlara qarşı terror hücumu çox da rast gəlinən hadisə deyil.

Görünür, Ankaraya qarşı artıq bu kartdan da istifadə əmri verilib. Türkiyənin xarici ölkələrdə diplomatlarının təhlükəsizliyi sual altındadır. Bu kimi hücumların baş verməsi istisna edilmir. Ankaraya qarşı çox ciddi şəkildə siyasi sui-qəsdlər hazırlanır. Ərbil hücumu məhz bunun başlanğıcıdır”. Analitik xatırladıb ki, Amerika Türkiyəni F-35 proqramından çıxaracağını bəyan edib: “Avropa Birliyi Yunan Kiprinə görə Türkiyəyə sanksiyalar tətbiq etməyə başlayıb. Qərb bununla Türkiyəni Rusiya-Çin oxuna yaxınlaşdırır. Proseslər bu istiqamətdə davam edərsə, Prezident Ərdoğan ölkəsinin NATO üzvlüyünə xitam verə bilər. AKP-nin də istədiyi budur”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu