“S-400”lər Türkiyənin Rusiyadan asıllığına səbəb olacaq ? – AKTUAL ŞƏRH 

“Türkiyənin S-400 raketlərini almasında ən böyük səbəbkar ABŞ-dır”.

Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Turan Rzayev deyib. 

Analitik bildirib ki, Amerikanın müttəfiqi Türkiyənin “Patriot” raket müdafiə sistemi tələbinə müsbət cavab verməməsi rəsmi Ankaranı fərqli alternatiflərə yönəltdi: 

“Türkiyə Rusiyanın təklifini dəyərləndirdi və “S-400” hava hücumundan müdafiə sistemlərini alma qərarı verdi. Belə ki, NATO üzvü olan Türkiyənin “S-400” raketlərini almasına isti baxmayan ABŞ rəhbərliyi raketlərə alternativ olaraq “Patriot” sistemlərinin Türkiyəyə satılmasını təklif etmişdi.

Ankara hökuməti “Patriot” raket müdafiə sistemini almağa razılıq versə də, Amerika “Patriot”ların texniki xüsusiyyətlərini Türkiyə ilə paylaşmağı rədd etdi. Həmçinin, sistemin yüksək xərc tələb etməsi səbəbi ilə Ankaranın “Patriot”lara marağı azaldı. Lakin Rusiya qiymət, çatdırılma, ortaq istehsal və texnologiya transferi nöqtəsində Türkiyənin gözləntilərini qarşıladı.

Bu səbəbdən Ankara “S-400” raketlərinin alınması qərarını qəbul etdi. Texniki nöqteyi-nəzərdən, 600 km-dən uzaqlıqdakı təhlükələri aşkar edə bilən “S-400”lər 60 kilometrlik ballistik və 400 kilometr aerodinamik hədəfləri vura bilir.
Lakin ABŞ-ın “Patriot” raketləri yalnız minimum 60 metr yüksəklikdəki hədəfləri vurmağa malikdir”

Politoloq müxalifətin “S-400”lə bağlı AKP hökumətinə xəbərdarlıq etməsinə də münasibət bildirib:

“Müxalifətin narazılığına gəldikdə isə düşünmürəm ki, Türkiyənin “S-400-ləri alması gələcəkdə Rusiyadan asıllıq yaradacaq. Türkiyə gələcəkdə Amerikadan asılı olmamaq üçün “Patriot”ların texniki parametrlərini tələb edirdi. Vaşinqton da elə buna görə vermirdi. Lakin Rusiya tərəfi təkcə “S-400”ləri deyil, birbaşa texniki məlumatları da Türkiyə ilə paylaşdı. Hətta prezident Rəcəb Tayyib Ərdoğan gələcəkdə “S-500”lərin hazırlanmasında rus-türk ortaq çalışmalarının ola biləcəyini vurğuladı. Bu baxımdan “S-400”lər Türkiyənin Rusiyadan asıllığına səbəb olmayacaq”. 

T.Rzayevin sözlərinə görə, İncirlik bazası Türkiyə və ABŞ arasında qırmızı xətdir və həssas mövzudur:

“Hərbi baza ABŞ üçün olduqca önəmlidir və regiondakı ən əsas lojistik və hərbi məntəqəsidir. Bundan əlavə İcirlikdə cox sayda nüvə başlığı var və ABŞ bu başlıqların Türkiyəyə keçməsi riskini gözə ala bilməz. Əgər rəsmi Ankara İncirlikdəki nüvə başlıqlarının texniki xüsusiyətlərinə sahib olsa, gələcəkdə potensial nüvə ölkəsinə çevrilə bilər. Nəzərinizə çatdirim ki, ötən il Türkiyə məhz İncirlik bazasına yaxın olan Adanada Rusiya ilə ortaq Atom Elektrik Stansiyası tikmək razilaşması əldə edib. Bütün bu səbəblərdən ABŞ İncirlik bazası mövzusunda olduqca həssas davranır.
Ancaq Türkiyə Vaşinqtonun bu həssaslığından məharətlə istifadə edir”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu