"Azərbaycan başının çarəsinə özü baxmalıdır"

Əli Orucov: "Separatçılar daim qorxu və təhlükə altında olmalıdır"


Son 15 gündür cəbhə xəttində, Azərbaycan-Ermənistan sərhəddi boyunca ermənilərin mütəmadi təxribata əl atması, atəşkəsi davamlı şəkildə pozması müşahidə olunur. Hətta düşmən tərəf istifadəsi “qadağan” olunmuş snayperləri də işə salır. Hər zaman olduğu kimi beynəlxalq güclər, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədrləri susqunluq nümayiş etdirirlər. Bir sıra ekspertlərin fikrincə, erməni təxribatları İrəvan hökuməti ilə Qarabağdakı qondarma rejimin qarşıdurmasının nəticəsidir. 



Düşmənin artmaqda olan təxribatlarını şərh edən AMİP-in Siyasi Şurasının üzvü Əli Orucov “Şərq”ə bildirib ki, Ermənistan tərəfi təkcə səngərdə duran əsgərlərimizi deyil, mülki əhalini də daim atəş altında saxlayırlar.

Onun sözlərinə görə, düşmən nəzarət etdiyi ərazilərə od vurur, yaşıllıqları məhv edir, bir sözlə, əllərində olan bütün vasitələrdən yararlanırlar:

“Azərbaycan tərəfi ermənilərin təxribatlarına tutarlı cavablar verirlər. Lakin bu, kifayət deyil. Nə qədər ki, erməni hərbçisi torpaqlarımızdadır, bizə hüzur yoxdur. Erməni tərəfi uzun illərdir ATƏT-in vasitəçiliyi ilə aparılan sülh prosesindən sui-istifadə edərək ərazilərimizdə möhkəmlənir. Düşmən Qarabağda məskunlaşmaqda və infrastruktur yaratmaqda davam edir.

Hava limanı, avtomobil yolları və yeni-yeni yaşayış məskənləri salır. Bütün bunların hamısı beynəlxalq güclərin gözünün qarşısında, hüquq normalarını pozaraq həyata keçirilir”. 

Partiya funksioneri təxribatların məqsədli şəkildə hazırlandığını düşünür:

“Məqsəd diqqəti yayındırmaq, işğalçıların torpaqlarımızda qanunsuz məskunlaşmasına şərait yaratmaqdır. Düşmən tərəf qanunsuz əməllərini ört-basdır etmək, sülh prosesini pozmaq, beləliklə də mövcud status-kvonun saxlanılmasına nail olmaq üçün məhz bu cür təxribatlara əl atır. Dünya ictimaiyyətinə göstərmək istəyirlər ki, guya, Dağlıq Qarabağın separatçı rejimi “müstəqil”dir, İrəvandan asılı deyil, onun sözünə qulaq asmır və s.

Azərbaycan imkan verməməlidir ki, ermənilər işğal olunmuş ərazilərimizdə daşı-daş üstünə qoysunlar. Separatçılar daim qorxu və təhlükə altında olmalıdırlar ki, düşmən ancaq ordumuzdan gizlənmək barədə düşünsün. Təcavüzkara öz yerini bildirmək lazımdır. Azərbaycan başının çarəsinə özü baxmalıdır”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu