MŞ sədri:“Həmin portallarda çalışanların heç ali təhsilləri yoxdur” – Yoxlanılacaq ?


Əflatun Amaşov: “Lakin jurnalistlər ali təhsil almalı və bu peşənin incəliklərinə yiyələnməlidirlər” 
“Onlar jurnalist peşəsinin prinsiplərinə yiyələnsələr, qanunvericiliyin tələblərini başa düşər və onlara əməl edərlər. Əlbəttə, bu məsələlər jurnalistikamızda bir problemdir”


Son zamanlar heç bir ali təhsili olmayan, lakin  jurnalist kimi çalışanların sayı durmadan artır. Mətbuatda hər hansı bir yazının, adi xəbərin belə müəllifi olmayan bir kəsin hansısa saytın baş redaktoru kimi fəaliyyət göstərməsinin şahidi oluruq.Əlbəttə, bu arzuolunmaz haldır.  Daha mübhəm məqam odur ki,  bu cür şəxslər çox asanlıqla maliyyə mənbələri də tapa bilirlər. Təəssüfləndirici məqamlardan biri də odur ki, sözügedən saytlarda nəinki ali, heç orta məktəbi normal qiymətlərlə bitirməyənlər müxbir kimi işə cəlb olunurlar. 
Şübhəsiz ki, medianın qızıl qaydalarını və ya prinsiplərini bilməyənlərin mətbuata ayaq açması hətta bəzi məqamlarda önə çəkilməsi Azərbaycan mediasının peşəkar fəaliyyətinə mane olur.
Maraqlıdır, mediamızdakı bu xoşagəlməz tendensiyanın qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Sherg.az”a açıqlamasında ölkəmizdə medianın azad olduğunu bildirib. 
MŞ sədri qeyd edib ki, hər bir insan özünün qəzet və jurnalını yarada bilər:
“Bunun üçün həmin şəxs Ədliyyə Nazirliyinə müraciət etməklə hansısa sayt formalaşdıra bilər. Azərbaycanda media azaddır. Məsələn, hansısa vətəndaş jurnalist olmaya bilər. Amma özü üçün xəbər portalı yaradıb ora müəyyən məlumatlar yerləşdirə bilər. Həmçinin belə portalları, saytları yaradanlara kimsə maliyyə yardımı da göstərir.
Ölkəmizdə kifayət qədər şəffaf qanunvericilik mövcuddur. Lakin bu sahədə narahatlıq doğuran bəzi məqamlar da var. Məsələn, kimsə sayt yaradıb ona rəhbərlik edir və bundan öz şəxsi maraqları üçün istifadə edir. Yaxud hansısa vətəndaşın şərəf və ləyaqətinə toxunulsa, kiminsə haqqında yanlış məlumatlar verilsə, yaxud dövlət çevrilişi ilə bağlı çağırışlar olsa, müəyyən problemlər yarana bilər. Bu zaman qanunvericilik səviyyəsində ölçü götürülür və günahkarlar öz cavabını alırlar”. 
Heç bir təhsili olmayanların jurnalist kimi çalışmasına gəlincə, Ə.Amaşov vurğulayıb ki, son zamanlar ölkəmizdə vətəndaş jurnalistikası deyilən anlayış mövcuddur:
“Artıq jurnalistikamızın sahəsi genişlənir. Siravi bir  insan telefonla hansısa hadisəni çəkib onu sosial şəbəkədə yaya və redaksiyalara göndərə bilər. Bu anlamda son dövrlər jurnalistikanın sahəsi genişlənib. Lakin jurnalistlər ali təhsil almalı və bu peşənin incəliklərinə yiyələnməlidirlər.
Onlar jurnalist peşəsinin prinsiplərinə yiyələnsələr, qanunvericiliyin tələblərini başa düşər və onlara əməl edərlər.
Əlbəttə, bu məsələlər jurnalistikamızda bir problemdir. Həmin xəbər portallarında çalışanların əksəriyyətinin nəinki jurnalisitika üzrə, heç ali təhsilləri yoxdur. Bu mənada onların yazdıqları keyfiyyət baxımından zəif olur, problemlərin qoyuluşuna  və aktual məsələlərin diqqətdə saxlanılmasına fikir verilmir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu