Amandı, sürücü !

Elçin Bayramlı: “Aşkar görünür ki, onlardan rüşvət alıb texniki baxışdan keçiriblər. Bu maşınlar da yollarda təhlükə yaradır, tez-tez qəzalara səbəb olurlar. Minik maşının yük maşını kimi yüklənməsi də təhlükəlidir”



Yay mövsümündə tıxaclarda sıradan çıxan avtomobillərin sayı artır. Bu isə onsuz da gediş-gəliş çətin olan yollarda hərəkəti daha da məhdudlaşdırır. Bəzən isə avtomobillər nasazlıq səbəbindən yollarda yanaraq sıradan çıxır. Belə hallar isə daha çox ili köhnə olan keçmiş sovet istehsalı olan avtomobillərlə bağlı yaşanır.
Əslində istimar müddətini bitirən həmin avtomobillər bir çox hallarda sürücülər və piyadalar üçün də problem yaradır. Həmçinin, bu avtomobillərdən havaya buraxılan zərərli qazların miqdarı normadan artıq olduğu üçün ekologiyaya ciddi ziyan vurur.
Bir müddət əvvəl həmin avtomobillərin istismardan çıxarılması ilə bağlı söz-söhbət olsa da, bu məsələ reallaşmadı. Maraqlıdır, istismar müddətini başa vuran həmin avtomobilərin istismarının dayandırılması mümkündürmü?
Biz də suallarımıza cavab tapmaq üçün öz “Facebook” səhifəsində mütəmadi olaraq son akkordlarını yaşayan, tamamilə yararsız hala düşmüş avtomobillərin fotosunu paylaşan “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı ilə əlaqə saxladıq. O “Sherg.az”a bildirdi ki, belə mənzərələrə əksər ölkələrdə rast gəlmək olur. Lakin bizdə vəziyyət daha dəhşətlidir. 
Mərkəz rəhbəri qeyd edib ki, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edilmir:
“Yol polisi tində-bucaqda gizlənib xırda qayda pozuntusu tutmağa çalışmaqdansa, gözlərinin qabağında gəzən belə maşınlarla bağlı tədbir görməlidirlər.
Qaydaları kobud pozan və normaldan dəfələrlə artıq yüklənib yolları dağıdan, şəhərin mərkəzində gələn iri yük maşınları ilə məşğul olmalıdırlar.
Avtobusları dəli kimi sürən, bütün qaydaları kobud pozan avtobuslara qarşı tədbir görməlidirlər. Avtomobil idxalı məsələsinə də anormal və məntiqsiz qadağa qoyulub. Məsələn, 2006-ci ildən avtomobillərinin gətirilməsi qadağan olunub.
Halbuki, avtomobilin texniki vəziyyəti buraxılış ilinə görə deyil,onun necə istismar olunması və texniki xidmət göstərilməsi ilə bağlıdır. Elə maşın var ki, 2005-ci ilindir, təptəzə qalıb, çox az istifadə olunub, bütün müasir tələblərə uyğundur, texniki və təhlükəsizlik normalarına artıqlaması ilə cavab verir. Amma bu maşın ölkəyə buraxılmır. Elə maşın da var ki 2016-ci ilindir, amma çox qəzaya düşüb, sunamidə suyun altında qalıb və ya texniki təchizatı və təhlükəsizliyi aşağı səviyyədədir. Lakin bu maşın ölkəyə buraxılır. Bu nə anormal yanaşmadı, bunun əsaslandırması nədir?
Tam rüsvayçılıqdır. Nəticədə ölkədə avtomobillərin qiyməti artır və insanlar bərbad vəziyyətdə olan maşınları istismar etməyə davam edirlər.
Yəni, avtomobilin buraxılış ili texniki vəziyyəti əsasdır və bütün dünyada bu prinsiplə götürülür. 100 ilin avtomobilini də sürmək olar - əgər texniki vəziyyəti normaldısa. Bərbad vəziyyətdə olan maşınların içində 5-10 ilin təzə maşınları da var, 40-50 ilin köhnə maşınları da”. 
E.Bayramlı vurğulayıb ki, bu sahədə növbəti problem bərbad maşınların texniki baxışdan necə keçməsidir:
“Aşkar görünür ki, onlardan rüşvət alıb texniki baxışdan keçiriblər. Bu maşınlar da yollarda təhlükə yaradır, tez-tez qəzalara səbəb olurlar.
Minik maşının yük maşını kimi yüklənməsi də təhlükəlidir. Bu adamlar başqa iş tapa bilmədiklərinə görə, həmin maşınlarla yük daşıyır və ailələrini dolandırırlar. Ekologiyaya gəldikdə, burada artıq məsələ qəlizdir.
Ölkədə dizellə işləyən avtobuslar, digər maşınlar çoxdur, atmosferi ən çox onlar çirkləndirir.
Gömrükdə 2006-ci ildən əvvələ aid əla vəziyyətdə olan maşınlara qarşı anormal qanunlar qoymaqdan və avtomobil idxalına astronomik rüsumlar tətbiq etməkdənsə, elektrik və qazla işləyən maşınların idxalına güzəştlər tətbiq etməlidirlər. Lakin bu heç kimin marağında deyil.
Kimlərsə indiki vəziyyətdən milyonlarla qazanc əldə edir deyə, bu vəziyyətin qalması onlara sərfəlidir.
Bu adamlar hətta parlamentə belə təsir göstərib, müvafiq qanunları qəbul etdirmək gücündədirlər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu