“İncirlik” aviabazası bağlana bilər

Rəsmi Ankara ABŞ-ın sanksiyalarına bu yolla cavab vermək istəyir

Türkiyənin xarici işər naziri Mövlud Çavuşoğlu Rusiyadan “S-400” sistemlərinin alınması və ABŞ-ın F-35 qərarı ilə bağlı açıqlama verib. Çavuşoğlu deyib ki, əgər Amerika sanksiya tətbiq edərsə, lazımi cavabı veriləcək: “İncirlik” aviabazası ilə bağlı addımlar atıla bilər. Bu, təhdid və ya şantaj deyil, mövcud şəraitdə təbii mövqeyimizdir”.

Nazir vurğulayıb ki, Türkiyə öz silahlarını istehsal etmək məsələsinə ciddi yanaşır: “Biz öz qırıcılarımızı istehsal eləmək istəyirik. Lakin F-35 yeni texnologiyadır. Ona görə də biz proqramın tərəfdaşı olduq, 1,4 milyard dollar sərmayə qoyduq. Lakin hər şey mənfi senari üzrə getdi. Bunu bizə verməyəcəklər.

Deməli, çatışmazlığı aradan qaldırmaq üçün “S-400” sistemlərini almağımız Türkiyənin ən ilkin hüququdur. İndi sırf öz maraqlarımız daxilində çıxış edəcək və başqa alternativlər axtaracağıq”.

Çavuşoğlunun açıqlamasını “Şərq”ə təhlil edən politoloq Kənan Paşayev bildirib ki, bəzi xarici mənbələrin məlumatına görə, Vaşinqton yaxın günlərdə Türkiyəyə qarşı hazırladığı 3 sanksiya paketindən ən məqsədəuyğun olanını tətbiq edəcək.

Lakin Prezident Donald Tramp bunu təkzib etmişdi: “Trampın nə qədər səmimi olması sual doğurur. Həm Türkiyə, həm də dünya mediasında müzakirə olunan əsas mövzulardan biri Türkiyənin İncirlik hərbi bazasını bağlaya biləcəyi ilə bağlıdır.

Bəs Ankara bu addımı ata bilərmi? İncirlik hərbi bazası 1943-cü ildə İkinci Qahirə konfransında alınan qərarla, yəni 1954-cü ildən xidmətə başlayıb. Əslində Türkiyə 1974-1975-ci illərdə bir müddətliyinə hərbi bazanı bağlamışdı.

Səbəb Türkiyənin Kiprdə hərbi əməliyyatlara başlamasının ardından ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi idi. Sanksiyanın qaldırılmasının ardından hərbi baza yenidən fəaliyyətə başlamışdı. Yenidən eyni vəziyyət yaranarsa, Türkiyə bu addımı ata bilər”. 

Analitikin sözlərinə görə, İncirlik hərbi bazası həm ABŞ, həm də NATO üçün çox önəmlidir:

“Bu baza həddindən az xərc tələb edir. Stratejik cəhətdən çox önəmli ərazidə yerləşir. İsrail mətbuatının yaydığı məlumata görə, gələcəkdə ABŞ öz qüvvələrini İncirlikdən çıxarıb, Suriya və İraqda yaratdığı 5 yeni hərbi bazada yerləşdirəcək.

Əslində bu xəbər təxribat xarakterli yalan məlumatdır. Suriya və İraqdakı hərbi bazaların təhlükəsizliyi ciddi sual altında olar. Həm də maddi olaraq baha başa gələr. Ən əsası isə Yaxın Şərqin təhlükəli şəhərlərində yaradılacaq hərbi bazalar heç vaxt İncirliyin gördüyü işləri görə bilməz. O baxımdan İncirlik ABŞ və NATO üçün vazkeçilməz hesab olunur”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu