SOS! - Mütəxəssislər Türkiyə üçün təhlükəni açıqladı: Akkuyu AES bölgəni məhv edə bilər

Çernobıl faciəsinin baş verməsinə səbəb olan atom stansiyasını da inşa edən Rusiyanın Rosatom şirkəti tərəfindən Türkiyənin Mərsin rayonunda tikilən Akkuyu Atom Enerji Stansiyasında işləyən mütəxəssislər və fəhlələr tikinti zamanı buraxılan boşluqlardan danışıblar

Sherg.az “Cümhuriyyət” qəzetinə istinadən bildirir ki, AES-in tikintisində çalışanlar hər şeyi anladıblar. Nüvə təhlükəsi ilə bağlı mütəxəssislərin və elmi təşkilatların bütün etirazlarına baxmayaraq təməli atılan və 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılan stansiyanın qurulmasında hər bir mərhələnin problemli olduğuna diqqət çəkilib. 
May ayında nüvə reaktorunun oturacağı təməlin bəzi bölümlərində müxtəlif vaxtlarda iki dəfə çatlar yarandığı, bu çatların olduğu faktı Türkiyə Atom Enerji Qurumunun (TAEK) müdaxiləsi ilə ortaya çıxmışdı. Buna görə çatlar olan yerlər sökülərək yenilənsə də, təkrar çatlar yarandı. Yenə də beton qırılıb və problemli sahələrin təməli yenidən qoyulub. 
Problem ortadan qaldırılsa da, bənzər təhlükənin davam etdiyi bildirilir. Stansiyada 2 faiz problem olduğunu deyən tikintidə işləyənlər bildirib ki, belə bir layihə çox ciddi mühəndislərlə həyata keçirilməlidir: “Layihənin icrasına yetişkin mühəndis komandası mütəmadi olaraq nəzarət etməlidir. Amma Akkuyudakı inşaatda yetərincə mühəndis yoxdur, olanlar da məsələni tam bilmirlər”. 


Optimallaşdırma aparılmadı


“Birgün” qəzetinin xəbərinə görə, işçilər hələ başlanğıcdan problemlər olduğunu qeyd ediblər: “Stansiyanın bütün layihəsi Rosatom tərəfindən Rusiyada layihələndirildi. Tekniki olaraq baxanda bu layihə Türkiyənin coğrafiyasına və yerinə uyğun deyil. Stansiya Rusiyanın çox soyuq hava şərtlərinə uyğun olaraq dizayn edilib. Lakin Mərsin kimi isti iqlimi olan bölgədə inşa edilir. Bundan belə qənaətə gəlinir ki, layihə heç bir şəkildə Mərsin üçün optimallaşdırılmayıb. Yəni işlər iqlimə görə həyata keçirilmir. Stansiyanın Türkiyəyə uyğunlaşdırılması isə daha çox maliyyə və zaman tələb edir”. 


Mövcud əraziyə uyğun deyil


Stansiyanın proyektinin mövcud əraziyə uyğun olmadığını, bu məsələnin layihədə ən önəmli hal olduğunu bildirən, adının çəkilməsini istəməyən geologiya mühəndisi deyib ki, ərazidə torpaq boşluqları var: “Ona görə də bu ərazi stansiyanın yükünü çəkə bilməz. Ümumiyyətlə stansiyanın inşa edildiyi ərazi bu layihə üçün heç bir halda uyğun deyil. Torpaqdan alınan nümunələrdə buranın çox yumşaq olduğu görünür. Torpaq boşluqlarına görə çatların yaranması qaçınılmazdır. Bərkitmə işləri də risklidir. Siz isə belə bir ərazidə birinci dərəcəli atom stansiyası qurmaq istəyirsiniz. Ən acınacaqlı hal isə bu məsələdə hansısa bir tədbir görülmür.

Təhlükəni anlamaq üçün inşaatın aparıldığı əraziyə girməyə gərək yoxdur. Bölgənin torpaq yumşaqlığını, sürüşməni yol kənarlarında görmək mümkündür. Stansiya inşaatının aparıldığı yer, yol kənarlarında baş verən sürüşmə ərazilərindən fərqli deyil. Bəli, doğru təməl qormaqla stansiya inşa etmək olar. Hər cür ərazidə nəsə inşa etmək mümkündür. Amma nəyisə tikirsənsə, başqa yerdəsinin eynisini etməmək lazımdır. Çünki hər ərazinin öz xüsusiyyəti var. Akkuyuda isə xüsusiyyət nəzərə alınmayıb, Rusiya ərazilərindəkinin eynisi tikilir”.

 

Təməli dəniz suyu ilə doludur


Əvvəl təməllərdə meydana çıxan çatları misal kimi göstərən mühəndis deyib ki, bu çatlar mövcud olan torpağın özü-özünü daşıya bilməməsindən qaynaqlanır: “Torpaq üstündəki ağırlığa görə hərəkət edir ki, bu zaman tikintidə çatlar yaranır. Təməli saxlaya bilməyən torpaq nüvə reaktorunu necə saxlayacaq? Həmçinin təməllərdən su çıxır, yəni təməllər bütünlüklə dəniz suyu ilə doludur. Bu çox tragedik bir vəziyyətdir. Hər şeyə rəğmən əraziyə uyğun olmayan planı yenə həyata keçirməyi sınayacaqlar. Amma məncə yenə də həmin problemlər yaranacaq. Ən bəsit bina tikintisində də ərazi 3-4 dəfə analizdən keçirilir. Amma Akkuyudakı o böyüklükdə stansiya tikmək istəyirsən, ərazini isə incələmirsən. Analiz aparacaq səviyyəli mühəndis qrupu da yoxdur. Torpaqdakı sürüşməyə görə, təməldə çatlar əmələ gəlir, amma kimsə səbəbini demir, şərh etmir. Və bu şəkildə aparılan tikinti ilə 2023-cü ildə birinci reaktoru işlətməyi planlaşdırırlar. Bu gülməlidir”. 


Dolğu proyektə uyğun deyil


Təməlatmadan əvvəl həyata keçirilən dolğu prosesinin layihəyə uyğun gəlmədiyini söyləyən başqa bir mühəndis deyib ki, dolğularla bağlı hesablamalar və analizlər aparılmayıb: “Dolğunu həyata keçirmədən əvvəl  istifadə olunan materialların uyğun olub-olmadığını labaratoriyada analiz etməlisən. Amma stansiya ilə bağlı dolğuya istifadə edilən materiallar analizdən keçirilməyib. Dolğunun materiallarının mənşəyi bəlli deyil. Məsələ ilə bağlı elmi cavab ala bilmirik. Ərazidə dolğu edilən zaman elmi-mühəndislik məsləhətinə fikir verilməyib, “tikək, heç nə olmaz” məntiqi ilə hərəkət edilib. Proyektin inşasında elmi hesablamalarla iş görən kimsə yoxdur. 


Ağ dəniz böyük risk altındadır


Akkuyu AES-in soyutma sistemi dəniz vasitəsilə həyata keçiriləcək. Məsələ ilə bağlı danışan bir kimyaçı mühəndis soyutma prosesindən sonra dənizə buraxılacaq isti suyun bölgədəki dəniz suyunun istiliyini artıracağını, canlıların bundan təsirlənəcəyini qeyd edib: “Soyutma məsələsi ilə bağlı dənizin istiliyi təsirindən daha böyük problem var.

Bu cür hallarda soyutma üçün dənizdən su götürülür, sonra axıdılması üçün həmin suya müxtəlif maddələr, xlor qatılır. Fərz edək ki, 1200 meqavat gücündə işləyən bir reaktoru soyuda bilmək üçün saatda təxminən 180 min kubmetr su lazımdır. AES-də isə 4 bu cür reaktor olacaq. Yəni ki, saatda 720 min kubmetr xlorlu su dənizə axıdılacaq. Paltar yumaq üçün istifadə olunan suyumuza bu qədər kimyəvi maddənin axıdıldığını düşünəndə, bunun nə qədər təhlükəli olduğunu, Ağ dənizin hansı durumda qaldığını anlamaq çətin deyil”. 


Qarşısıalınmaz fəlakətlərə yol aça bilər...

 
Akkuyu AES-i “İzləmə Komissiyası”nın bu ayın əvvəlində açıqladığı hesabatda təhlükələrə diqqət çəkilib. Stansiyanın birinci reaktorunun təməlində baş verən çatların yaşana biləcək böyük təhlükələrdən xəbər verdiyi vurğulanan hesabatda, AES-ə ehtiyac olmadığı qeyd edilib. “Bir qəza baş verərsə, qarşısı alına bilməyəcək böyük fəlakətlərə səbəb ola bilər” – deyə sənəddə qeyd edilib. Reaktorun inşasında istifadə olunan texnologiyanın heç bir yerdə sınaqdan keçirilmədiyinin səlahiyyətlilər tərəfindən etiraf edilib. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu