16 ölkədən nümayəndələr gəlib: Gədəbəyin bu qədər qonağı olmamışdı


Festivala minlərlə yerli və xarici turist qatılıb

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 28-dək davam edəcək festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilir.
Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılıb.
Festivalın açılış mərasimində çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev iştirakçıları salamlayaraq, Milli Yaylaq Festivalının təşkilində əsas məqsədinin Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olduğunu diqqətə çatdırıb.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki çıxışında festivalın təşkilatçıları arasında olmalarından məmnunluğunu ifadə edib, tədbirə qatılan xarici ölkə nümayəndələrinin milli adət-ənənələrlə yaxından tanış olacağını vurğulayıb. Festivalın iştirakçılarda zəngin təəssürat doğuracağına əminliyini bildirən T.Tiryaki qeyd edib ki, ilk Milli Yaylaq Festivalına minlərlə iştirakçının, o cümlədən yerli və xarici turistin qatılması bu festivalın davamlı olacağından və öz məqsədinə çatacağından xəbər verir.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov çıxış edərək, Milli Yaylaq Festivalının bölgədə turizmin inkişaf etdirilməsi, eləcə də qədim ənənələrin qorunub saxlanmasında oynayacağı roldan danışıblar.
Festival iştirakçılarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycanın son illərdə xeyli inkişaf etdiyini bildirib. Birinci Milli Yaylaq Festivalında iştirakından məmnun olduğunu vurğulayan Bilal Ərdoğan deyib: “Belə bir festivalın təşkili Azərbaycanda milli idman növlərinin inkişafına çox güclü dəstəyin olduğunu göstərir. Azərbaycanda xüsusilə uşaqlar, gənclər öz milli idman növlərini öyrənməli, onları yaşatmalıdırlar”.



Bilal Ərdoğan qeyd edib ki, mədəniyyətimizi itirsək müstəqilliyimizi itirərik: “Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər öz mədəniyyətimizə sahib çıxmasaq, o zaman bizi məğlub etmək istəyənlər arzularına çatarlar. Dünya Etnoidman Konfederasiyası olaraq, bu mesajı sadəcə türk dünyasında deyil, dünyanın hər bir yerində veririk. Hər bir xalq, millət öz milli idman növlərini yaşatmaq haqqına sahibdir. Bütün ənənəvi milli idman növləri dünyanın zənginliyidir. İnşallah konfederasiyamız həm Azərbaycanda milli idman növlərinin inkişafına dəstək göstərər, həm də Azərbaycan ictimaiyyətinin bu məsələyə marağını çəkməsinə vəsilə olar. Biz Dünya Etnoidman Konfederasiyası olaraq, Azərbaycan milli idman növləri sahəsində çalışan bütün qurumlarla çox yaxından əməkdaşlıq etmək istəyirik. Bugünkü gün bu baxımdan xoş bir başlanğıc olsun”.
Açılış mərasimindən sonra tədbir iştirakçıları Milli Yaylaq Festivalında adət-ənənələrlə tanış olub, milli idman növlərinə tamaşa ediblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu