"Bu məqamlar Türkiyə üçün çox mühümdür"

Fuad İbrahimov: "Qərarın Türkiyə iqtisadiyyatı üçün də müsbət təsirləri olacaq"


Məlum olduğu kimi bu il sentyabrın 1-dən etibarən Azərbaycana 30 gün müddətə səfər etmək istəyən Türkiyə vətəndaşlarına viza rejimi tətbiq edilməyəcək. Çünki bir müddət əvvəl ölkə başçısı İlham Əliyevin müvafiq qərarı əsasında Türkiyə vətəndaşları üçün viza rejimi ləğv olunub. Ekspertlər Azərbaycanın qardaş ölkə ilə viza rejimini aradan qaldırmasının ölkəmiz üçün bir sıra üstünlüklər vəd etdiyini söyləyirlər.

Xüsusən, turizm üzrə mütəxəssislər bildirirlər ki, viza rejiminin ikitərəfli ləğvi hər iki ölkə arasında turistlərin sərbəst gəliş-gedişini təmin edəcək. Nəzərə alsaq ki, Azərbaycan vətəndaşlarının da Türkiyədə vizasız qalma müddəti 30 gündür, o zaman turistlər istər Azərbaycanda, istərsə də Türkiyədə rahatlıqla istirahət edə biləcəklər.

Onsuz da səyahət üçün başqa ölkələrə gedən turistlər ən çoxu iki həftə müddətində həmin ölkədə qalırlar. Bu baxımdan hesab edilir ki, viza rejiminin ləğvi yeni mərhələyə qədəm qoymuş iqtisadi əlaqələrin daha sürətlə inkişafına dəstək olacaq. Ümumiyyətlə, təcrübə göstərir ki, insanların maneəsiz hərəkəti ölkələr arasında kapitalın da sürətli hərəkətinə təkan verir. Bu isə öz növbəsində iqtisadiyyatın dinamik inkişafını təmin edir. 

Vurğulanan məqamı “Şərq”ə dəyərləndirən iqtisadçı Fuad İbrahimov deyib ki, qərar ilk növbədə Azərbaycanın xoşməramlı qonşuluq siyasətinin bariz nümunəsidir.

Digər tərəfdən isə bu addım iş adamlarının ölkəmizə daha sərbəst, məhdudiyyətsiz gəlib-getmələrinə və əlavə investisiya yatırımlarına yol açacaq:

“Viza rejiminin aradan qaldırılması işgüzar Türkiyə mühitinin Azərbaycanda daha sərbəst iştirakına münbit şərait yaradır. Qərarın Türkiyə iqtisadiyyatı üçün də müsbət təsirləri olacaq. Azərbaycan hər zaman istənilən qonşu ölkə üçün geostrateji vacib ölkələrdən biridir.

Əvvəla, Azərbaycan Rusiya kimi nəhəng bir ölkə ilə qonşudur. İkincisi də, Azərbaycanın Türkiyə ərazisindən dünya əhəmiyyətli layihələri - qaz xətti, neft kəməri, dəmiryolu keçir.
Bu məqamlar çox mühümdür”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu