“Yeni media, sosial şəbəkələr həqiqi mətbuat üçün problemlər yaradırlar” 

“28 ildir müstəqil olan Azərbaycan kimi kiçik bir dövlət üçün mətbuatın 144 illiyini qeyd etmək çox ciddi məqamdır”.

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli deyib.
Y.Məmmədli bildirib ki, Azərbaycan xalqı, ziyalılarımız həm Şərq, həm də müsəlman dünyasında bir çox ilklərə imza atıblar: 
“Milli mətbuatımız da ötən dövr ərzində xeyli inkişaf yolu keçib. Mətbuat nümayəndələri 144 il ərzində liderimiz Həsən bəy Zərdabinin yolunu davam etdirməyə çalışıblar.
 Əlbəttə, ötən müddət ərzində mətbuatın yolu da enişli-yoxuşlu olub, müstəqilliyimizi itirmişik və s.
 Məsələ ondadır ki, müstəqilliyimizi əldə etdikdən sonra da mətbuat həyatımız çox rahat keçməyib. 
Müəyyən çətinliklərimiz, problemlərimiz olub. Adətən ildönümləri qeyd olunarkən müsbət məqamlardan söhbət açırlar. Bizim də nailiyyətlərimiz olub.
 Ən azından özümüzə məxsus mətbuatımız var. İnformasiya müharibəsi sahəsində xeyli işlər görmüşük. Amma mediamızın iqtisadi müstəqilliyinin daha çox olması, informasiya əldə etməyin asanlaşması üçün hər birimiz daim mübarizə aparmalıyıq”. 
Analitik bildirib ki, medianın inkişafı üçün yorulmadan, usanmadan çalışmalıyıq: 
“Çünki yolumuz çox uzundur. 144 il əvvəl əsası qoyulan milli mətbuatımızı ayaqda saxlamaq və daha da inkişaf etdirmək üçün əlimizdən gələni əsirgəməməliyik. 
Yalnız o halda mətbuatın durumu ilə bağlı arzulanan səviyyəyə gəlib çata bilərik. 
Təbii ki, problemlərimiz qalmaqdadır, xüsusən yeni media, onlayn mətbuat, sosial şəbəkələr həqiqi mətbuat üçün problemlər yaradırlar. 
 Lakin bütün bunları dəf etmək üçün Həsən bəy Zərdabinin qoyduğu cizgidə yolumuzu davam etdirməliyik”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu