Karamollaoğlunun yaşı artıq 80-i keçib

"Səadət"in Babacanın yaradacağı partiyaya birləşməsi gözləniləndir

Türkiyədə hakim AKP-dən istefa verən keçmiş xarici işlər naziri Əli Babacanın yeni partiya yaradacığı artıq dəqiqləşmək üzrədir. Partiyada hansı məşhur simaların təmsil olunacağı da bəlli olmaq ərəfəsindədir. Hətta Babacanın partiyaya ad axtarışına çıxdığı da sirr deyil. Partiyanın “Hüzur” adı ilə meydana çıxacağı tez-tez vurğulanır. Məlumdur ki, “hüzur” ifadəsi Milli Görüş Hərəkatının lideri Nəcməddin Ərbakanın ideologiyasındakı əsas fikirlərindən biri olub. “Milli Nizamla, Rifahla, Fəzilətlə, Səadətlə Türkiyəyə hüzuru gətirəcəyik” fikri vaxtı ilə Ərbakanın dillər əzbəri etdiyi bir ifadə idi. Maraqlı məqamlardan biri də "Səadət" Partiyasının Babacanın yeni yaradacağı siyasi təşkilata qoşulacağı iddiasıdır. Son günlərdə bu ideya siyasi sferalarda daha çox gündəmə gətirilməkdədir. Bəzi ekspertlərin fikrincə, siyasi nüfuzu azalan, sosial bazası “yox” səviyyəsində olan "Səadət" Partiyası asanlıqla Babacanın rəhbərliyinə keçə bilər. 
Qardaş ölkədə yayılan iddialarla bağlı “Şərq”ə danışan siyasi şərhçi Zeynal Əmralıyev bildirib ki, “Səadət”in lideri Temel Karamollaoğlunun yaşı artıq 80-i keçib və siyasi karyerasının bitməsinə az qalıb. Onun fikrincə, “Səadət”i əldə saxlayacaq və nüfuzunu artıracaq güclü lider yoxdur:
“Məlumdur ki, Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan partiyadan istefa verib və özü müstəqil siyasi hərəkat yaradıb. Bundan sonra partiya olan-qalan gücünü də itirib. Fatih Ərbakan AKP-yə yaxındır və şübhəsiz ki, Ərdoğandan nazirlik təklifi gözləyir. Ancaq Ərdoğan hələlik “müəlliminin oğlunu” qəbul etmək istəmir. Əslində, Ərdoğanın planı Səadət Partiyasını AKP-yə qatıb “Milli Görüş” ideologiyasını öz partiyası içində əritməkdir. Partiyanın idarəçiləri isə “Milli Görüş” hərəkatının yox olmasını istəmədikləri üçün 2018-ci ildə Abdullah Gülə partiyadan prezidentliyə namizəd təklifi götürmüşdülər. Lakin Gül böyük oynadı və özünü açıq hədəf etmədi. Babacanın quracağı və Gülün də ideoloqu olacağı yeni partiya “Milli Görüş” ideyasını qabartmağa çalışacaq. "Səadət" Partiyasının “Hüzur”la birləşəcəyi istisna edilmir. Çünki bir neçə gün öncə AKP-nin qurucularından olan keçmiş nazir Əbdüllətif Şənər də yeni partiya yaratmaq istəyənlərə “Səadət”lə birləşməyi təklif edib”. 
Analitik vurğulayıb ki, yeni yaranacaq “Hüzur” və “Səadət”in birləşməsi Türkiyə sağında mərkəzləşmənin AKP-dən Gül-Babacan birliyinə keçməsinə səbəb ola bilər: “Abdullah Gülün arxasında durduğu Əli Babacan Rəcəb Tayyib Ərdoğandan sonra Türkiyə sağının liderliyi üçün ən uyğun və iddialı namizəddir. Hazırda konkret şəkildə AKP-ni ayaqda tutan Ərdoğanın şəxsi nüfuzudur. Babacan həm də solun aparıcı partiyası olan CHP-nin ən iddialı namizədi, İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun qarşısına çıxa biləcək güclü fiqurdur. Ərdoğanın özünə “varis” kimi düşündüyü maliyyə naziri Berat Albayrakdan fərqli olaraq Babacan daha xarizmatikdir və güclü iqtisadi biliklərə sahibdir. Həmçinin, Qərbin maliyyə qurumları ilə geniş əlaqələrə sahibdir. Eləcə də güclü nitq qabiliyyətinə malik siyasətçidir. İmamoğlu, ya da başqa bir rəqibi onu iqtisadi böhrana görə ittiham edə bilməz. Nəzərə alaq ki, tərəflər 4 il sonra, 2023-cü ildə qarşı-qarşıya gələcək. 4 il ərzində həm İmamoğlu, həm də Ərdoğan son dərəcə ehtiyatlı siyasət yeritməlidir”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu