“...Ukrayna-Rusiya münasibətləri gərgin olaraq qalacaq”

“Ukrayna seçiciləri Qərbyönümlü siyasi kursa səs verdilər. Yaxın gələcəkdə Ukrayna-Rusiya münasibətləri gərgin olaraq qalacaq”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib. 

Analitik bildirib ki, Ukraynanın Qərbyönümlü siyasəti Rusiyanın maraqlarına ziddir, Rusiya bunu qəbul edə bilmir: 

“Rusiya postsovet ölkələrini öz təsir dairəsinə daxil olan məkan hesab edir. Burada hər hansı birtərəfli Qərbyönümlü siyasətə qarşı müxtəlif sferalarda sərt addımlar atmaqdan çəkinmir. Yaxın gələcəkdə böyük ehtimalla Ukrayna-Rusiya münasibətlərində ziddiyyətlərin daha da dərinləşəcəyini görəcəyik. Qərb isə öz növbəsində bu vəziyyətdən yararlanmağa çalışacaq”.

Analitikin sözlərinə görə, Ukrayna Qərbyönümlü siyasətini davam etdirəcək: 

“Seçkidə qalib gələnlər Avropaya inteqrasiyanın kontekstini tam başa düşür. Lakin Kiyev Moskva amilini də nəzərə almaya bilməz. Ukrayna və Rusiya birgə hava və səma sənayeləri, maşınqayırma, gəmiqayırma, metallurgiya sənayesi, qlobal bazarda üçüncülüyə nəzarət etmək və s. sahələrdə əməkdaşlıq edirlər. Ancaq Kreml Ukraynanın NATO üzvlüyü ilə bağlı mövqeyini qəbul etmir. Moskva Polşa məsələsində olduğu kimi Ukraynanın hərbi alyans üzvlüyünə müxalifliyindən əl çəkməlidir. Ukraynanın istiqaməti NATO-ya doğru davam edəcək”. 

A.Rəşidoğlu bildirib ki, başlıca məsələ Ukrayna vətəndaşları ilə alyansın üstünlükləri barədə müzakirələr aparmaqdır:

“Ukrayna Rusiyaya bir neçə səbəbdən lazımdır. Kremlin əlində təzyiq vasitələri var. Bunlardan biri təbii qazın nəqli məsələsidir. Lakin son seçki göstərdi ki, Ukrayna xalqı qəti seçimini edib. Bu seçim Moskvanı daha da qıcıqlandıra bilər”.

Qeyd edək ki, Ukraynanın Mərkəzi Seçki Komissiyası protokolların 100 faizinin sayıldığını açıqlayıb. Nəticələrə əsasən, prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyası 43 faiz səs toplayıb. İkinci pillədə 13 faiz səslə Yuri Boykonun “Həyat Uğrunda Müxalif” Platforması, üçüncü sırada isə 8 faizlə Yuliya Timoşenkonun Batkivşinası yer alıb. Eks-prezident Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası isə Timoşenkodan daha az səs yığıb. Yəni növbədənkənar seçkilərdə Ukrayna vətəndaşları prezidentin namizədlərini dəstəkləyiblər. Seçicilər Xalqın Xidmətçisi Partiyasına səs verməklə dövlət başçısının aparacağı siyasi kursu müdafiə etdiklərini ortaya qoyublar.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu