Narkoloji Mərkəzdəki yanğına görə daha bir MƏHKƏMƏ


Bakı Apelyasiya Məhkəməsində Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən mərkəzin keçmiş direktoru Telman Məmmədhəsənov, mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın barələrində olan hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

APA -nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxslərin verdiyi apelyasiya şikayətinin təmin edilməməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək müvəkkilləri barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Daha sonra mərkəzin direktoru T.Məmmədhəsənov, mərkəzin işçisi M.Abdullayev, yanğını törətməkdə təqsirləndirilən M.Məmmədov və onun həkimi, şöbə müdiri A.Məmmədova saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Məmmədhəsənov 4 il, M.Abdullayev 3 il 6 ay və M.Məmmədov isə ömürlük azadlıqdan məhrum edilib. Eyni zamanda, hökmə əsasən, digər təqsirləndirilən A.Məmmədova 5 il müddətinə azadlıqdan məhrum olunub və ona Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza verilib.
Lent.az

Paylaş

Bizi Facebookda izləyin
menu
menu