Ekspert:“MİQ imtahanlarının gedişindən narazılıq var” – Problemlər sadalanır

2019-2020-ci tədris ili üçün 8 iyuldan etibarən orta məktəblərdə işləmək üçün Müəllimlərin İşə Qəbulu (MİQ)üzrə imtahanlar keçirilir. Dünən riyaziyyat, texnologiya və kimya üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilib. 

İmtahan nəticələri ilə bağlı “Sherg.az”a danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycanda indiyə qədər müəllimlərin normal atteastasiyası keçirilməyib. 

Ekspertin sözlərinə görə, Qərbdə müəllim üçün 2 diplom vacibdir. Universitet hazırlığı diplomu və peşəkar yararlılıq diplomu:

“Bu baxımdan, sertifikasiya daha önəmlidir. Pedaqoji işçilərin sertifikasiyası onların peşəkar kompetensiyalarının daxili qiymətləndirilməsidir və müəllimin sosial statusunun yüksəldilməsinə xidmət edir. 2014-2017-ci illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Diaqnostik qiymətləndirmə çox ağıllı addım idi. Bunun sertifikasiya prosesinə köməyi olacaq. Digər tərəfdən Qərbdə müəllimlərin təkmilləşməsi həmişə gündəmdə olan məsələdir. Təkmilləşmə sertifikasiya prosesinin həyata keçirilməsinə yardımçı olur. Burda dərs deyən müəllimin bakalavr yaxud, magistr ali təhsilli olması da önəm kəsb edir. Məsələn, Finlandiyada yalnız magistr pilləsini bitirən şəxslər dərs demək hüququna malikdirlər. Sertifikasiyalaşma anlayışı sonradan düşünüldü və bu formal xarakter daşımasa, yaxşı nəticələr verə bilər. Bizim müəllimlər onların imtahana çəkilməsindən narahat olurlar”. 

K.Əsədov müəllimlərin işə qəbulunun 4 mərhələdən ibarət olduğunu da qeyd edib:

“Elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə. Hazırda 2-ci mərhələ-test mərhələsi davam edir. Amma bu il ilk dəfə olaraq imtahanların gedişindən narazılıq var. Narazılıqlar bunlardır: birinci, test tapşırıqlarının düzgün cavabları yazılandan sonra geri dönəndə dəyişdiyi görünür. Yəni, kompüterdə idarəçi tərəfindən cavablara müdaxilə olunur. İkinci, imtahan iştirakçısını oturduğu yerdən gəlib qaldırırlar ki, bu başqasının yeridir, amma buraxılış vərəqi yoxdur ki, kim harda oturmalıdır. Başqa şəxslər gəlib orda əyləşir. Üçüncü, imtahan zalında xüsusi kart və ya işarə ilə işarələnmiş yerlər var. Ancaq orda nəzarətçilərin gətirdiyi şəxslər iştirak edir və onlar daha çox bal toplayır. Dördüncü, imtahanlarda istifadə olunan test tapşırıqlarının iki, üç cavabı olur və ya ümumiyyətlə cavabı olmur. 

Bəs narazı insanları, haqları tapdanmış iştirakları necə razı salmaq olar ? İştirakçıların yazdıqları test tapşırıqlarını onların şəxsi kabinetinə yükləmək lazımdır. Səhv, heç bir testologiyaya sığmayan sualların cavabı iştirakçılara düzgün cavab kimi əlavə edilməlidir. Vakansiya seçimi üçün tətbiq olunan minimum keçid balı dəyişməli və ümumiyyətlə ləğv olunmalıdır.

Onsuz da vakansiyanı seçən və ən yüksək bal toplayan şəxslər müsahibəyə dəvət olunur.  İmtahanlar üzrə proqram, vəsait və ədəbiyyat siyahısı azı 6 ay əvvəl çap olunub iştirakçılara təqdim olunmalıdır. İmtahanlar kompüterlə yox, kağız üzərində olmalıdır və iştirakçılara imtahandan sonra sual kitabçası verilməlidir.  İmtahandan sonra apellyasiya komissiyası yaradılmalı və şikayətlər dinlənməlidir.

Təhsil Nazirliyi tərəfindən də təsdiq olunur ki, imtahanların davam etdiyi müddət ərzində minlərlə sualdan istifadə edilib. Həmin suallardan 8 ədədi nöqsanlı olub. Təkrar salınan suallar da nöqsanlı qəbul olunub və bu da müəllimlərin balından silinib.

Ümumilikdə, bu prosesi müsbət qiymətləndirirəm. 15 gündür keçirilən imtahanlarda yalnız bir iştirakçı maksimum- 60 bal toplayıb”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu