“Xaricdəki diasporumuz öz işini bir qədər də gücləndirməlidir” – QAT sədri 

“Hər bir Azərbaycan vətəndaşı bütün mümkün variantlardan istifadə edərək ermənilərin ifşa olunması istiqamətində çalışmalı, düşmənlə daim mübarizə aparmalıdır”. 

Bunu “Sherg.az”a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. 

10 günlük Avropa səyahətindən qayıdan QAT sədri vurğulayıb ki, Qarabağ həqiqətlərini fasilə vermədən dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq: 

“Qarabağın tarixi-mədəni abidələri ilə yanaşı nüfuzlu tarixi şəxsiyyətlərini də tanıtdırmalıyıq, onların fəaliyyətini işıqlandırmalıyıq. 

Bu, olduqca vacib məsələdir. Mən Avopadan yenicə qayıtmışam. 10 gün ərzində Avopanın müxtəlif ölkələrində olmuşam. 

Xarici ölkələrdə fəaliyyət göstərən diasporumuz öz işini bir qədər də gücləndirməlidir. Düzdür, müəyyən işlər görürlər. 

Məsələn, Belçikanın Vaterlo şəhərində Azərbaycan mədəniyyətinin, o cümlədən Qarabağın böyük təmsilçisi Xurşidbanu Natəvana abidə qoyulub. Abidəni biz də ziyarət etdik. 

Maraqlı məqam odur k, Natəvanın abidəsinin yerləşdiyi ərazi turistlər üçün olan marşruta salınıb. Ora səfər edən xarici ölkə vətəndaşları Azərbaycan mədəniyyəti ilə qismən də olsa tanış olmaq imkanı əldə edirlər. 

Abidənin önündəki lövhədə də çox maraqlı təqdimat var. 

Yazılıb ki, “Qarabağın şahzadəsi, şairə Xurşidbanu Natəvan”. Bax, Qarabağla bağlı bütün tarixi şəxsiyyətlərimizi bu cür təbliğ etməliyik”. 

A.Nağı xüsusilə bəyan edib ki, görkəmli türkoloq-alim, fikir adamı Əhməd bəy Ağaoğlunun Qarabağ üçün, bütövlükdə Azərbaycan üçün çox böyük xidmətləri olub: 

“Ə.Ağaoğlu xalqımızın maariflənməsi, savadlanması ilə yanaşı, həm də insanların erməni soyqırımından, sui-qəsdlərdən mümkün qədər xilas olunması istiqamətində də çox əziyyətlər çəkib. 

Daim erməni təcavüzünə qarşı mübarizə aparıb. Ona görə də Ağaoğlu ilə bağlı layihələrin reallaşdırılması çox müsbət addımdır.

Bu istiqamətdə işlər genişləndirilməlidir. QAT olaraq istənilən qurumla əməkdaşlıq etməyə hazırıq”. 

Qeyd edək ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması həyatlarını erməni işğalçılarına qarşı mübarizəyə həsr edən Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri ilə bağlı yeni layhəyə start verib. İcma tarixi şəxslərin fəaliyyətlərinin təbliğini həyata keçirməyi qarşısına məqsəd qoyub. Bunun üçün xarici dillərdə qısa filmlər hazırlayaraq beynəlxalq auditoriyaya təqdim etməyi planlayır. Bu istiqamətdə ilk film ictimai-siyasi xadim, erməni daşnaklarına qarşı mübarizənin önündə dayanan Əhməd bəy Ağaoğluna həsr olunub. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu