“Paşinyan verdiyi vədlərin heç birini reallaşdıra bilməz, çünki...”


“Əgər Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparmasaydı, qonşu ölkələrə ərazi iddiası etməsəydi və Rusiyanın vassalına çevrilməsəydi, erməni xalqı firavan həyat yaşaya bilərdi”

Bunu “Sherg.az”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Analitik bildirib ki, hazırda qonşu Gürcüstanın gəlirlərinin 42 faizi ölkə ərazisindən keçən, Azərbaycanın təşəbbüsü ilə reallaşan beynəlxalq layihələr hesabınadır: 

“Qonşu ölkələrdən və başqa dövlətlərdən Gürcüstana turist kimi gedənlərin də sayı çoxdur. Yəni gürcü hökuməti öz xalqını ac-susuz qalmağa qoymur. Amma ermənilərin bütün fəaliyyəti qonşulara aqressiya nümayiş etdirmək, işğala haqq qazandırmaq və şovinist siyasət həyata keçirməkdir. Belə bir xalq xoşbəxt yaşaya bilməz”. 

Ekspert vurğulayıb ki, Paşinyan indiki halda verdiyi vədlərin heç birini reallaşdıra bilməz. Çünki düşmən ölkənin xəzinəsi boşdur: 

“Bu azmış kimi onları himayə edən Rusiya da satdığı qazın qiymətini qaldırıb. Ölkənin yalnız şəhər mərkəzlərinə qaz verilir. Qəsəbə və kəndlərə isə qaz xəttləri hələ çəkilməyib. Ermənistanda iqtisadi problemlər artıqca əhali ilə yeni hakimiyyət arasındakı münasibətlər qarşıdurmaya çevrilir. Artıq neçənci dəfədir ki, ermənilər Paşinyan hökumətinə qarşı mitinqlər təşkil edirlər. Etirazçılar baş nazirin verdiyi vədlərə əməl etməsini tələb edirlər. Ən əsası isə ölkəyə yeni investisiyaların cəlb olunmasını istəyirlər. Amma Avropa Birliyinin Ermənistana az miqdarda, özü də kreditlə verdiyi maddi yardımdan başqa heç bir ölkə ermənilərə investisiya yatırmır”. 

Q.Hüseynli xatırladıb ki, Ermənistan blokada şəraitində yaşayır, əhalinin sosial vəziyyət çox ağırdır və belə gedişlə düzələcəyinə güman yoxdur: 

“Ölkədə nəinki iri, hətta orta sahibkarlığı belə inkişaf etdirmək mümkün deyil. Biraz imkanı olanlar ölkədən qaçır. Düşmən ölkənin yeganə çıxış yolu işğal altında saxladığı torpaqlarımızı dərhal geri qaytarmaqdır. Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə və bölgədə sülh yaranmadığı müddətcə Ermənistanın inkişafı mümkün deyil”. 


 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu