“Bu taktiki səhv Paşinyan hakimiyyətinin sonunu gətirə bilər” 

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan jurnalistlərə açıqlamasında “Ermənistanın əsas problemi Qarabağ ətrafında hadisələrin inkişafıdır” deyib. O, Ermənistanın, qondarma rejimin və diasporun təhlükəsizliyinin bir-biriylə əlaqəli olduğunu bildirib: 

“Biz təhlükəsizliklə bağlı baxışımızı genişləndirməyə ehtiyac görürük. Əminik ki, gücümüz ideyalarımızdan, liderlərimizdən və ölkəmizin reputasiyasından gəlir”. 
Qriqoryanın həyacanlı açıqlamalarını “Sherg.az”a dəyərləndirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynovun sözlərinə görə, Nikol Paşinyan və onun komanda üzvləri bir həqiqəti yaxşı anlayırlar: 
“Qarabağ məsələsində istənilən bir taktiki səhv Paşinyan hakimiyyətinin sonunu gətirə bilər. 
Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan jurnalistlərə açıqlamasında haqlı olaraq qeyd edib ki, Ermənistanın əsas problemi Qarabağ ətrafında hadisələrin inkişafıdır. 
Paşinyan başa düşür ki, Qarabağ məsələsinin "status-kvo" vəziyyətində, dondurulmuş halda saxlanılması Ermənistanın özünün təhlükəsizliyi üçün birbaşa təhdiddiir. 
Məhz bu amili nəzərə alan Qriqoryan bildirir ki, “biz təhlükəsizliklə bağlı baxışımızı genişləndirməyə ehtiyac görürük”. Erməni strateqləri nəhayət bir həqiqəti anlamalıdırlar ki, Ermənistanın geniş anlamda təhlükəsizliyi məhz Qarabağda işğalçılıq siyasətinə son qoymaqdan və Azərbaycanla real sülh əldə etməkdən keçir”. 
Ə.Hüseynvun fikrincə, Azərbaycanla sülh anlaşmasına nail olmaq Ermənistanın təhlükəsizliyinin qarantına çevriləcək: 
“Əks təqdirdə Paşinyan və onun komandası erməni ictimaiyyətinə heç bir təhlükəsizlik zəmanəti verə bilməz. İndiki məqamda sıravi erməniləri Ermənistanın təhlükəsizliyinin etibarlılığına, möhkəmliyinə inandırmaq imkansızdır”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu