Mütəxəssislər bu jurnalistləri “topa tutdu”: “Qurumların səfərlərinə getməsinlər !”

Yadigar Məmmədli: “Dövlət qurumlarının təşkil etdiyi ekskursiyalar ictimailəşir. Bu zaman jurnalistlərə qarşı bir etinasılıq yaranır. İstəməzdim ki, onlara qarşı belə etinasızlıq olsun”

Qulu Məhərrəmli:“Jurnalistlər təmənnalı və məqsədli yardımlardan imtina etməlidir. O müstəqildirsə, cəmiyyətdə həqiqəti demək missiyası varsa, belə gəzintilərdən çəkinməlidir”

Bəzi dövlət qurumları jurnalistlər üçün müəyyən səfərlər, səyahətlər təşkil edirlər. Xüsusilə, yay aylarında jurnalistlərlə əməkdaşlıq edən əksər qurumlar müxtəlif ekskursiyalar hazırlayaraq jurnalistlərin əylənməsinə şərait yaradırlar. Amma bu durum heç də bütün jurnalistlər tərəfindən birmənalı qarşılanmır. Belə gəzintiləri müsbət qəbul edən qələm adamları ilə yanaşı buna etiraz edənlər də az deyil. 
Narazılığa səbəb isə jurnalistlərin necə deyərlər,“dil gödəkliyi”dir. Yəni, hansısa qurumun təşkil etdiyi gəzintiyə qatıldıqdan sonra həmin dövlət orqanının neqativlərindən yazmaq jurnalist üçün bir qədər çətin olur. Məhz buna görə də bəzi jurnalist və ya ekspertlər bu gəzintilərin təşkilini doğru hesab etmir. 
Məsələ ilə bağlı “Sherg.az”a danışan Demokratik Jurnalistlər Liqasının sədri, tanınmış jurnalist Yadigar Məmmədli belə gəzintilərin yeni təşkil edilmədiyini dedi:
“1990-cı illərin sonu 2000-ci illərin əvvəlindən bu missiyanı “Azercell” həyata keçirirdi. “Azercell”lə əməkdaşlıq edən KİV nümayəndələrini 1 həfətlik Türkiyəyə gəzməyə aparırdılar. O zamanlar belə gəzintilər normal qəbul olunurdu. Son illərdə isə  bu cür təşkilatçılıqlar çoxalıb. Dövlət qurumları, iş adamları jurnalistlər üçün müəyyən gəzintilər, səyahətlər təşkil edirlər. Burada pis nəsə yoxdur.
Çünki jurnalistlərin də gəzmək və dincəlmək haqqı var. Onlara belə bir şərait yaradırlarsa, niyə də olmasın? Bəlkə onlardan tələb edilmir ki, istirahəti təşkil edən qurum haqqında tənqidi yazı yazmasın.
Amma jurnalistdə də bir əxlaq var. Jurnalist fikirləşir ki, bu qədər xərc çəkildi, tənqidi yazılar yazmayaq və gözardında vuraq. Yəni, bu zaman jurnalistin içində daxili senzura olur. Jurnalistlər fikiriləşirlər ki, gedib çörək kəsdik və bunu necə edək. Bu baxımdan düşünürəm ki, bu cür səyahətlərin olması yaxşı deyil.
Müəyyən maneçilik yaradırsa, jurnalistlər bu səfər və səyahətlərə getməsinlər. Sovet dönəmində də belə idi, jurnalistlər çox ehtiyatla hərəkət edirdilər. Özünə və adına hörmət edən jurnalist və KİV qurumu belə məsələlərə diqqətlə yanaşırlar ki, niyə mən kimdən və nədənsə asılı vəziyyətə düşüm? Asılılıq yaranmasa belə bəzi jurnalistlər bu gəzintilərdən imtina edirdilər”.
Y.Məmmədlinin fikrincə KİV qurumlarının özləri jurnalistlər üçün gəzintilər təşkil etməlidir:
“Beləliklə KİV-in öz kollektivi ya həftə sonu, ya da başqa zaman kollektiv olaraq istirahət etsə, daha yaxşıdır. Bu gəzintilər həmin kollektivin öz hesabına olmalıdır. Bunun üçün çox maliyyə də tələb olunmur. Bu həmin kollektivdə ünsiyyəti gücləndirir, doğmalığı, bir-birinə etibarlılığı artırır. Ona görə də belə gəzintilərə daha çox üstünlük verirəm.
Məncə, bu daha düzgündür və söz söhbətə səbəb olan amil deyil. Bu daha çox şəxsi məsələdir. Lakin dövlət qurumlarının təşkil etdiyi ekskursiyalar ictimailəşir. Bu zaman jurnalistlərə qarşı bir etinasılıq yaranır. İstəməzdim ki, onlara qarşı belə etinasızlıq olsun”. Tanınmış telejurnalist, professor Qulu Məhərrəmlinin fikrincə, bu cür gəzintilər media etikasına uyğun deyil:
“Azərbaycan jrunalistlərinin davranışı ilə bağlı qurultayda xüsusi kodeks qəbul olunub. Əlbəttə, belə gəzintilərə narazı olanların tərəfdarıyam. Əgər hansısa qurum və dövlət təşkilatı gəzintilər təşkil edir və hədiyyələr verirsə, təbii ki, həmin qurumu tənqid etmək çətinləşir.
Məsələn, İspaniyada jurnalist üçün təyyarəyə bilet almışdılar və bu çox böyük qalmaqala səbəb olmuşdu. Deyilirdi ki, jurnalist bunu qəbul etməməlidir. Mediaturu müəyyən mənada başa düşmək olar.
Əslində bunun özündə də bir piar istək var. Belə gəzintilərdə iştirak edəndən sonra mahiyyəti anlayırsan ki, burada gizlin bir məqsəd olur”.
Q.Məhərrəmli qeyd edib ki, dünya standartlarında qəbul olunmuş etik davranış qaydaları mediamızda yoxdur:
“Ümumiyyətlə, son günlərdə media ilə bağlı danışırıq və tənqidlər edirik. Təəssüf ki, artıq media işçiləri özlərini xüsusi kateqoriya kimi təqdim edilər. Bu, tamamilə yanlışdır. Jurnalistin evinin olması normaldır. Amma nəyə görə ibtidai sinif müəlliminin, tibb bacısının da evi olmasın?
Jurnalistlər təmənnalı və məqsədli yardımlardan imtina etməlidir. O müstəqildirsə, cəmiyyətdə həqiqəti demək missiyası varsa, belə gəzintilərdən çəkinməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu