II və III qrup üzrə keçid balları aşağı düşəcək

400 baldan yüksək nəticə göstərənlər əvvəlki ilə nisbətdə kəskin azalıb


 Bu il qəbul imtahanlarında II-III ixtisas qrupları üzrə yüksək bal toplayan abituriyentlərin sayı ötən illə müqayisədə dəfələrlə azdır.
Sputnik Azərbaycan-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov qəbul imtahanlarının nəticələrini paylaşıb və bu göstəriciləri ötən illə müqayisə edib. Məlum olub ki, bu il yüksək bal toplayan abituriyentlərin sayı dəfələrlə azdır.
Ekspertin müqayisəsinə görə, II ixtisas qrupu üzrə 690-700 arası bal toplayan abituriyent cəmi 1 nəfər olub: "Halbuki 2018-ci ildə bu rəqəm 16 nəfər təşkil edirdi. 680-689 arası bal toplayan abituriyentlər isə 6 nəfər olub ki, bu da ötən illə müqayisədə 7 dəfə azdır. Ötən il həmin balı 42 nəfər toplamışdı. 670-679 arası bal toplayan abituriyentlərin sayı bu il 15 nəfər, keçən tədris ilində isə 82 nəfər təşkil edib. Müvafiq olaraq, 660-669 arası bal toplayan abituriyentlər 2019-cu ildə 35 nəfər, 2018-ci ildə isə 129 nəfər olub. Nəhayət, II ixtisas qrupu üzrə 650-659 arası bal toplayan abituriyentlər 69 nəfərdir, ötən il isə 182 nəfər idi. Yuxarıdakı müqayisədən açıq-aşkar şəkildə görünür ki, 400 baldan yüksək nəticə göstərənlər əvvəlki illərdən kəskin şəkildə fərqlənir. Bu da bizə II və III qrup üzrə keçid balları aşağı düşəcək deməyə imkan yaradır.

Bu il III ixtisas qrupu üzrə 690-700 arası bal toplayan abituriyentlər cəmi 2 nəfər olub. Halbuki keçən il bu rəqəm 39 nəfər təşkil edirdi. 680-689 arası bal toplayan abituriyentlər 2019-cu ildə 9 nəfər, 2018-ci ildə isə 86 nəfər təşkil edib. 670 - 679 arası bal toplayan abituriyentlər cari tədris ilində 28 nəfər, ötən il isə 149 nəfər olub. 660-669 arası ballıq nəticəni 52 nəfər göstərib ki, bu da ötən il üçün kifayət qədər az rəqəmdir. Çünki 2018-ci ildə eyni nəticəni 227 nəfər göstərib. 650-659 arası bal toplayan abituriyentlər 93 nəfər olub, keçən il isə 300 nəfər idi.

Əsədov ümumi göstəricilərə əsasən qeyd edib ki, 400 baldan yüksək nəticə göstərənlər əvvəlki ilə nisbətdə kəskin azalıb.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu