Bəzi mobil telefonlar niyə partlayır ? – İZAH

“Ola bilsin ki, istifadə oluna zaman tez qızan telefonlar hansısa zirzəmilərdə istehsal olunub. Belə telefonların ölkəyə daxil olmasının qarşısını almaq üçün aidiyyəti dövlət qurumları müvafiq tədbir görməlidir”

 


Mobil telefonlar həyatımızın ayrılmaz parçasına çevrilib. Buna baxmayaraq telefonlarla bağlı müəyyən problemlərin olduğunu vurğulamaq yerinə düşərdi. Çoxumuza məlumdur ki, telefonlardan hədsiz dərəcədə istifadə etmək sağlamlıq üçün təhlükəlidir. Amma təəssüf ki, bu məqam çoxlarını, xüsusilə də bəzi valideynləri narahat etmir.
İndiki dövrdə azyaşlı uşaqların mobil telefondan asılılığı hər birimizə aydındır. Bəzən valideyn övladına telefonu vermə səbəbi kimi uşağın ağlamaması və özünü sakit aparmasını bəhanə gətirir. Lakin həkim və mütəxəssislər telefondan aşırı istifadənin nəinki uşaqlara, həmçinin böyüklərə də ziyanlı olduğunu bildirirlər.
Ən çox rastlaşdığımız məqamlardan biri isə telefondan çox istifadə zamanı onun hədsiz qızması olur. Oxşar hadisə Kaliforniyada yaşanıb. “iPhone 6” mobil telefonu Kayla Ramos adlı 11 yaşlı qızın əlində yanıb. Hadisə anidən baş verib. Telefon qəfildən alışmağa başlayıb. Həmin an telefonu yatağın üzərinə atan Kayla hadisə haqda danışıb:
“Əlimdə telefon oturmuşdum. Daha sonra telefonun alışdığını gördüm və onu yatağın üzərinə atdım”.
Məsələ ilə bağlı “Sherg.az”a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, ölkəmizə daxil olan avadanlıqların, mobil telefonların sertifikatlaşması və müəyyən standartlara uyğun olmasına diqqət yetirmək olduqca vacibdir:
“Zaman-zaman belə problemlərlə bağlı mediada açıqlamalar olur. Ola bilsin ki, istifadə oluna zaman tez qızan telefonlar hansısa zirzəmilərdə istehsal olunub. Belə telefonların ölkəyə daxil olmasının qarşısını almaq üçün aidiyyəti dövlət qurumları müvafiq tədbir görməlidir. Yəni, ölkəyə mobil telefon gətirilməsinin bəlli bir sənədləşməsi olur. Lazımi dövlət qurumları malın uyğunluğu ilə bağlı həmin sənədləşməni tələb etməlidir. Düşünürəm ki, bu qaydalara əməl edilərsə, telefonların istifadə zamanı xoşagəlməz hallar olmayacaq. İstifadəçilər telefonu hardan əldə edirlərsə, müəyyən məsələlərə diqqət yetirməlidirlər. Alıcılar malın etibarlılığı, müəyyən sertifikatların olması və mənşəyi ilə bağlı məqamları nəzərdən keçirməlidir. Bu sahədə bəlli və oturuşmuş qaydalar var. Müvafiq dövlət qurumları da məsələni daim nəzarətdə saxlamalıdır”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu