Dayanacaqlardakı əksər terminal işləmir - Sürücü ilə sərnişinlər üz-üzə... 

Elməddin Muradlı: “Neçə ildir ki, “MilliÖn” aparatları sistemdədir, amma xidmət səviyyəsi normal deyil. Son 2-3 ildə isə problemlər artmaqdadır”


“MilliÖn” aparatları ilə bağlı narazılıqların ardı-arası kəsilmir. Vətəndaşlar insanların sıx məskunlaşdığı yerlərdə aparat sayının az olmasından şikayətlənirlər. Həmçinin ödəniş terminallarının işləmədiyini iddia edənlər də çoxdur. 
Dəfələrlə məsələ gündəmə gətirilib mətbuatda işıqladırılsa da, problem həll olunmur. Xırdalanda “Abşeron” Gənclər Şəhərciyində də eyni durum yaşanır. Sakinlər insan kontingentinin çox olduğu yerdə yalnız bir aparatın olduğundan, onun da normal işləmədiyindən gileylənirlər. Çünki az qala 15 min sakinin məskunlaşdığı şəhərcikdə isanlar şəhərə gəlmək üçün kart sisteminə keçmiş 199 saylı avtobusdan istifadə edirlər. Lakin əksər vaxt ödəniş terminalı işləmədiyindən onlar çox böyük çətinliklərlə qarşılaşırlar. Bəzən isə bu hal sürücü ilə sərnişinləri  üz-üzə qoyur. Sürücü “kartsız olmaz” deyir, sərnişin isə əlində pul və kart avtobusa minib sürücüdən terminal tələb edir. 
Bəs, problemin həlli hansı qurumun öhdəliyinə düşür?
Baş verənlərlə bağlı “Sherg.az”a danışan “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “MilliÖn” aparatları ilə bağlı dayanacaqlarda müəyyən problemlərin yaşandığını təsdiqlədi:
“Müəyyən terminallar var ki, işləmir. Burada əsas məsələ aparatı təşkil edən şirkətin qarşısına qoyulan tələblər, müqavilənin hansı formada bağlanmasıdır. Həmin şirkət quraşdırma və xidmət öhdəliyini götürüblərsə, bu məsuliyyət onların üzərindədir. Yox əgər yalnız aparatı quraşdırmalıdırlarsa, artıq bu iş BNA-nın üzərinə düşür. Bu xidmətin qoşulması üçün müəyyən miqdarda vəsait ayrılıb. Necə olur ki, şirkət yerli mütəxəssislər yetişdirməyib və təmir funksiyası yerinə yetirilmir? Ona görə də bu problemlər yaşanır. Aidiyyəti qurumlar məsələ ilə bağlı məsuliyyəti üzərinə götürüb açıqlama verməlidir. Cəmiyyətə izahat verilməlidir ki, aparatı təşkil edən şirkətlə iş necə qurulub. Məsələn, həmin şirkət işçiləri aparatı qurub və çıxıb gediblər. Amma dövlət qurumlarımız bu şirkətlə necə danışıq aparıb ki, belə neqativ hallar yaşanır? 
Başa düşürəm, hər dayanacağa aparat qoymaq düzgün deyil. Amma digər aparatlar normal şəkildə işləmirsə, bu artıq biabırçılıqdır. Neçə ildir ki, “MilliÖn” aparatları sistemdədir, amma xidmət səviyyəsi normal deyil.
Son 2-3 ildə isə problemlər artmaqdadır. Bəzən olur ki, vətəndaşlar siqaret kötüyünü, kibrit çöpünü və başqa dövlətlərin qəpiklərini teriminala atırlar və xarab edirlər. Lakin vətəndaşlar da avadanlıqların qeydinə qalsalar yaxşı olar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu