Fazil Mustafa ölümlə təhdid olunur: "Aidiyyəti qurumlar araşdırmalıdır" - MÜSAHİBƏ

"Bu təhqir mafiyasını, saxta profil arxasında gizlənənləri tapmaq, şəxsiyyətini müəyyənləşdirmək elə də çətin deyil"


Əksəriyyəti sevindirən qərar verildi – Azərbaycan qardaş ölkə Türkiyənin vətəndaşlarına viza rejimi tətbiqini aradan qaldırdı. Artıq sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları ölkəmizə vizasız gəlib-gedə, bir ay müddətində Azərbaycanda qala bilərlər. Rəsmi Bakının bu qərarı bir çox ictimaiyyət nümayəndələri tərəfindən müsbət qarşılansa da, müəyyən açıq suallar qalır. Suallar da əsasən Türkiyədən gələ biləcək problemli şəxslərlə bağlıdır. Bəziləri iddia edir ki, Türkiyə çoxmillətli ölkədir. Ona görə də Türkiyə vətəndaşlığı adı altında PKK terror təşkilatının mənsubları, İŞİD terrorçuları olan suriyalılar, hətta ermənilər də ölkəmizə ayaq aça bilərlər
Bununla yanaşı İran vətəndaşlarına tətbiq olunan vizanın da aradan qaldırılması gündəmə gəlib. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə söhbətimizdə suallara cavab tapmağa çalışdıq. Bununla yanaşı deputat sosial şəbəkələrdə şəxsinə qarşı yönəlik təhqirlər və təhdidlərlə bağlı da mövqeyini bildirdi. 
Türkiyə vətəndaşlarına viza tətbiqinin aradan qaldırılmasını təqdir edən F.Mustafa ölkəyə gələ biləcək arzuolunmaz şəxslərin müəyyənləşdirilməsinin problemli olmadığı qənaətindədir...
- Müvafiq qurumlar bu məsələləri nəzarətdə saxlayacaqlar. Belə halda nə problem olmalıdır ki?! Əslində məsələlərə bu formada yanaşmamalıyıq. Əndişə duyacağıqsa, o zaman gərək bu məsələlərdə heç bir addım atılmasın. Ölkənin yoxlama qurumları var ki, bunu diqqətdə saxlayacaqlar. Vizasız gəlib-getmək hansısa terrorçunun, Azərbaycana əl-qolunu sallayaraq gəlib-getməsi anlamı vermir. Ölkənin sərhədi var, Sərhəd Qoşunları var, gömrük orqanları var. Şübhələndikləri hansısa məqamda araşdırma aparacaqlar. Gələnlərdən kimlər problemlidir, araşdırıb ortaya çıxaracaqlar, müvafiq addım da atılacaq. Yenə deyirəm, burada narahatlıq doğuracaq hal yoxdur. 
- Türkiyə vətəndaşlarının gəlişinə viza rejimi aradan qaldırıldıqdan sonra, İran vətəndaşlarına qarşı da belə addım atılması gündəmə gəlib...
- Bunda da problem yoxdur. Mümkündür. İranla bağlı da analoji addım atmaq olar. 
- Həmişə belə fikir irəli sürülürdü ki, Türkiyə vətəndaşlarına viza tətbiqi aradan qaldırılsa, gərək İran vətəndaşlarına da tətbiq edilməsin. Qeyri-rəsmi iddialara görə, Azərbaycan tərəfi İrana qarşı bu addımın atılmasında maraqlı deyil...
- Hər halda bu məsələnin də həlli yolları var. Hesab edirəm ki, bunu da yoluna qoymaq olar. Dediyim kimi, ölkənin hüquq-mühafizə orqanları var, müvafiq dövlət strukturları var ki, xoş olmayan halların qarşısını alacaqlar, almalıdırlar. 
- Başqa bir narahatedici məqamla bağlı da fikriniz maraqlıdır. Yutub video sosial şəbəkəsində “Azərbaycan hizbullahları” adı altında mahnı videosu yerləşdirilib. Mahnının klipində Azərbaycan Ordusunun parad keçidindən istifadə edilib. Belə deyək ki, Silahlı Qüvvələrimiz, əsgərlərimiz “hizbullah əsgərləri” kimi təqdim edilir. Bu cür əməllərlə bağlı hansı addım atılmalıdır?
- Mən də görmüşəm o videonu, izləmişəm. Dəfələrlə bu və bu kimi başqa zərərli videolarla, təbliğatla bağlı narahatlığımı dilə gətirmişəm. Düşünürəm ki, bu cür təbliğatı qəsdən həyata keçirirlər. Bizim də informasiya təhlükəsizliyimizlə bağlı işlər görülmədiyinə görə, bu adamlar istənilən formada təbliğatlarını genişləndirirlər. Təsəvvür edin ki, Azərbaycanın Ordusunu “hizbullahçı” kimi qələmə verirlər. Bu çox təhlükəli tendensiyadır. Hesab edirəm ki, informasiya təhlükəsizliyi məsələsində kifayət qədər boşluqlar var. Bizim bir neçə qurum bu məsələlərdə öhdələrinə düşən funksiyanı layiqincə yerinə yetirmirlər. Ona görə də zərərli təbliğatlar, ölkənin suverenliyinə təhdid edəcək təbliğat aparanların əl-qolu uzanır. Belə zərərli hallarla Dövlət Təhlükəsizliyi Xidməti başda olmaqla, hüquq-mühafizə orqanlarının hamısı məşğul olmalıdırlar. Çox güman ki, yaxın zamanlarda tədbir görüləcək. Çünki bu qədər təhlükəni ölkəyə açıq şəkildə buraxmaq yanlışdır. 
- Son günlər sosial şəbəkələrdə, xüsusən də feysbukda sizə qarşı iyrənc kampaniya aparılır, təhqirlər səsləndirilir. Bəzi feyk profillər var ki, əndazəni aşaraq təhqir statusları yazırlar. Bunlara cavab vermisiniz. Amma o statusların şərhlərində sizi ölümlə də təhdid edənlər var. Açıq şəkildə “bu deputat öldürülməlidir”, “Fazil Mustafanın başını kəsmək lazımdır” kimi çağırışlar edilir. Bu təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmisizmi?
- Bunu hüquq-mühafizə orqanlarının özləri araşdırıb ortaya çıxarmalıdırlar. Bir ölkənin parlament üzvü ölümlə təhdid olunursa, aidiyyəti qurumlar araşdırmalıdır, bunların kim olduqlarını, nələrlə məşğul olduqlarını üzə çıxarmalıdırlar. Təəssüf ki, belə məsələlərlə bağlı yetərincə sağlam yanaşma yoxdur. Bu halda bizim müraciətimiz, tək hərəkət etməyimiz yetərincə effekt verməyəcək. Gərək hüquq-mühafizə orqanlarının özləri sosial şəbəkələrlə bağlı müəyyən addımlar atsınlar. Bu təhqir mafiyasını, saxta profil arxasında gizlənənləri tapmaq, şəxsiyyətini müəyyənləşdirmək elə də çətin deyil. Onların kimliyini müəyyənləşdirmək məncə problem deyil. Ciddi işləsələr saxta şəbəkə üzvlərini üzə çıxarmaq mümkündür. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu